Hər dəfə peşələrdən söhbət düşəndə və yaxud hansısa bir peşə sahibini tanıyanda böyük Nizaminin “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan” deyimini xatırlayıram. Peşələr həyatın, cəmiyyətin vacib bir elementidir. Gündəlik həyatımızda hər birimizin dərziyə, pinəçiyə, saatsaza, bərbərə, dəmirçiyə işimiz düşə bilər. Söz yox ki, əvvəllər peşələr daha çox olub. Dövr, zaman dəyişdikcə onların bir çoxuna tələbat azalıb və nəticədə unudulub. Hansısa bir ustanın gördüyü işi indi daha müasir texnoloji avadanlıqlar, fabrik və zavodlar görür. Lakin elə peşələr də var ki, dünənimizdə olduğu kimi, bu günümüz və sabahımız üçün də lazımlı olan peşədir və əl əməyinə ehtiyac duyur. Məsələn, bərbərlik kimi... Lakin, bununla belə, dəyişən zaman özü ilə yeni peşələr də gətirir, əmək bazarında peşə təhsilli kadrlara tələbat artır.
“Ömrümün sonuna qədər olmasa da, əlim qayçı-daraq tutanadək bu sənətdəyəm” - 30 yaşlı bərbər Yasir Bağırov deyir bu sözləri. O, 1991-ci ildə Kəngərli rayonunun Xok kəndində anadan olub. Xok kənd tam orta məktəbini 2009-cu ildə bitirib. Oxumaq, ali təhsil almaq istəyi olsa da, müəyyən səbəblərdən bu arzusuna çata bilməyib. 2010-cu ildə hərbi xidmətini bitirdikdən sonra çox düşünüb, götür-qoy edib və nəticədə nəsildən gələn bir işlə-bərbərliklə məşğul olmağa qərar verib. Yasir 2011-2012-ci illərdə Naxçıvan şəhər Regional Peşə Tədris Mərkəzində təhsil alıb, eyni zamanda bir il Moskva şəhərində çalışıb, həmçinin xaricdən gələn ustalardan masterklaslar alıb.
Çalışdığı salona daxil olanda o, daraq və qayçını ustalıqla əlində işlədərək saç kəsimi edir, həm də müştəri ilə səmimi söhbət edirdi. Onu işindən ayırmadan peşəsi ilə bağlı danışdım.
Öyrəndim ki, Yasir ustanın əmisi də vaxtilə bərbər olub. Ta uşaqlıqdan peşəni əmisi sevdirib ona. Bütün sənətlərdə olduğu kimi, bərbərlikdə də bir “usta-şagird” münasibəti var və həmsöbətim də birlikdən yaxşı dərs alıb. Belə-belə öyrənib peşəni. Belə ki, bu gün özünün də bu sənəti öyrətdiyi gənclər var.
Haşiyə çıxaraq deyim ki, bərbərlik qədim Roma imperiyasında yaranıb. Orta əsrlərdə qərbdə ilk bərbərlər və kişi salonları fəaliyyət göstərib. Yarandığı ilk dövrdən ta müasir dövrədək bu peşəyə hər zaman tələbat olub. İmicimizi formalaşdıran əsas amillərdən biri saçımızdır. Bir bərbər saçımızı yaxşı kəsirsə, hər dəfə aynaya baxanda özümüzü xoşbəxt hiss edirik.
Yasir usta da işini sağlam bir şəkildə görür. Diqqətcil, müştərisinə sadiq, yaxşı həmsöhbət, həm də yeri gələndə onların “psixoloq”udur. Səbir və zövqlə çalışır ki, hər insanın istədiyi saç kəsimini ona versin, işindən razı qalan müştərilər də növbəti dəfə yenə onun çalışdığı ünvana gəlir. Etdiyi saç kəsimləri isə zövqə görə dəyişir. Usta fərqli -fərqli sac stillərini onlara vermək üçün daim öz üzərində çalışır, “feyd”, “almanka”, “çeçenka” və s. saç formalarını üz quruluşuna görə kəsir.
