Naxçıvanın dağlıq kəndlərinə qar yağıb - VİDEO
Ötən gecədən başlayaraq qış fəsli yurdumuza qədəm qoydu. İlin bu ən uzun gecəsi Naxçıvanda Çillə mərasimi ilə qeyd edilir. Bu il Böyük Çillə yurdumuza qarın müşayiəti ilə daxil oldu.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dünən axşam saatlarından başlayaraq muxtar respublikanın dağlıq bölgələrinə qar yağmağa başlayıb. Şahbuz şəhərinə 3 santimetrədək, rayonun Biçənək kəndinə 4, Kükü kəndinə isə 6 santimetr qar yağıntısı müşahidə olunub. Qarın qalınlığı Culfa rayonunun Ərəfsə kəndində 8 santimetr olub. Qar yağıntısı daha çox Ordubadın yaşayış məntəqələrində müşahidə olunub. Belə ki, rayonun Nürgüt və Bist kəndlərinə 13 santimetr qar yağıb. Ən çox qar isə Parağaçay qəsəbəsində müşahidə olunub. Bu kənddə qarın qalınlığı 16 santimetrə çatıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya İdarəsindən verilən məlumata görə, muxtar respublika ərazisində qar yağıntısı ayın 23-dək davam edəcək.
Sosial şəbəkələrdə yurdumuzun ağ örpəyə bürünən görüntüsünü əks etdirən yüzlərlə foto və video paylaşılıb.