Muxtar respublikanın FHN-in xilasediciləri avstriyalı mütəxəssislərin iştirakı ilə təşkil olunmuş xüsusi təlimə cəlb olunub - FOTOLAR
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin qarşılıqlı əməkdaşlığı çərçivəsində Qusar rayonunda dağ alpinizmi və qar uçqunlarında axtarış-xilasetmə üzrə təlim keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlimə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal Regional Mərkəzi və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq şəxsi heyəti və xüsusi texnikası, təlim görən itlər cəlb edilib. Təlim nəzəri və praktiki hissədən ibarət olmaqla keçirilir.
Təlimdə avstriyalı mütəxəssislər tərəfindən şəxsi heyətə Nazirliyin yeni aldığı qar uçqunları zamanı istifadə olunan müasir axtarış-xilasetmə texnika və avadanlıqları, onların taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları, qar uçqunu altında qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi, müvafiq təhlükəsizlik qaydaları üzrə nəzəri məşğələlər keçirilib.
Təlim FHN-in xilasedicilərinin mürəkkəb relyefli və çətin iqlim şəraitində, eləcə də qar uçqunları zamanı yaranan vəziyyətin qiymətləndirilməsi, axtarış-xilasetmə, zərərçəkmişlərin təxliyəsi və onlara ilkin yardımın göstərilməsi üzrə bilik və bacarıqlarının artırılması, habelə müasir texnika və avadanlıqlardan istifadə üzrə peşəkar vərdişlərinin gücləndirilməsi, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə təşkil olunub.
Praktiki hissədə mütəxəssislərin təlimatları əsasında xilasedicilər axtarış-xilasetmə işlərinin təşkili, qar uçqunu altında qalmış zərərçəkmişlərin xilasetmə avadanlıqlarından istifadə etməklə axtarışı, xilas olunması, ilkin yardımın göstərilməsi üzrə praktiki tapşırıqlar yerinə yetirirlər.
Qeyd edək ki, bu tədbir iki nazirlik arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilən sayca beşinci təlimdir. Təlimdən sonra FHN-in xilasedicilərinə Avstriya Daxili İşlər Nazirliyinin müvafiq sertifikatları təqdim olunacaq.