“Peşəyə sevgi olmasa, gördüyün işdə heç bir uğur qazana bilməzsən. Sevdiyin işi gördükdə elə pul özü gəlib səni tapır. Bərbərlik həm də bir incəsənət növüdür. Tək əlin yox, başın işləməsi vacibdir bu peşədə. Yaxşı usta “artıq mən ustayam, hər şeyi bilirəm” deməməli, bildiklərinin üzərinə hər gün yenilərini əlavə etməlidir. Başı hər bərbərə etibar etmək olmaz”,- deyən usta öz saçını da salondakı həmkarlarına həvalə edir.
Onun peşəsi bərbərlikdir. İnsanları gözəlləşdirmək, maddiyyatdan əlavə, minnətdarlıq və təbəssüm almaq... Hər gün fərqli-fərqli insanların gəldiyi bu salonda gigiyena qaydalarına da əməl edilir. Bunun üçün salondakı bütün avadanlıqlar gündəlik olaraq xüsusi məhlullarla sterilizə olunur.
Salonun bir guşəsindəki rəfə kitablar yığılıb. Usta boş vaxtlarında mütaliə edir. Çünki bilir ki, bərbər həm də yaxşı psixoloq olmalıdır. Söz ehtiyatı olmasa, müştəri ilə söhbətində də hər hansı bir məsələyə münasibətini bildirə bilməz.
Bu gün muxtar respublikamızda yüzlərlə ali təhsilli gənclə yanaşı, müxtəlif sahələr üzrə peşə təhsili alan Yasir Bağırov kimi gənclər də var. Bir vaxtlar ancaq şəhərlərdə rastımıza çıxan qadın gözəllik və kişi salonları indi ən ucqar kəndlərimizdə də fəaliyyət göstərir. Əvvəllər bu peşə ilə ancaq kişilər məşğul olubsa, bu gün əksinə, qadın saçı kəsən kişi bərbərlər, eləcə də kişi saçı kəsən qadın bərbərlər var. Təbii ki, bu da zamanın tələbidir.
Yasir ustanı tanıdıqca uşaq vaxtı böyüklərdən eşitdiyim “Yaxşı usta günortaya qədər ac qalar” deyiminin mahiyyətini bir daha anladım. Biz insanlar işindən razı qaldığımız bir peşə sahibinə dəfələrlə müraciət edirik. Yasir Bağırov da belə ustalardandır. Ailəsinin bütün tələbatını bu işlə təmin edir
Peşə seçimi isə insan həyatında əhəmiyyətli qərardır. Əsas odur, bacara biləcəyin, sevdiyin peşəni seçəsən. Yasir usta da bərbərliklə sırf pul qazanmaq üçün yox, həm də bu işlə sevdiyi üçün məşğuldur və yaxşı bir bərbər kimi tanınır. Bu peşənin sahibi olduğuna görə ali təhsil ala bilməməyinə də peşman deyil. Çünki həyatın ayrılmaz bir peşəsi olan bərbərliyin özü də bir elmdir, sənətdir. Sənətkar olmaq da asan məsələ deyil. Sənət dünyasında hamıya yer var. Lakin o dünyanın daimi sakini olmağı hər insan bacarmaz. Bu səbəbdən gənc bərbər “ömrümün sonuna qədər olmasa da, əlim qayçı-daraq tutanadək bu sənətdə olacağam” deyir.
Bu tələbatı isə muxtar respublikamızda ən müasir maddi-texniki bazaya malik olan Peşə məktəbləri ödəyir. Belə məktəbləri müxtəlif peşələr üzrə bitirən müdavimlər mütəmadi olaraq keçirilən əmək yarmarkalarında peşələrinə uyğun işlə təmin olunurlar. Bu gün kişi salonlarında fəaliyyət göstərən ustaların da əksəriyyəti vaxtilə peşə məktəblərindən müdavim olublar.
Odur ki, ali təhsil ala bilməyən gənclər, siz də peşənizi seçib, ona kamil bir şəkildə yiyələnərək cəmiyyətə xidmət edə bilərsiniz. Peşə heç kəsi naümid qoymaz. Sən onu yarı yolda qoymasan, o da sənə hər zaman baş ucalığı gətirər.
Türkanə Əmoyeva
“NUHÇIXAN”