Müzəffər Nəsirli
Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat
1920-1970-ci illər
(Davamı)
...Müharibə dövründə öz şerlərində faşizmi tənqid edənlərdən biri də 1930-cu ildən ədəbi fəaliyyətə başlayan Hüseyn Əzim idi. O, Böyük Vətən müharibəsi illərində “Yadigar”, “Terek sahilində” , “Vətən”, “Gözü yolda qalan yar” kimi dolğun, təsirli şeirlərlə mətbuatda çıxış edib, oxucuların rəğbətini qazanmışdı.
Hüseyn Əzim müharibə dövründə bir vətənpərvər şair kimi “Şərq qapısı” və “Ədəbiyyat qəzetində” çap etdirdiyi Vətən şerində doğma Vətənə müraciətlə yazmışdı:
Eşqindir çatdıran məni murada
Sevgilim, könlümü vermərəm yada
Min canım olsa da, mənim dünyada,
Demişəm yolunda qurbandır, Vətən!
Məlum olduğu üzrə, Böyük Vətən müharibəsi dövründə alman faşist işğalçıları müvəqqəti işğal etdikləri rayonlarda, o cümlədən Qafqazda müdhiş cinayətlər törədirdilər.
Hüseyn Əzim faşistlərin törətdikləri qanlı cinayətləri, oğlunu, ailəsini itirmiş bir qocanın gəlininin faciəli taleyini “Terek sahilində” şerində təsvir etmişdir. Qocanın gözləri işığa həsrət, gəlinin gözləri isə yolda qalmışdı, lakin onlar ümidlərini itirməyib, xalqımızın qələbə çalacağına inanırdılar.
Şair yazırdı:
Kaş oğlumun cəbhədən gələydi, şad xəbəri
Hicran yıxıb kül eylədi bu nazənin dilbəri
Mənim gözüm, onun könlü həsrət qalıb işığa.
Yetər oğlum sual vermə, daha dərdli aşığa.
Açılmayır ürəyimiz, şadlıq bizə kədərdir.
Dərmanımız, təbibimiz qələbədir, zəfəridir !
Müharibə dövründə öz publisistik qələmi ilə ədəbi yaradıcılıq sahəsində Nağı Nağıyevin xidməti diqqətəlayiqdir. O, müharibə illərində ciddi ədəbi yaradıcılıqla məşğul olub “Polad” adlı pyes yazmışdı.
Pyesdə Sovet ordusunun qəhrəman və mübariz döyüşçülərinin Sovet vətənin azadlıq və istiqlaliyyəti uğrunda misilsiz hünəri və Azərbaycan xalqının igid oğlu Poladın cəbhədəki qəhrəmanlığı öz əksini tapmışdı.
Nağı Nağıyevin vətənpərvərlik ruhunda yazılmış bu pyes 1945-ci ildə Naxçıvan Dövlət Dram Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.
Bu müharibəyə kimi və müharibə dövründə Naxçıvanda yaşayıb yaradan şairlərdən biri də Əkbər Məftun idi. O, hələ tələbə ikən ədəbi yaradıcılığa başlayaraq bir sıra şeirlərlə mətbuatda çıxış etmişdir. Onun uşaqlar üçün yazdığı “Kiçik heykəltaraş” adlı kitabı Bakıda “Uşaq və gənclər” nəşriyyatı tərəfindən çap olunmuşdu.
Əkbər Məftun müharibə dövründə öz yaradıcılığını davam etdirərək Azərbaycan oğullarını qəhrəmanlığa çağıran şeirlər yazmışdır. Bunlardan Sovet Ittifaqı Qəhrəmani Nəcəfqulu Rəfiyevə həsr etdiyi “Sən könül mülkünün iftixarısan”, “Xilaskar ordu”, “Ey Vətən” kimi lirik şerlərini göstərmək olar.
Əkbər Məftun, həmin şerlərində özünün Vətənə... sədaqətini, Sovet Ordusunun alman faşist işğalçılarına qarşı apardığı mübarizəni “ Partizan hekayəsi” adlı şerində belə ifadə etmişdir:
Ümman oldu elin kini,
Sipər etdi, sinəsini
Hər atılan minomyota,
O zirehli güllələrə
Köks gərdi oğul, ata !
(“ Şərq Qapısı” qəzeti. №-4137. 20 Mart 1946-cı il)
Bundan başqa o, Ordubad şəhərində pedaqoji işdə çalışdığı zamanlarda böyük Azərbaycan şair və mütəfəkkiri İmaddədin Nəsiminin faciəli ölümünə həsr edilmiş 3 pərdədən ibarət “Nəsimi” pyesini yazmışdı. 1958-ci ildə onun “Şerlər” kitabı “Azərnəşr” tərəfindən nəşr edilmişdi.
Böyük Vətən müharibəsi dövründə məsul partiya işində çalışan jurnalist, yazıçı Məmmədəli Tarverdiyev Vətən müharibəsində iştirak etmiş qəhrəman həmyerlilərimiz və əmək adamları haqqında bir sıra oçerklər yazmışdır.
Bundan başqa o, müharibə dövründə sovet adamlarının qəhrəmanlığını, arxa cəbhə ilə atəş xətt arasındakı sarsılmaz əlaqəni əks etdirən “Zaman” pyesini yazmışdı ki, həmin pyes təfriqə şəklində “ Şərq Qapısı” qəzetində çap olunmuş, oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Yazıçı Zaman sürəti ilə yalnız cəbhədə deyil, cəbhədən qayıtdıqdan sonra arxa cəbhədə də öz şərəfli borcunu yerinə yetirən kolxozda fədakarlıqla işləyən sovet adamlarının ümumiləşmiş surətini yaratmışdır.
Böyük Vətən müharibəsi dövründə sovet xalqının yüksək vətənpərvərlik hissi gənclərimizdə yazıb-yaratmaq həvəsı oyatdı, ədəbiyyata öz yeni hissləri, poetik nəfəsi olan yeni-yeni gənclər də gəldilər ki, İslam Səfərli, Davud Ordubadlı, Hüseyn İbrahimov və Əbülfəz Abbasquliyev kimiləri də ədəbi yaradıcılığa başladılar.
(Ardı var)