Ordubad rayonunun Vələver kəndinin rabitə infrastrukturu yenilənir - FOTOLAR
Muxtar respublikada informasiya-kommunikasiya sisteminin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hazırda Ordubad rayonunun Vələver kəndində aparılan abadlıq-quruculuq işləri çərçivəsində yeni inşa olunan qurumlara yeni rabitə xətləri çəkilir, internet xidmətləri ilə təmin olunması məqsədilə müvafiq təmir işləri görülür. Yeni inşa olunan kənd mərkəzində fəaliyyət göstərəcək Rabitə Evində quraşdırılan 256 nömrə tutumlu yeni nəsil Avtomat Telefon Stansiyası istifadəçilərə telefon rabitəsi ilə yanaşı, ən müasir multimedia xidmətləri, yüksəksürətli internet, həmçinin çoxlu sayda servis xidmətləri təqdim edir.
Bundan başqa, 211 stasionar telefon, 128 isə genişzolaqlı internet istifadəçisinin olduğu kənddə əhaliyə göstərilən rabitə xidmətlərinin dayanıqlığının təmin edilməsi məqsədilə xətt təsərrüfatında da təmir işləri aparılır. Bu məqsədlə rabitə dirəkləri yenilənir, yeni paylayıcı şkaflar quraşdırılır, istismara yararsız rabitə xətləri yeni xətlərlə əvəz edilir, yeni abonent qutuları əlavə edilməklə rabitə xətlərində olan digər nasazlıqlar aşkar edilərək bərpa edilir, həmçinin rabitə xətlərinin elektrik xətləri ilə təhlükəli kəsişmələri qaçılmaz olan yerlərdə kabel-kanalizasiya qurğularının inşa edilməsi ilə rabitə xətlərinin yer altına keçirilməsi işləri həyata keçirilir.