İkinci Qarabağ müharibəsi qəhrəmanlarından olan Camaldın kənd sakini Şamil Babayev 1988-ci ilin yanvarın 26-da anadan olub O, 1994-2005-ci illərdə həmin kəndin tam orta məktəbində təhsil alıb. Məktəb illərində çox intizamlı, ciddi, ədəbli, böyük-kiçik yeri bilən şagird kimi yoldaşlarından fərqlənən qəhrəmanımızın məktəbdə ən çox sevdiyi fənlərdən biri də “Gənclərin çağırışaqədərki hazırlığı” fənni olub.
O, hərb sahəsini çox sevirdi. Bu sahəyə əsas maraq bir tərəfdən özündə hərbçiyə xas olan intizamın, ciddiliyin, döyüşkənliyin olması idisə, digər tərəfdən də dayısı Ələkbər Qurbanovun yolunu davam etdirmək istəyi idi.
Haşiyə: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvan Hərbi Hissəsinin ilk komandiri vəzifəsini daşımış, Ələkbər Qurbanovun bu sahənin inkişaf etdirilməsində xüsusi xidmətləri olubdur.
2008-ci ildə həqiqi hərbi xidməti şərəflə başa vuran Şamil ordudan tərxis olunduqdan az bir müddət sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Lənkəran şəhərində yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi qulluqçu kimi Vətənə xidmətə başlayır. Bir il xidmət etdikdən sonra Şamildəki səmimiyyəti, hərbi işə olan sonsuz məhəbbətini görən komandanlıq ona Daxili Qoşunların Hərbi Məktəbində təhsilini artırmağı məsləhət görür. Sevincinin həddi-hüdudu olmayan Şamilə iki illik hərbi təhsilini başa vurduqdan sonra leytenant rütbəsi verilir və Xüsusi Təyinatlı Dəstənin “Atəş Təminatı Qrupu”nun rəhbəri vəzifəsi ona həvalə olunur. Peşəsini ürəkdən sevən Şamil işlədiyi müddət ərzində 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Ordusunun 100 illiyi (1918- 2018)” yubiley medalı ilə də təltif olunur. 2017-ci ildə baş leytenant hərbi rütbəsi alan igidimiz iki dəfə qardaş Türkiyə Respublikasına ezam olunur və hərbi bacarıqlarını daha da təkmilləşdirir. Şəxsi müsbət xarakteri sayəsində daim uğur qazanan Şamil Babayevin əldə etdiyi nailiyyətlərdən biri də 2020-ci ildə ona kapitan rütbəsinin verilməsi olur.
Kapitan rütbəsi aldıqdan az bir müddət sonra, 2020-ci ilin sentyabr ayının 27-də erməni faşistlərinin ölkəmiz üzərinə növbəti təxribat hücumu başlayır. Ali Baş Komandanın ordumuza əks-hücum əmri verməsini rəğbətlə qarşılayan hərbçilərimizdən biri də Şamil Babayev olur. O da düşmən üzərinə hücum edən qoşunlarımızın tərkibində erməni cəlladları ilə ölüm-dirim mübarizəsinə qalxır. Ermənistan ordusunun törətdiyi vəhşiliklər, qanlı hadisələr haqqında geniş məlumata malik olan Şamil əsl hərbçi, vətənpərvər zabit olaraq öz yolunu müəyyənləşdirir: o, yorulmadan düşmənə qarşı mübarizə aparmalı, Azərbaycanın üçrəngli bayrağını işğal altında olan torpaqlarımızda dalğalandırmalı idi! Bu arzu və amallar, düşmənə nifrət, Vətən, torpaq sevgisi Vətən müharibəsində kapitan Şamil Babayevi müharibənin ilk günündən erməni cəlladlarına qarşı daha əzmlə vuruşmağa sövq edir. Şamilin bir hərbçi kimi, döyüşkən, mübariz ruhu döyüş meydanında özünü daha çox göstərir. Ordumuzun qələbə qazanması üçün tabeliyində olan döyüşçülərinə örnək olur. Uğur qazanan, qələbədən ruhlanan döyüşçülərimiz ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında dünya hərb tarixində heç zaman görünməmiş qətiyyət, qəhrəmanlıq, rəşadət göstərir, tankın, topun, pulemyotun, minamyotun işləmədiyi ərazilərdə əlbəyaxa döyüşürlər. Döyüşlərin getdiyi çətin relyefli, qayalıqlara malik olan yerlərdə kapitan Şamil Babayev yaralanır. Lakin Şuşa şəhəri uğrunda gedən döyüşlərdə yenə öndə olur. Yaralı olmasına baxmayaraq, yaralı əsgər yoldaşlarını çiyninə alır, onları döyüş meydanından uzaqlaşdırmağa çalışır. Şamil xeyli sayda əsgəri təhlükəli zonadan uzaqlaşdırdıqdan sonra yenidən döyüş meydanına yollanır və son nəfəsinədək döyüşür.
Səhər açılır... 2020-ci ilin 8 noyabr səhəri! Bu o səhər olur ki, Şamil kimi mətin, dönməz, iradəli, igid əsgər və zabitlərimiz tərəfindən Şuşa şəhəri düşməndən azad edilir, qala şəhər uzun ayrılıqdan sonra öz əzəli və əbədi sahibinə qovuşur. Şəhidlərimizin qisasını alan, XXI əsrin ən böyük hərbi qələbəsinə imzalarını atan, ölümün gözünə mərdliklə baxan, ölməzlik tarixi yazan kapitan Şamil Babayev həyatını vətən yolunda qurban verməkdən çəkinmədi. Şamil kimi qəhrəmanlarımız xalqımızın, dövlətimizin adını yüksəklərə qaldırdı.
Və ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bütün igid hərbçilərimiz kimi kapitan Şamil Babayev də ölümündən sonra “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətənə xidmətə görə” medalları və “Zəfər” ordeni ilə təltif edildi.
Ölkəmizdə, eləcə də muxtar respublikamızda Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə canını fəda edən şəhidlərimizin ailələri daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Həmin ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, sosial qayğılarının həll olmasına, onlara tibbi-psixoloji dəstəyin göstərilməsinə dövlət səviyyəsində nəzarət edilir. Bu ilin noyabrın 5-də – Zəfər Günü ərəfəsində mənzillə təmin olunan 8 şəhid ailəsindən biri də şəhid kapitan Şamil Babayevin ailəsidir.
İsmayıl Ağayev
“Arazın səsi” qəzeti