İlin mineral suyu - "Badamlı" - FOTOLAR

A- A A+

Bakı şəhərindən gəlmiş jurnalist qonaqlarımızı muxtar respublikanın gəzməli-görməli yerləri, turizm məkanları və istehsal müəssisələri, iqtisadi potensialı ilə tanış etmək qərarına gələndə üz tutacağımız ilk məkanlardan birinin mütləq şəkildə "Badamlı" Mineral Sular zavodu olacağına əvvəlcədən qərar vermişdik. Muxtar respublikada yeyinti sənayəsi sahəsində bu qədər nəhəng bir müəssisənin fəaliyyət göstərməsi və onun məhsullarının sərhədlərimizdən xeyli kənarda - hətta okeanın o tayında da məşhur olması diqqətimi çəkən əsas məqamlardan biri idi.

Bu istehsal müəssisəsi ilə tanışlıq, burdan aldığım informasiyalar, hələ ötən əsrin ortalarında "Badamlı" haqqında "Şərq qapısı" qəzetində dərc olunmuş bir məqalə gördüklərimi, eşitdiklərimi, öyrəndiklərimi qələmə almağı mənim üçün zəruri bir hala çevirdi.

Naxçıvan dünən

Badamlı mədən suları zavodunun işində dönüş yaradılmalıdır

Badamlı mədən suları zavodu Naxçıvan MSSR-nin iri sənayə müəssisələrindən biridir. Zavod 1949-cu ildən istifadəyə verilmiş və onun normal işləməsi üçün dövlət tərəfindən kifayət qədər dövriyyə vəsaiti buraxılmışdır. Təkcə əsaslı kapital qoyuluşu işlərinə 6 milyon manat pul xərclənmişdir. 1955-ci ildə zavodda əsas iş sahələri mexanikləşdirildikdən sonra ildə 10 milyon butulka mədən suyu istehsal etmək üçün imkan yaradılmışdır. Hazırda zavodda qoyulmuş “İnvesta” markalı maşının gücündən tam istifadə edilərsə, iki növbə ilə bir ildə 0,5 litr hesabı ilə 27,8 milyon butulka su istehsal etmək olar.

1956-cı ildə mexanikləşdirmə işlərinin əsasən başa çatdırılması nəzərə alınaraq “İnvesta” dəzgahının tam gücünün 34,5 faiz hesabı ilə 9,6 milyon butulka su istehsal etmək üçün dövlət planı müəyyən edilmiş, sonra SSRİ hökumətinin sərəncamına uyğun olaraq  əlavə 400 min butulka mədən suyu istehsal etməkdən ötrü tapşırıq verilmişdir. Həmin il dövlət planını yerinə yetirmək üçün zavodun sərəncamına bir milyon manatlıq dövriyyə vəsaiti buraxılmışdır. Bu qədər böyük imkan və şəraitin olmasına baxmayaraq, zavodun direktorluğu  keçən ilin və 1957-ci ilin birinci kvartalı üzrə dövlət planlarının yerinə yetirilməsini təmin edə bilməmişdir.

Zavod üzrə ümumi məhsul istehsalı planı 1956-cı ildə 89,2 faiz, 1957-ci ilin birinci kvartalında isə 73 faiz yerinə yetirilmişdir. Burada əmək məhsuldarlığı 6,6 faiz aşağı düşmüş və buraxılan məhsulun maya dəyəri 8,3 faiz artıq olmuşdur. Təkcə maya dəyərinin artırılması hesabına 1956-cı ildə dövlətə 532 min manat ziyan vurulmuşdur.

Sənədləşdirilməmiş boş dayanmalar nəzərə alınmazsa, il ərzində 300 maşın-saat və ya 26700 fəhlə-saat boş dayanma olmuşdur. Zavodun direktorluğu təsərrüfatsızlıq və cinayətkarlıq edərək təbii sınma normasından əlavə 1 milyon manatlıq butulka taranın artıq xərclənməsinə, 800 min manatlıq mədən suyunun brak edilməsinə və 200 min manatlıq əmək haqqı, ezamiyyə xərci, nəqliyyat, habelə başqa işlər üzrə cərimə və digər xərclərin artıqdan ödənilməsinə yol verməklə təkcə 1956-cı ildə dövlətə 2 milyon manatlıq ziyan vurmuşdur.

Zavodun sabiq rəhbərliyi 1956-cı ilin iyun ayında dövriyyədən qayıtmış 590 min ədəd butulkanı kənarda yuyulmadan istehsalata buraxmışlar ki, bunun da nəticəsində həmin ayda 546 min butulka mədən suyu brak olmuşdur. 1955-ci ildən qalmış olan 247,3 min butulka mədən suyu da daxil olmaqla cəmi 793,3 min butulka suyun brak edilməsinə sənədlər tərtib edilmiş və bu hesabla müəssisəyə 609,2 min manatlıq ziyan vurulmuşdur.

Zavodun direktoru özbaşınalıq edərək keçən il ərzində 94, 1957-ci ilin birinci rübündə isə 32 nəfər fəhlə və qulluqçunu müxtəlif bəhanələrlə işdən kənarlaşdırmışdır. Zavod direktorunun ünvanına yazılmış 400-dən artıq şikayət ərizəsinin çoxuna cavab verilməmiş, verilmiş cavablar isə kifayətləndirici olmamışdır.

Badamlı mədən suları zavodunun işini yaxşılaşdırmaq üçün lazımi tədbirlər görülmüş və zavodun rəhbərliyi yeniləşdirilmişdir. Bu il zavodun bütün imkanları nəzərə alınaraq istehsalat planı artırılmış və Naxçıvan MSSR Yerli Sənaye Nazirliyi sistemində olan Sirab mədən suyu sexi də bir milyon butulka su istehsalı planı ilə zavodun sərəncamına verilmişdir.

Zavoun yeni direktoru əlaqədar təşkilatlarla birlikdə Badamlı mədən suları zavodunun işinə nəzarəti artırmalı və belə nöqsanların təkrar olunmasına yol verməməlidir.

“Şərq qapısı” qəzeti,

19 iyul 1957-ci il. № 85 (5787)

 

və bu gün

Mineral bulaqların təbii muzeyi

Tarixi qaynaqlardan məlumdur ki, insanlar həmişə dirilik suyu, şəfa suyu olan bulaqlardan bəhrələnmiş, onların müalicə qüdrətinə “Tanrı ocağı” deyə inanmışlar; onlara qotur suyu, yel suyu, dəri suyu, mədə suyu, şor su və s. adlar vermişlər. Şərqin qədim yaşayış məskənlərindən olan Naxçıvanın füsunkar təbiəti mineral sularla çox zəngindir. 250-dən artıq mineral su mənbəyinin qeydə alındığı bu diyarı təsadüfi olaraq təbii və mineral sular muzeyi adlandırmırlar. Onlar kimyəvi tərkibinə görə müxtəlif tipli olub təsərrüfatda, içməli su təchizatında, müalicə məqsədilə və sənayedə istifadə edilir.

Naxçıvan mineral suları ta qədim zamanlardan insanların diqqətini cəlb edib. Ərazidəki mineral su bulaqlarının və onların formalaşdığı mühitin geologiyası və tektonikasının öyrənilməsinə hələ 1843-cü ildən başlanılsa da, bu sahədə planlı kəşfiyyat işləri XX yüzillikdə aparılıb. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, Naxçıvanda mineral suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü mövcuddur. Bu suların 98 faizi karbon qazlı olub, hidrokarbonatlı sulara aid edilib. Muxtar respublikanın mineral su bulaqları arasında məşhur "Badamlı" mineral sular qrupu xüsusi yer tutur.

Azərbaycanın ilk və ən məşhur su brendi

Şahbuz rayonu ərazisindəki çay vadiləri boyu 40 kvadrat kilometr sahədə 50-dək mineral su mənbəyi kəşf olunub. Bunlardan biri də adı dillər əzbəri olan, şəninə mahnılar yazılan "Badamlı" mineral su bulağıdır. Şahbuz dağlarında, dəniz səviyyəsindən 1274 metr hündürlükdə çağlayan bu sular XIX əsrin sonlarında baş verən zəlzələ nəticəsində ortaya çıxıb və olduqca şəffaf, iysiz və rəngsizdir. Kimyəvi tərkibinə görə karbon qazlı, hidrokarbonatlı-xlorlu-natriumlu-kalsiumlu sular qrupuna aiddir. 5 saylı quyudan çıxan suyun tərkibi isə Rusiyanın məşhur “Arşan” bulağının suyuna yaxın olub, “Narzan” tipli sular qrupuna aid edilir.

Badamlı mineral suyunun kəşfi və dünyada tanıdılması geologiya-minerologiya elmləri doktoru Əziz Əsgərovun adı ilə bağlıdır. 1945-47-ci illərdə onun rəhbərliyi altında Badamlı qəsəbəsi ərazisində aparılan elmi-tədqiqat işlərinin nəticəsində "Badamlı" mineral bulağı aşkar olunub. Tədqiqatçı bu barədə xatirələrində yazırdı: "Müəyyən marşrut üzrə hərəkət edərkən hansısa çeşmənin yanında tədqiqat işlərinin aparılması üçün bəzi yardımçı əşyaları daşıyan ulağı suvarmaq istədim. Gördüm ki, heyvan su içmədi. Suyun fərqli tamı var idi. Çeşmə boyu yuxarı gedib onun mənbəyini tapdım. Götürülən nümunədən başa düşdüm ki, bu qiymətli bulaqdır. Laborator analizlər də bunu təsdiq etdi. sevincimin həddi-hüdudu yox idi"

Aparılan tədqiqatlar nəticəsinə müəyyən olunub ki, mədə-bağırsaq, sidik yolları və qaraciyərin bəzi xəstəlikləri zamanı bu mineral suyu içmək faydalıdır. Buruq quyularının bəzilərində isə suyun minerallaşma dərəcəsi az olduğundan süfrə suyu sayılır. Bu səbəbdən də “Badamlı” mineral suyundan süfrə və müalicə məqsədilə istifadə edilir. Beləliklə 1947-ci ildə kiçik istehsal sahəsi yaradılaraq Azərbaycanda ilk dəfə əl üsulu ilə su istehsalına - mineral suyun qablaşdırılmasına başlanılıb. Hələ o zamandan ölkəmizin şəhərlərinə göndərilən "Badamlı" suyu ölkənin hər yerində məşhur oldu.

İlkin vaxtlar istehsal sadə formada aparıldığından mövcud su ehtiyatından tam istifadə olunmurdu. "Badamlı"ya olan tələbat gündən-günə artdığından suyun mənbəyində zavod tikilməsi, istehsal prosesinin mexanikləşdirilməsi və daha çox su istehsal etmək qərara alınır. 1948-ci ildə zavod tikilməyə başlanır. Qısa müddət ərzində kənddə böyük zavod və müxtəlif istehsalat binaları tikilir. Zavodda işə salınan “İnvesta” markalı avtomat sudolduran maşın iş prosesini mexanikləşdirir və məhsul istehsalını kifayət qədər artırır.

Ötən əsrin 70-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirilən tədbirlər çərçivəsində yeni zavodun qurulması “Badamlı” mineral suyunun istehsal həcmini artırır. "Badamlı"nın şöhrəti o zamankı Sovet İttifaqı miqyasında sürətlə yayılırdı. Qısa müddətdə bu mineral suya böyük tələbat və rəğbət yarandı. Artıq 1970-1980-ci illərdə "Badamlı" zavodunda istehsal olunan məhsulun 90%-i xarici ölkələrə ixrac edilirdi.

Lakin təəssüflə qeyd etməliyik ki, ötən əsrin 90-cı illərinin acı nəticələri digər sahələr kimi, "Badamlı" suyunun istehsalına da ciddi ziyan vurmuş, zavodun fəaliyyəti dayandırılmışdı.

Müasir mərhələdə "Badamlı"

1947-ci ildən bəri kiçikdən-böyüyə hər kəsin dilində əzbər olan “Badamlı” suları müasir dövrümüzdə də Azərbaycanın su bazarında ən çox sevilən məhsullardan biridir. Mineral suya olan tələbatın artması 2009-cu ildə "Badamlı" mineral suyunun ikinci dəfə sənaye üsulu ilə istehsalına şərait yaratdı. Həmin il Naxçıvan şəhərində “Badamlı” mineral suyunun istehsalı üçün yeni zavod inşa edilib istifadəyə verildi. Bunun üçün suyun yatağından - 25 kilometr məsafədən iki su xətti çəkilib zavoda gətirildi.

"Badamlı"ya təlabatın xarici bazarda daha çox artması yeni və daha böyük zavodun tikilməsini zəruri etdi. Eyni zamanda mineral su ixracına sertifikat verən təşkilatların rəylərinə əsasən, bu tipli sular mənbədən ən çox 3 kilometr məsafəyə daşınaraq istehsal olunmalıdır. Təqdim olunan şərtlər və aparılan iqtisadi dəyərləndirmələr əsas götürülərək Badamlı qəsəbəsində yeni zavodun tikilməsi məqsədəuyğun hesab edildi.

İnşa edilən yeni zavod 42,5 min kvadratmetr sahəyə malik olmaqla, burda istehsal, filtirasiya, kompressor bölmələri, xammal, hazır məhsul, ehtiyat hissə, nümunə məhsullarının saxlanılması anbarları və laboratoriya yaradıldı. 3 sudoldurma xətti yaradılan istehsal bölməsində Türkiyənin “Ektam” və Fransanın bu sahədə dünya üzrə məşhur “Sidel” şirkətlərinin ən müasir avadanlıqları quraşdırılıb. Yeni sudoldurma xətlərinin idxalına İqtisadiyyat Nazirliyi tərəfindən 2 halda İnvestisiya Təşviqi Sənədi verilib. Əgər Sovetlər Birliyi dövründə Badamlı qəsəbəsində qurulan zavodda bulağın suyunun 40 faizindən istifadə olunurdusa, müasir texnologiya əsasında qurulan yeni zavodda su ehtiyatından 100 faiz istifadə olunur. Yeni zavodun istifadəyə verilməsi muxtar respublikada ixrac imkanlarının genişlənməsinə, büdcə daxilolmalarının artmasına, digər istehsal sahələrinin yaranmasına, yeni iş yerlərinin açılmasına və ətraf kəndlərdə yaşayan əhalinin məşğulluğunun təmin olunmasına da imkan verir.

Zavodun laboratoriyasında suyun tərkibini və minerallığını öyrənməyə imkan verən ən müasir avadanlıqlar qurulub. Yüksək ixtisaslı mütəxəssislərin nəzarəti altında tam avtomatlaşdırılmış avadanlıqlarla, əl dəymədən, gigiyenik qaydalara əməl olunmaqla butulkalara doldurulan suyun keyfiyyət göstəriciləri laboratoriya analizlərindən keçirilmədən istehsala buraxılmır. Qaynağından toplanan "Badamlı" suyu Avropa standartlarına cavab verən bu laboratoriyada fiziki, kimyəvi və mikrobioloji analizlərdən keçirilərək ən təbii halı ilə süfrələrinizə gəlib çatır. İstehsal olunan məhsullar isə analiz edilib rəy verilmədən heç bir halda istehlakçıya göndərilmir.

İllik istehsal gücü 150 milyon şərti butulka olan müəssisədə 2021-ci ilə qədər qazlı və qazsız olmaqla 14 çeşiddə məhsul istehsal edilirdisə, hazırda 7 çeşid qazlı, 14 çeşid qazsız olmaqla 21 çeşiddə müxtəlif qablaşdırmalarda normal və premium su istehsal edilir. Bütün bunlar da muxtar respublikanın ixrac imkanlarının artırılmasına və məşğulluğun təmin olunmasına mühüm töhfə verir.

Uşaqlara özəl ilk su markası

İnsan sağlamlığı üçün zəngin mineral tərkibə malik, milli və beynəlxalq standartlara cavab verən təbii mineral su 70 ildən çoxdur ki süfrələrimizi bəzəyir. Hal-hazırda Azərbaycanda elə bir məclis tapılmaz ki, orada "Badamlı" suyundan istifadə olunmasın. Məhz buna görə də bu il Azərbaycanın ilk mineral su brendi "Badamlı" uşaqlar üçün hazırladığı yeni “BUVA” sularını da istehlakçılara təqdim edib. Azərbaycanda uşaqlara özəl ilk su markası olan “BUVA” özünəməxsus görünüşü və adı ilə qısa zamanda uşaqların ən sevimli suyuna çevrilib. 6 ədəd qablaşdırılmış şəkildə satışa təqdim olunan “BUVA” sularını xüsusi edən təkcə onun adı və dadı deyil, eyni zamanda uşaqlar rahat içsin deyə hər bağlamda 2 ədəd xüsusi başlığın hədiyyə olunmasıdır.

Şirkətin adının və mövqeyinin bazarda daha dayanıqlı olması üçün müxtəlif kommunikasiya vasitə və üsullarından istifadə etməklə genişmiqyaslı addımlar atılıb. Müştərinin istək və ehtiyaclarına daha həssas yanaşaraq, su istehlakçılarının loyallığının artırılması və brendin hazırkı vəziyyətinin daha yaxşılaşdırılması istiqamətində rebrendinq edilib.

"Badamlı"; ixrac və iqtisadi güc

Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələri abadlaşdırılır, müasir sosial obyektlər tikilir, yollar çəkilir. Bu insan amilinə olan diqqətin nəticəsidir. Məhz görülən bu işlər nəticəsində yaradılan dayanıqlı sosial-iqtisadi inkişaf təbii sərvətlərimizin sənaye üsulu ilə istehsalına əlverişli şərait yaradıb, Naxçıvan ölkəmizin əsas mineral su ixracatçısına çevrilib. "Badamlı" mineral suyunun şöhrətinin geri qaytarılması və yeni zavodun tikilməsi də bu sahədə görülən işlərin davamıdır. Müəssisədə istehsal edilən mineral su daxili bazarda tələbatı ödəməklə yanaşı, həm də ölkəmizin digər regionlarına və xarici bazarlara çıxarılır. Bu gün "Badamlı" Mineral Sular" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsulları Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri. Çin, İraq, Kanada kimi yaxın və uzaq ölkələrə ixrac olunur və özünə alıcı kütləsi toplayır. Beynəlxalq miqyasda məhsula artan tələbat "Badamlı"nın yaxın zamanlarda Türkiyə, Özbəkistan və Ukrayna respublikalarına ixracını da məqbul edib.

Bu qiymətli təbii sərvətin ixrac imkanlarının artması, xarici bazarda özünəməxsus yer tutması və möhkəmlənməsi bir tərəfdən biznes əlaqələrinin genişləndirilməsi ilə bağlıdırsa, digər tərəfdən “Badamlı” təbii mineral süfrə suyunun dünya standartlarına uyğun yüksəkkeyfiyyətli istehsalı və müalicəvi əhəmiyyəti ilə əlaqədardır.

Bu istiqamətdə görülən işlərin yeni bir mərhələyə gəldiyinin əyani ifadəsi olaraq öz sıralarında 50 ölkəyə aid 5 mindən çox şirkət və təşkilatı birləşdirən  "Caspian Energy Club"un həyata keçirdiyi biznes-netvorkinq tədbirlərinin nəticəsi kimi keyfiyyət standartlarına, şəffaflığına və göstərdiyi həssasiyyətə görə fərqlənən "Badamlı Mineral Sular" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ildə "İlin mineral suyu" mükafatına layiq görülüb.

Ali Məclis Sədrinin dediyi kimi: "Muxtar respublikanın təbii sərvətlərindən səmərəli istifadə təmin edilməli, yeni müəssisələr fəaliyyətə başlamalı, daxili təlabat ödənilməli və ixracyönümlü məhsul istehsal olunmalıdır. Çünki təbii sərvətlərdən səmərəli istifadə inkişaf deməkdir".

 

PS. Zavoddakı avadanlıqların ahəngdar səsi, istehsal olunmuş hazır məhsulun elektromobillər vasitəsilə anbara daşınması fonunda, zavodun bir hissəsində nümayiş etdirilən vaxtilə istifadə olunmuş "Badamlı" butulkaları bir məlumatı yadıma salmağa kömək edir. Rusiyanın Kaluqa şəhərində Yuri Qaqarinin bilavasitə iştirakı ilə yaradılan dünyanın ilk və ən böyük kosmik mövzulu muzeyi olan Dövlət Kosmonavtika Tarixi muzeyində Qaqarin və digər kosmonavtların uçuşa hazırlaşdıqları təlim-məşq və istirahət otaqlarının modeli fəaliyyət göstərir. Muzeydə saxlanılan əşyalardan biri də məhz kosmonavtların təlim zamanı içdikləri “Badamlı” butulkasıdır. Şahbuzun “Badamlı”sı altmış ildir burada qorunub saxlanılır. Kosmonavtika günü ilə bağlı Rusiyanın kanallarında muzeylə bağlı hazırlanan sujetlərdə doğma "Badamlı"mızı da görə bilərik.

Məmməd Babayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: