Milli Park dövlətimiz tərəfindən qorunur

A- A A+

Akademik Həsən Əliyev adına

Zəngəzur Milli Parkı

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğu (3139 hektar), habelə Naxçıvan Muxtar Respublikasının Culfa, Ordubad rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu (396,4 hektar) və Şahbuz, Culfa, Ordubad rayonlarının inzibati ərazilərində yerləşən yay otlaqlarının torpaqları hesabına genişləndirilərək Şahbuz, Culfa, Ordubad rayonlarının inzibati, ərazisinin sahəsində akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı yaradılıb.

Zəngəzur Milli Parkının yaradılmasında əsas məqsəd, ərazidə ekoloji sistemlərin, bioloji müxtəlifliyin, genetik fondun, təbiət komplekslərinin, Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabına düşmüş fauna, flora növlərini təbii vəziyyətdə qoruyub saxlamaq, ekoloji monitorinq həyata keçirmək və ekoturizmin inkişaf etdirilməsindən ibarətdir.

Naxçıvan Muxtar Respublikasında 351 növ onurğalı heyvan növü var ki, bunlardan 39 növü nadir və ya məhv olma təhlükəsi altındadır. 39 növdən 22-si geniş, 17-si kiçik arealda yaşayır.

Milli park ərazisində 32 məməli heyvan növü, 177 quş növü mövcuddur.

Burada Qafqaz bezoar keçisi, Cənubi Qafqaz dağ qoyunu (Asiya Muflonu), bəbir çöl pişiyinin bir neçə növü, vasaq, Cənubi Qafqaz qonur ayısı, quş növlərindən muymulu kəkliyin 4 növü, quruqapan və sairə yaşayır.

Azərbaycanın “Qırmızı kitabı”ına düşmüş qızılxallı balıq əsasən Milli park ərazisində yerləşən Əylisçay və Parağaçayda geniş yayılıb.

Milli park flora, fauna zənginliyi ilə yanaşı, həm də təbii və tarixi abidələri ilə də diqqəti cəlb edir. Bu tarixi abidələrdən Gəmiqaya rəsmləri xalqımızın ən dəyərli arxeoloji abidələrindəndir. Bu abidə 1968-ci ildən başlayaraq müntəzəm tədqiq olunur. Təsvir olunan rəsmlər qazma və döymə üsulu ilə icra edilib. Qayaüstü təsvirlər qrupuna daxil olan tarixi abidələr açıq səma altında muzey kimi dövlət tərəfindən qorunur.

Ölkəmizdə ekoloji problemlərin baş verməsinə heyvanat və bitki aləminin qorunmasına, habelə tarixi abidələrin, təbii yerlərin mühafizəsi işinə dövlət əhəmiyyyətli vacib bir məsələ kimi baxılır. Son illərdə bu məqsədlə ölkəmizdə ekologiyanın, flora, faunanın və tarixi abidələrin qorunması haqqında çoxlu qanunlar qəbul edilmiş və onlar uğurla icra olunmaqdadır.

Biz təbiət qanunlarını nə qədər dərindən dərk ediriksə, onun təhlükə qarşısında olduğunu bir o qədər çox başa düşürük. Həyat əhəmiyyətli problemlərin həllində ən etibarlı vasitə şübhəsiz ki, insanlarda ekoloji mədəniyyətin tərbiyə edilməsi, maarifləndirmə işinin düzgün aparılmasıdır.

Samir QULİYEV

Naxçıvan Muxtar Respublikası,

Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin Zəngəzur

Milli Parkının elmi işçisi

“El həyatı” qəzeti

 
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: