Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2022-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtını açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi fəsillərin Azərbaycana daxilolma vaxtlarını təqdim edir:
Yaz fəsli - yaz gecə-gündüz bərabərliyi - 20 mart saat 19:33-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.
Yay fəsli - yay günəş duruşu - 21 iyun saat 07:32-də daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san., gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san. olacaq.
Payız fəsli - payız gecə-gündüz bərabərliyi - 23 sentyabr saat 05:03-ə düşəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir və həmin andan şimal yarımkürəsində payız fəsli başlayır.
Qış fəsli - qış günəş duruşu - 22 dekabr saat 01:48-ə təsadüf edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.