TÜRK-İSLAM MƏDƏNİYYƏTİ ABİDƏLƏRİMİZ - FOTOLAR

A- A A+

Naxçıvan şəhərindəki türk-islam mədəniyyəti abidələri qədim tariximizi yaşadan nadir memarlıq nümunələridir.

Naxçıvan Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biridir. Burada insanlar sivilizasiyanın başlandığı tarixdən etibarən – 500-300 min il bundan əvvəl yaşamışlar. 5-7 min il bundan əvvəl Naxçıvan şəhər mədəniyyətinin formalaşması isə Azərbaycanın bu qədim torpağında sivilizasiyanın inkişafının ən mühüm göstəricisi hesab olunur. Naxçıvan həm də Azərbaycanın dövlətçilik tarixinə mühüm töhfələr vermiş, Azərbaycan türkləri min illər boyu burada həyat sürmüş, böyük dövlətçilik ənənələrinin əsasını qoymuşlar.

Naxçıvan həmçinin antik və orta əsrlər dövrünə aid mədəniyyət nümunələri və tarixi abidələrlə – qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir. Azərbaycan türkləri hələ İslam dinini qəbul etməmişdən əvvəl də  Naxçıvanda böyük mədəniyyət və özünəməxsus adət-ənənələr sistemi yaratmışlar. İslam dininin qəbulundan sonra Naxçıvan memarları İslam memarlıq ənənələrindən də bəhrələnərək bir-birindən dəyərli türk-islam mədəniyyəti nümunələri ilə tarix və mədəniyyətimizi daha da zənginləşdirmişlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq son illər muxtar respublikada 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Bu abidələrdən 70-ə yaxını əvvəlki görkəmi saxlanılmaqla bərpa olunmuş, Möminə xatın və Gülüstan türbələrinin, Xanəgah Memarlıq Kompleksinin, Ordubad Qeysəriyyəsinin, Came məscidinin, Şərq hamamının, Zaviyə-Mədrəsə binasının, Xan sarayının, imamzadələrin və buzxanaların tarixi görkəmi özünə qaytarılmışdır. Türk-islam mədəniyyətinin nümunələrindən olan Qarabağlar Türbə Kompleksi və Nehrəm İmamzadəsində də əsaslı təmir-bərpa işləri aparılmışdır.

Naxçıvanı gəzdikcə bu yurdda ucaldılan saysız-hesabsız mədəniyyət nümunələrinin, türk-islam mədəniyyətinin daşıyıcısı olan abidələrin şahidi olursan. Belə abidələrdən biri Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən Naxçıvan şəhərinin cənub-şərq tərəfində 1162-ci ildə inşa edilən Yusif Küseyir oğlu türbəsidir. El arasında “Atababa günbəzi” kimi də tanınan abidə yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir. Türk-islam mədəniyyətinin ən dəyərli nümunələrindən olan Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvarı türbələri içərisində yeganə abidədir ki, üst piramidal örtüyü zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatmışdır. Məqbərənin qurşağında “Qurani-Kərim”in “Ali İmran” surəsindən 15-17-ci ayələr, tağı üzərində isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılmışdır.

XII əsrdə böyük memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin Atabəy Eldənizin xanımı Möminə xatının şərəfinə ucaltdığı türbə isə Şərq memarlığı tarixində qızıl səhifədir. Yüz illər boyunca bu abidə səyyahları, salnaməçiləri, Monpere, Fren, Yakobstal kimi məşhur memar və şərqşünasları heyrətləndiribdir. Möminə xatın məqbərəsi həm də qadın, ana adının ucalığında dayanan zərif bir məhəbbət əfsanəsi, sevgi dastanıdır. Ona görə də akademik Alpatov “Ümumdünya incəsənəti tarixi” adlı monoqrafiyasında Möminə xatın türbəsini monumentallıqla zərifliyin möcüzəsi adlandırıb. Akademik bu abidənin dünya  memarlıq tarixində tutduğu mövqeyi yüksək qiymətləndirərək yazıb: “Qeyri-adi memarlıq duyğusuna, kompozisiyasının klassik kamilliyinə və işlənməsinə görə XII əsrdə Avropada belə abidəyə təsadüf etmək mümkün deyil. Naxçıvan türbəsindən klassik Şərq ədəbiyyatının ən yaxşı əsərləri – Firdovsinin “Şahnamə” epopeyasında, Nizaminin “Leyli və Məcnun” poemasında olduğu kimi insanpərvərlik nəfəsi gəlir”.

Bəli, Əcəmi qüdrətinin bəhrəsi olan Möminə xatın türbəsi mükəmməl sənət nümunəsi kimi dünya memarlığında silinməz iz qoymuşdur. Türbəyə “Qurani-Kərim”dən ayələr həkk olunmuşdur. “Biz gedirik yalnız qalır ruzigar, biz ölürük əsər qalır yadigar” sözləri isə Möminə xatın türbəsinin baştağında əbədiləşən dərin bir hikmətdir.

Qədim köklərə  malik Naxçıvan memarlıq məktəbi XII əsrdə inkişaf edərək, həqiqətən də, əsl sənət zirvəsinə ucalmışdır. Həmin dövrdə Əcəmi sənəti bütün dünyaya səs salmış, Yaxın Şərq və Orta Asiya memarlıq sənətinin inkişafına mühüm töhfələr vermişdir. Bu uğurlu sənət yolu Naxçıvan ərazisində abidə-abidə, qala-qala irəliləyir, xalqımızın daş yaddaşına çevrilir, elimizin-obamızın könül mahnısı, ürək döyüntüsü kimi əbədiləşir. Qədim qala divarları, daş sədlər, bürclər, səmanın qəlbini dələn minarələr xalqımızın əyilməz vüqarı kimi yüksəlir.

Naxçıvan şəhəri ərazisində inşa olunmuş türk-islam mədəniyyəti abidələrinə mülki tikililər, o cümlədən saraylar da daxildir. Belə saraylardan biri Naxçıvan xanlarının yaşayış evi – Xan sarayıdır. Bu iqamətgah Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən 1760-cı illərdə tikdirilib. Şərq memarlığı üslubunda inşa edilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də xanlıq dövründə dövlətin siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Naxçıvan-Marağa memarlıq məktəbinə aid olan bu saray üç mərtəbədən ibarətdir və hazırda muzey kimi fəaliyyət göstərir. Bu tarix-mədəniyyət abidəsi şəhərin Qədim Qala məhəlləsində, Möminə xatın türbəsinin yaxınlığında yerləşir. 1998-ci ildən Naxçıvan Dövlət Xalça Muzeyi kimi fəaliyyət göstərən binada 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılıb.

VII əsrdən sonra Naxçıvan ərazisində müxtəlif sufi təriqətlərinə mənsub mərkəzlər, o cümlədən zaviyələr, həmçinin savadlı kadrlara olan tələbatı ödəmək məqsədilə mədrəsə binaları da inşa olunmuşdur. Zaviyələr həm ibadət və zikr yerləri, həm də təhsil mərkəzləri olduğundan ayrıca Zaviyə-mədrəsə binaları da yaradılırdı. Bu mənada Naxçıvan şəhərində xüsusi memarlıq üslubunda inşa edilən, Naxçıvanın türk-islam mədəniyyəti nümunələri sırasında özünəməxsus memarlıq xüsusiyyətlərinə malik olan Zaviyə-Mədrəsə binası- nın xüsusi yeri vardır. Naxçıvan şəhərinin Heydər Əliyev prospekti ilə Təbriz küçəsinin kəsişdiyi yerdə – “Zaviyə” məhəlləsində tarixi-memarlıq abidəsi kimi tanınan Zaviyə-Mədrəsə binası əvvəllər məscid kimi fəaliyyət göstərib.

Binanın zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun XVII-XVIII əsrlərin zəngin memarlıq ənənələrinin məhsulu olduğunu göstərir. Binanın indiki interyer quruluşu böyük salondan, ona bitişik vestibüldən, ikimərtəbəli iki yardımçı otaqdan və dolama pilləkənləri olan minarədən ibarətdir. Salonun və digər tikililərin sferik günbəzləri dağıldığından XIX əsrin sonlarında düz xətli örtüklə əvəz edilib. Giriş qapısı qərb tərəfdəndir.

Ərəb dilində çoxmənalı söz kimi ibadətlə məşğul olmaq üçün tənha yer, təkiyə, hücrə, guşə, künc, bucaq mənasını daşıyan “zaviyə” həm də sufi təriqətinə mənsub məskən adlarından biridir. Övliya Çələbinin “Səyahətnamə” əsərində zaviyə “sufi dərvişlərin təbliğat evi” kimi göstərilib. Bir sıra fars mənbələrində isə zaviyə “müqəddəs yer” anlamında işlədilir.

Orta əsrlərdə Naxçıvanda mövcud olmuş bəzi təriqət tərəfdarları əsas məscidlərə getmir, özləri üçün ayrıca təkiyələr, zaviyələr tikərək orada yaşayır və zikrlə məşğul olurdular. Hürufi təriqətçiləri belə binaları xanəgah, bektaşi və nəqşibəndilər isə zaviyə adlandırıblar. Bektaşilik və nəqşibəndilik təriqətlərinin tərəfdarları həmin dövrdə Naxçıvanda daha geniş yayılmışdı. Onlar bir guşəyə çəkilib ibadətlə məşğul olmaq üçün zaviyənişin olur və tikdikləri günbəzin altındakı zikr yerlərinə “zaviyə” adı verirdilər.

Naxçıvanda yaradılan memarlıq abidələrindən böyük bir qismini ibadət yerləri – məscidlər təşkil edir. Müsəlmanların ibadət və təhsil yerləri kimi yaranan dini ocaqlardan biri də Naxçıvan şəhər Came məscididir. İslamın Azərbaycanda  yayıldığı ilk dövrlərdən  mövcud olan və XVIII əsrdə Məhəmməd Təqi tərəfindən təmir olunan, xalq arasında “Şəhər məscidi” kimi tanınan Came məscidi sovet hakimiyyəti illərində, ateizmin təbliğ edildiyi  bir dövrdə Naxçıvanda fəaliyyət göstərən yeganə məscid olub. Bu məscid Atabəylər memarlıq kompleksinə daxil olan ən möhtəşəm memarlıq nümunələrindən biri olmuşdur. Məscid o dərəcədə möhtəşəm, gözəl və cazibədar olmuşdur ki, Naxçıvana gələn orta əsr səyyah və tarixçilərinin diqqətini özünə cəlb etmişdir. Orta  əsrlərdə Naxçıvan şəhərində olan əcnəbilər öz yol qeydlərində və əsərlərində Atabəylər memarlıq kompleksinə daxil olan çoxsaylı abidələrin heç birindən deyil, məhz Came məscidindən söhbət açmışlar. Bu cəhətdən fransız səyyahı Jan Tavernyenin qeydləri çox maraqlıdır. Səyyah Naxçıvan Came məscidinin  gözəlliyindən söhbət açmış və onu Asiyanın ən möhtəşəm memarlıq abidələrindən biri kimi səciyyələndirmişdir: “Bu, Asiyanın ən yaxşı və ən gözəl məscidlərindən idi. Deyirlər ki, Nuhun ruhuna ehtiram olaraq bina edilmişdir”.

Muxtar respublikamızda olan bu cür möhtəşəm tarixi abidələrin tədqiqi və beynəlxalq miqyasda təbliği istiqamətində həyata keçirilən ardıcıl tədbirlər artıq öz bəhrəsini verir, Naxçıvan dünyada ilkin yaşayış məskənlərindən biri kimi qəbul edilir. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan”, 2009-cu ildə “Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan”, 2011-ci ildə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə “Naxçıvan: ilkin şəhər və Duzdağ”, 2016-cı ildə “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzularında beynəlxalq simpozium və konfransların keçirilməsi, bu mənada, mühüm əhəmiyyətə malikdir. Bu elmi tədbirlər alimlərimizin xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan vermiş, 5-7 min illik tarixə malik olan Naxçıvan şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilmişdir.

Aparılan tədqiqatların nəticəsi və elmi sübutu olaraq nəşr olunan kitab və ensiklopediyalar Naxçıvan tarixi ilə yanaşı, həm də bu qədim diyardakı abidələrin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə Azərbaycan və ingilis dillərində nəşr olunan “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri” kitabı Naxçıvandakı türk-islam mədəniyyəti abidələri haqqında dolğun məlumat verən dəyərli elmi ədəbiyyatlardır.

Naxçıvanın türk-islam mədəniyyəti abidələri bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasına xidmət edir. Naxçıvan bu gün  tarixi abidələr və görməli yerlər üzrə səyahət turizminin ən ideal məkanlarındandır. Naxçıvana gələn bütün turistlərin Naxçıvan haqında ilkin fikirləri bu olur: “Yurdunuz memarlıq muzeyidir. Türbələr, məscidlər, qüdrətli qalalar, körpülər, XII-XIV əsrləri əhatə edən qədim imamzadələr, karvansaralar  göz oxşayır...”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.

Həqiqətən də tariximizin  heykəlləri olan bu abidələrlə göz-gözə dayananda, naxışlarına, rənglərinə baxanda yüz illərin, min illərin xatirəsinə dalırsan. Bir sözlə, Naxçıvanda tarix təkcə öyrənilmir, həm də qorunaraq yaşadılır. Tarixi yaşadanları isə tarix də yaşadacaqdır.

Vaqif AĞALAROV

Naxçıvan televiziyasının baş redaktoru

“Nuh yurdu”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: