Naxçıvanın müalicə-turizm resurslarından istifadə edilir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin digər regoinlarından olan daha 20 sağlamlıq imkanları məhdud şəxsin muxtar respublikaya səfəri təşkil olunub.
Qonaqlar Naxçıvan Diaqnostika Müalicə Mərkəzində, “Darıdağ” arsenli su müalicəxanasında və “Duzdağ” Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər.
Səfər müddətində qonaqların muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Naxçıvan şəhərində yerləşən və şərq memarlığının incisi Xan sarayı, Möminə xatın türbəsi və Açıq səma altında muzeyə və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey komplekslərinə ekskursiyaları təşkil olunub. “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini ziyarət onlarda xüsusi maraq oyadıb.
Gəzinti muxtar respublikaya səfər edən sağlamlıq imkanları məhdud şəxslərdə xoş təəssürat yaradıb, göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ölkəmizin digər bölgələrindən müvafiq kateqoriyadan olan şəxslərin muxtar respublikaya səfərlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Xosrov İbrahimov