AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutuna 8 foto-tələ təqdim edilib - FOTOLAR
Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov AMEA Naxçıvan Bölməsinin qonağı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yığıncaqda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev dünyada biomüxtəlifliyin deqradasiyası probleminin artdığını və bu məsələyə dünya dövlətlərinin diqqətli yanaşmalı olduğunu diqqətə çatdırıb.
İsmayıl Hacıyev bildirib ki, qış mövsümündə kontinental iqlim şəraitinin mövcud olduğu muxtar respublika ərazisində havanın kəskin soyuması, ərazilərin qalın qar örtüyü ilə örtülməsi təbii olaraq bu ərazilərdə yaşayan heyvanat aləminə də öz təsirini göstərir. Bunun qarşısını almaq məqsədilə hər il profilaktik işlər aparılır, yabanı faunanın qida tələbatını ödəmək məqsədilə biotexniki tədbirlər görülür, ərazilərə tərəvəz qalıqları, qaba yem və daş duz dağıdılır.
Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan Nümayəndəliyinin direktoru Elşad Əsgərov slaydlar vasitəsi ilə muxtar respublikanın zəngin faunası barədə məlumat verib. Bildirib ki, Naxçıvan dünyada həm də unikal təbiəti ilə tanınır. Son vaxtlar aparılan tədqiqatların nəticəsi də bunu bir daha təsdiq edir. Fondun dəstəyi ilə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu tərəfindən muxtar respublika ərazisində müasir metodlarla tədqiqatlar aparılır, heyvanat aləmi öyrənilir.
Ötən dövrdə görülən işlər, əldə olunan uğurlar, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan planlar barədə məlumat verən Elşad Əsgərov çöl ekspedisiyaları zamanı istifadə olunan foto-tələlər və GPS xaltaların səmərəsindən də bəhs edib. Bildirib ki, bu müasir avadanlıqların heyvanların miqrasiya trayektoriyasının müəyyənləşdirilməsində böyük rolu var. Aparılan monitorinqlər sayəsində Naxçıvan ərazisində bir sıra heyvan növlərinin sayında artım müşahidə olunub. O cümlədən dağ keçisi və muflonların təbii artımı burada yaşayan bəbirlərdə də nəsil artımının müşahidə olunmasına gətirib çıxarıb.
Qeyd edilib ki, bu günədək Bioresurlar İnstitutuna 100-ə yaxın foto-tələ kamerası təqdim edilib. Bu kameralar vasitəsilə Naxçıvanda son illər 9 bala bəbirin dünyaya gəlməsi, böyüməsi və ətrafa yayılması müşahidə edilib.
Elşad Əsgərov Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədova daha uzunmüddətli və aydın qeydə alma keyfiyyətinə malik yeni 8 foto-tələ təqdim edib.
Görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Mahmud Hüseynov