Ordubad zoğalının faydaları  

A- A A+

Yüksək hərarətə və sərt şaxtalara dözümlü bitkilərdən biri də zoğaldır. İnsanlar zoğaldan qidalı giləmeyvə kimi istifadə edirlər.

Zoğal bitkisi zəngin və rütubətli torpaqlarda 6, qidalılığı və nəmliyi az olan yamaclarda 1,5-2 metrədək boy atıb hər il məhsul verən bitkidir.

Hazırda zoğalın xırdameyvəli cır və irimeyvəli hibrid növləri yayılmışdır. Əsasən, Ordubadın Nüsnüs meşəliklərində bitir.

Meyvələri sentyabrda yetişir. Zoğal meyvəsi yetişdikcə al-qırmızı rəngə boyanır. Birinci Dünya müharibəsində rus ordusunun skorbut (vitamin çatışmazlığı) xəstəliyinə yoluxmuş əsgərlərini  zoğal lavaşası ilə müalicə ediblər. Zoğalın yetkin meyvəsinin tərkibində 20-25 faizədək şəkər (qlükoza, fruktoza, saxaroza), 8-9 faiz aşı maddəsi, 10-11 faiz üzvi turşular (limon, alma, kəhrəba), karotin, C və B vitaminləri, boyayıcı maddələr vardır. Xalq təbabətində zoğalın təzə dərilmiş meyvələrindən alınan şirə şəkərli diabetdə ürək yanğısının qarşısını alan sərinləşdirici vasitə kimi bilinməkdədir. Tumunun qovurulub toz halına salınması ishalın və dizenteriyanın ən kəskin dərmanıdır. Malyariya kimi qızdırma xəstəliyini vaxtilə qurudulmuş zoğalın dəmləməsi ilə müalicə edərmişlər. Yarpaqları və çiçəkləri də eyni təsirə malikdir. Zoğal meyvələri yetişdikcə turşuluğu azalır, şəkərliliyi artır. Odur ki, meyvəsi tam yetişməzdən əvvəl yığılmalıdır. Zoğal meyvəsindən tumu çıxarılmaqla lavaşa, kompot, mürəbbə, povidlo, püre, marmelad, kisel, dondurma, turşu, şirə hazırlanır.

Qış fəsli qonaqlı süfrələrin bəzəyi, əsasən, zoğal mürəbbəsi və kompotudur. Bəzən zoğalın mürəbbəsini hazırlayarkən qabaqcıl təcrübədən xəbərsiz olduğumuz üçün onun meyvələrini bir dəfəyə axıradək qaynatmaqla, əslində, onun biofəal, faydalı tərkibini xeyli zəiflədirik. Odur ki, ən faydalı üsulla mürəbbə hazırlanmasını tövsiyə edərdik.

Mürəbbələrin “şahı” sayılan zoğal soyuqdəymənin əlacıdır. Çəyirdəkli mürəbbə üçün (bəzən çəyirdəksiz zoğal mürəbbəsi hazırlayanlar da olur) 1 kiloqram meyvəyə 1,2-1,5 kiloqram şəkər tozu və 2 stəkan su qatılır. Əvvəlcə şəkər tozu və sudan şərbət hazırlanıb iki hissəyə bölünür. Minalı ləyənə mürəbbəlik zoğalın hamısı tökülüb hazırlanan şərbətin yarısı əlavə edilərək vam odda qaynara düşənə qədər saxlanılır. Qaynara düşən kimi götürülüb 6-8 saat soyudulur. İkinci dəfə qaynadılanda şərbətin qalığı da əlavə edilir. Yenə 6-8 dəqiqə qaynadıqda oddan götürülüb 5-6 saat soyudulur. Üçüncü qaynadılmada üzünün köpüyü yığılmalıdır.

Mürəbbə şirəsi şəffaf rəng alıb meyvələr qabın dibinə çökəndə mürəbbə ocaqdan götürülməlidir. Mürəbbə daha ətirli və təravətli olsun deyə, oddan götürülməyə az qalmış ləyənə 5-6 ətirşah yarpağı və azacıq vanil əlavə etmək olar. Mürəbbə soyuduqdan sonra quru və təmiz bərnilərə yığılıb ağzı bağlanaraq quru və sərin yerdə saxlanılır.

Zoğaldan cem də hazırlanır. Bu zaman 3-5 kiloqramadək yetkin zoğala 2-3 stəkan su töküb 10-15 dəqiqə qaynadılır. Soyudulub süzgəcdən keçirilərək çəyirdəkdən təmizlənir. Hazır 1 kiloqram mətə 1 kiloqram şəkər tozu əlavə edilib yenidən 10-15 dəqiqə qaynadılır. Elə ki suyu çəkildi, soyudulub quru və təmiz bərnilərə yığılır. Zoğalla alma meyvəsinin qarışıq cemi daha dadlı olur. Bunun üçün 3 kiloqram zoğala 2 kiloqram alma məti əlavə edilib üzərinə 800 qram şəkər tozu qatılır. Elə ki ocaqdan düşürülüb soyuduldu, onda qablara yığılıb sərin yerdə saxlanılır. Uşaqlar üçün zəngin vitamin mənbəyidir.

Zoğal lavaşasından sinqa və raxit xəstəliklərində, milli xörəklərin hazırlanmasında istifadə olunur. Yetkin meyvələr qaynar suda pörtülüb soyudulur. Duru olmaması üçün süzgəcdən keçirilib məti çıxarılır. Sonra da sinilərə qoxusuz kərə yağı yaxılır ki, qurudulan lavaşa qabdan asanlıqla qopsun. Piti xörəyinin  həvəskarları qan təzyiqini qaldırmamaq üçün zoğalın qurudulmuş çəyirdəksiz meyvəsindən yeməyin içərisinə əlavə edirlər.

Zoğal ağacının çoxaldılması digər bitkilərdən fərqlidir. Zoğalın toxumu torpağa əkildikdə 3-4 ilə cücərir. Çünki toxumun səthi çox bərkdir, eləcə də 2-3 il istirahət dövrü tələb edir. Elə ki cücərdi, 5-6 ilə ting halına düşür.

Zoğal ağacı çox möhkəm olur. Sənətkarlar onun 100 illik gövdəsindən qiymətli mebel hazırlayırlar. Odur ki, heyvandarlıqla məşğul olan xan çobanlar “döydüm-ölməz” olan əl ağaclarını qoşadüyün, əppəkli, yemişan və zoğaldan hazırlayırlar.

“El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: