Faydalı şənbəllə bitkisi  

A- A A+

Şənbəllə paxlalılar fəsiləsinə mənsub birillik bitkidir. İstiyə, quraqlığa, soyuğa, xəstəlik və zərərvericilərə qarşı davamlıdır. Köklərində qısa vaxtda çoxlu kök yumruları əmələ gəldiyinə görə torpağın azotla zənginləşməsinə müsbət təsir göstərir.

Tərkibində 18 faiz protein, 14,87 faiz zülal, 2,16 faiz yağ, 2,41 faiz sellüloz vardır. Xalq təsərrüfatında işlədilir, çiçəklərindən arı ailələri istifadə edir, heyvandarlıq və quşçuluqda yem kimi, məişətdə qida, təbabətdə dərman bitkisi kimi tətbiq olunur.

Adi çayını dəmləyib istifadə etmək mümkündür. Bunun üçün bir fincan qaynadılmış suyu 1-2 çay qaşığı şənbəllə toxumu əlavə etməklə vam odda 5-7 dəqiqə dəmləmək lazımdır. Dəmlənmiş çaya zövqə uyğun olaraq süd, limon, zəncəfil və bal da əlavə etmək olar. Şənbəllə çayı isti günlərdə sərinləşdiricilik xüsusiy­yətindən başqa, bir çox xəstəliklərin, o cümlədən soyuqdəymə, bronxial-astma, ağciyər sətəlcəminin müalicəsində müsbət nəticələr verir. Piylənmə, xərçəng, şəkərli diabet, ürək-damar xəstəliklərinin müalicəsində, eyni zamanda zəifliyi aradan götürmək üçün iştahaçıcı kimi istifadə olunur. Həzmetməni artırır, maddələr mübadiləsini tənzimləyir, ürəyin fəaliyyətinin artırılmasında, qan təzyiqi, tənəffüs sisteminin və dəri xəstəlklərinin müalicəsində, saçın tökülməsində, əzələ ağrılarında, mədə-bağırsaqda olan yaralara qarşı və digər xəstəliklərdə geniş istifadə edilir.

Ötən əsrin yetmiş-səksəninci illərində Şərur rayonun  İbadulla, Vərməziyar, Qışlaqabbas kəndlərindəki həyətyanı sahələrdə xeyli şənbəllə əkilir, çoxlu da gəlir götürülürdü. Yaxşı haldır ki, bu il bir neçə kənddə yenidən bu qiymətli bitkinin əkini keçirilib və  35 hektara şənbəllə toxumu səpilibdir. Əkinlər və becərmə tədbirləri mütəxəssis məsləhəti ilə aparıldığı üçün  sahələrdə bol məhsul yetişib.

                                                                    “Şərurun səsi ” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: