Elçin Məmmədov: DSX-yə məxsus helikopter pilotların eniş zamanı küləyin sürətini və istiqamətini nəzərə almadıqları səbəbindən qəzaya uğrayıb
Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması, 2 nəfərin isə yaralanması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı davam etdirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov DSX-yə məxsus helikopterin noyabrın 30-da təlim uçuşları zamanı qəzaya uğraması ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair dekabrın 20-də keçirilən brifinqdə deyib.
Helikopterin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumat verən E.Məmmədov bildirib ki, iş üzrə böyük sübuta malik olduğundan uçuş parametrlərinin avtomatik qeydiyyat sistemi - qara qutu Azərbaycanın və Çexiyanın Baş prokurorluqlarının əməkdaşlarının iştirakı ilə Praqada istehsalçı şirkətin nümayəndələri tərəfindən açılıb, bütün parametrlər üzrə məlumatlar, idarəetmə ilə bağlı qeydə alınan səs yazıları Azərbaycana təqdim edilib.
Qeydə alınmış məlumatlar, Müdafiə Nazirliyinin, DSX-nin, “Azərbaycan Hava Yolları” QSC-nin peşəkar mütəxəssisləri tərəfindən verilmiş rəy və toplanmış sübut əsasında müəyyən edilib ki, pilotların eniş zamanı küləyin sürətini və hərəkət istiqamətini nəzərə almayaraq, verdikləri səhvlər nəticəsində qəzaya uğrayıb. Helikopterin zərbə ilə yerə dəyməsi nəticəsində onun sol qapısı yerindən çıxıb və zərbənin təsirindən dörd nəfər bayıra atılıb. Həmin şəxslərdən ikisi aldığı xəsarətlərdən həlak olub. Digərləri isə müxtəlif dərəcəli xəsarətlər alıb.