Azərbaycanda müstəqillik dövrü epoxasında demokratik seçki sistemi formalaşmış, bu tarixi mərhələdə prezident, parlament və bələdiyyə seçkiləri həmin əsasda keçirilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixdə Azərbaycan Respublikasının prezidenti seçilməsi ölkəmizdə demokratik seçkinin əsl nümunəsi olmuşdur. Həmin seçkidə xalqın və dövlətin möhtəşəm həmrəyliyi və birliyi ölkəmizə qələbə qazandırmış, yeni tarixi epoxanın yaranmasının bünövrəsinə çevrilmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdən sonra respublikanın prezidenti vəzifəsində seçkilərdə iştirak etmək və qalib gəlmək çətin və məsuliyyətli bir işi həyata keçirmək demək idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin şərəfə nail olmağın və bu məsuliyyətli vəzifəni yüksək səviyyədə həyata keçirməyin əsl nümunələrini göstərmişdir. İlham Əliyevin 15 oktyabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməsi ölkəmizdə siyasi varisliyin təmin edilməsinə, müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasında xüsusi maddələrlə təsbit olunmuş hüquqi-demokratik dövlətçilik xəttinin uğurla davam etdirilməsinə təminat vermişdir.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə İlham Əliyevin seçilməsi xalqımız tərəfindən təbii şəkildə qəbul edilmiş və tam dəstəklənmişdir. Bu məsuliyyətli tarixi məqamda görkəmli dövlət xadimi Heydər Əliyev faktoru və yeni tipli lider kimi İlham Əliyevə bəslənilən böyük ümidlər bir-birini tamamlamışdır. Azərbaycanda dövlət rəhbəri üçün çox zəruri olan keyfiyyətlərə malik olmaq baxımından İlham Əliyevin çox fərqli üstünlükləri vardır. Əvvəla, Azərbaycan siyasətçiləri arasında İlham Əliyevin əsas fərqli cəhəti və üstünlüyü onun dünyamiqyaslı görkəmli dövlət xadimi Heydər Əliyevin böyük sınaqlardan çıxmış dövlətçilik məktəbini real şəkildə keçməsi ilə əlaqədardır. Zəngin təcrübəyə malik uzaqgörən dövlət xadimi Heydər Əliyevin həm Azərbaycan Sovet Respublikasında keçmiş şərəfli mübarizə yolundan, həm də Sovetlər İttifaqının ən yüksək idarəetmə qurumlarında: Siyasi Büroda və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindəki məsuliyyətli və keşməkeşli fəaliyyətinin dərslərindən öyrənmək baxımından İlham Əliyev geniş imkanlara malik olmuşdur. Bundan başqa, Azərbaycan Respublikasına prezident seçkisi ərəfəsində, 1 oktyabr 2003-cü il tarixdə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqına müraciətində dünya miqyaslı böyük siyasətçinin verdiyi müdrik xarakteristika İlham Əliyevin siyasi taleyində xüsusi əhəmiyyətə malik olmuşdur. Azərbaycan xalqına tarixi müraciəti görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən İlham Əliyevə verilmiş mühüm dövlət başçısı etibarnaməsidir. “Azərbaycan xalqına müraciət”də ifadə olunmuş fikirlər həm 2003-cü ilin prezident seçkilərində, həm də, ümumiyyətlə, İlham Əliyevin siyasi taleyində mühüm istiqamətverici rol oynamışdır: “Üzümü sizə, həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektual, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
İkincisi isə, İlham Əliyevin Azərbaycanda 2003-cü ilin prezident seçkilərinə qədər keçdiyi çətin və şərəfli yol onun bu mühüm və məsuliyyətli vəzifəyə seçilməsini təmin edən mühüm amillər olmuşdur. Belə ki, 1977-1982-ci illərdə keçmiş SSRİ-də ən inkişaf etmiş ali təhsil ocaqlarından biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində yüksək təhsil alması və orada müəllim kimi dərs deməsi, dissertasiya müdafiə edərək elmi dərəcə qazanması onun aydın dövlətçilik dünyagörüşünə yiyələnməsində özünəməxsus rol oynamışdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinə 1995-2000-ci illərdə böyük bacarıqla başçılıq etməsi, bu mötəbər beynəlxalq qurumun sədrinin müavini seçilməsi İlham Əliyevin dünyada gedən ictimai-siyasi prosesləri, dövlətlərarası münasibətlərin görünən və görünməyən tərəflərini daha dərindən yaşamasına, nəticələr və qənaətlər əldə etməsinə şərait yaratmışdır.
Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidenti vəzifəsində respublikamızın əsas təbii sərvəti və mühüm maliyyə bazası olan neft gəlirlərinin daha da inkişaf etdirilməsi prosesində 1994-2003-cü illərdə yaxından iştirak etməsi də gənc siyasətçinin müstəqil dövlətin iqtisadi strategiyasının əsaslarını və perspektivlərini əyani şəkildə müşahidə etməsinə, real olaraq bu işin həyata keçirilməsinin əsas icraçılarından biri olmasına şərait yaratmışdır. Hələ 1997-ci ildən böyük təşəbbüskarlıqla həyata keçirməyə başladığı Azərbaycan Olimpiya Komitəsinin sədrliyi vəzifəsi onun ölkə həyatının bütün sahələri ilə yaxından tanış olmasına meydan açmışdır. Yeni Azərbaycan Partiyasının Sədrinin müavini kimi 1999-cu ildən və YAP Sədrinin birinci müavini olaraq 2001-ci ildən etibarən cəmiyyətin siyasi həyatında keçdiyi şərəfli yol İlham Əliyevi müstəqil dövlətin başçısı vəzifəsinə daha da yaxınlaşdırmışdır. Nəhayət, Azərbaycan Respublikasının Baş naziri vəzifəsindəki 2003-cü ilin avqust ayından etibarən səmərəli fəaliyyəti qısamüddətli bir dövrü əhatə etsə də, onun artıq yeni tipli lider olduğunu xalqa çatdırmışdır. Keçdiyi məsuliyyətli yolun, yaşadığı ictimai-siyasi proseslərin çoxşaxəliliyinə görə dünya ölkələrinin rəhbərləri arasında İlham Əliyevlə müqayisə ediləcək liderlər göstərmək çətindir.
Bütün bunlara görə 15 oktyabr 2003-cü il prezident seçkilərində Azərbaycan xalqı çətin sınaqlardan uğurla çıxaraq ümumxalq inamı qazanmış Heydər Əliyev yolunda və müasir tarixi epoxada yeni təfəkkürə malik liderlik qabiliyyətləri ilə cəmiyyətin önündə gedən, Avropada və Müstəqil Dövlətlər Birliyi ölkələrində kifayət qədər yaxşı tanınan, fərqli siyasətçi kimi diqqəti cəlb edən İlham Əliyevə səs vermişdir. İlk dəfə iştirak etdiyi prezident seçkilərində birinci turda 76 faiz səs toplayaraq qalib gəlməsi artıq İlham Əliyevin ölkədə xüsusi nüfuza malik olduğunu sübut etmişdir. Bəzi antimilli müxalifət təmsilçiləri və onları qızışdırmağa çalışan xarici ölkələrin məkrli dairələri demokratik yolla və mütəşəkkil şəkildə keçirilmiş seçkilərin nəticələrini süni şəkildə şübhəyə almaq istəsələr də, bu bədxah niyyət baş tutmamışdır. Çünki “İlhamla irəli” şüarı altında keçirilən prezident seçkilərində Azərbaycan xalqı görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi müstəqil dövlətçilik yolunun davam etdirilməsinin ölkəmiz üçün ən doğru yol olduğuna inamını ifadə etmişdir. Bir çox mötəbər beynəlxalq təşkilatlar Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrini dərhal tanımışdır. Seçkilərdə İlham Əliyevin müasir təfəkkürə malik yeni tipli lider olması faktoru da xüsusi əhəmiyyət kəsb etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil dövlətimizə rəhbərliyinin birinci dövrü ilk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi və özündən əvvəl başlanmış mühüm siyasi-iqtisadi əhəmiyyətə malik olan layihələrin uğurla davam etdirilərək başa çatdırılması ilə səciyyələnmişdir. Bu məqsədlə 1994-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən imzalanmış və “Əsrin müqaviləsi” adı ilə beynəlxalq aləmə səs salan neft kontraktının həyata keçirilməsi istiqamətində dövlət səviyyəsində geniş, ardıcıl və məqsədyönlü iş aparılmış, qarşıya çıxan bütün maneələr qətiyyətlə aradan qaldırılmış, həmin möhtəşəm layihə böyük uğurla tamamlanmışdır.
“Əsrin müqaviləsi”nin şərtlərinə əsasən xarici sərmayədarların Azərbaycan neftinin çıxarılması, istehsalı və nəql edilməsi sahələrinə qoyduqları investisiya ölkədə neft sənayesinin ən müasir texnologiya əsasında yenidən qurulmasını təmin etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şİrkətinin təsisçiliyi ilə yaradılmış birgə müəssisələr, törəmə şirkətlər və nümayəndəliklər ölkəmizdə neft-qaz sənayesinin bütün sahələrində böyük canlanmanın yaradılmasına ciddi təkan vermişdir. “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının yenidən qurulması və müasir avadanlıqlarla təmin edilməsi, habelə 1999-cü ildə Xəzər dənizində “Şahdəniz” qaz yatağının kəşf edilməsi ilə Azərbaycan zəngin neft-qaz ölkəsi kimi tanınmışdır. Bütün bunlardan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin və 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişinin başa çatdırılması və beynəlxalq miqyasda rəsmi açılışı mərasimlərinin keçirilməsi, istismara başlamasına start verilməsi vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının uğurla davam etdirilməsinə, ölkəyə real gəlir gətirməsinə səbəb olmuşdur. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz magistralları müstəqil Azərbaycan dövlətinin neft siyasətinin tarixi qələbəsi və böyük təntənəsidir. Bu nəhəng layihələr Azərbaycan üçün olduğu kimi, region dövlətləri və bütün dünya üçün də mühüm əhəmiyyətə malikdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi ilə cahan xəritəsində kiçik ölkələrdən biri kimi qeyd olunan Azərbaycan Respublikası dünya üçün sanki günəş ölkə kimi yenidən doğmuşdur. Beynəlxalq əhəmiyyətə malik olan bu möhtəşəm layihənin gerçəkləşdirilməsi ilə müstəqil Azərbaycan, sadəcə, yeni limanlar və nəhəng rezervuarlar yox, nəticə etibarilə dost ölkələr və etibarlı müttəfiqlər də qazanmışdır. Ceyhandan yola salınan ağırtonlu gəmilər və tankerlər Azərbaycanı Avropa ölkələri və ümumən, dünya iqtisadiyyatı ilə üzvi surətdə bağlayır.
Uğurlu neft siyasəti ilə yanaşı, 2004-2008-ci illərdə Azərbaycanda regionların inkişaf etdirilməsi siyasətinin həyata keçirilməsi işinin dövlət səviyyəsində təşkili də Prezident İlham Əliyevin adı və fəaliyyəti ilə bilavasitə əlaqədardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət Proqramı (2004-2008-ci illər) haqqında”kı 11 fevral 2004-cü il tarixli Fərmanı ilə müəyyən edilmiş kompleks vəzifələrin icra edilməsi ilə ölkəmizdə kəndlərin, rayon mərkəzlərinin, qəsəbələrin və şəhərlərin siması dəyişmişdir. Doğru olaraq qeyd edildiyi kimi, dövlət başçısının respublikanın rayonlarına ardıcıl səfərlər etməsi, vəziyyətlə yerində tanış olması, problemləri aradan qaldırmaq üçün əlavə tədbirlər görməsi bu mühüm iqtisadi proqramın həyata keçirilməsinə böyük stimul vermişdir. Nəticədə regionlarda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilmiş, yeni sənayeləşdirmənin əsası qoyulmuş, çoxsaylı iş yerləri açılmışdır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında hərtərəfli və sürətli inkişafa nail olunmuş, burada hərbi müdafiə işinin möhkəmləndirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Qaçqınların və məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq üçün ayrı-ayrı ərazilərdə ilk qaçqın şəhərcikləri salınmışdır. Elm, təhsil, mədəniyyət, səhiyyə və idman sahələrində nəzərəçarpacaq inkişaf baş vermişdir. Azərbaycanda turizmin inkişafı sahəsində ilk addımların atılmasına başlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində beynəlxalq münasibətlər və xarici siyasət istiqamətində də mühüm nəticələr əldə edilmişdir. Prezident İlham Əliyevin Türkiyə Cümhuriyyətinə, Avropa və Asiya ölkələrinə etdiyi rəsmi dövlət səfərləri, keçirdiyi işgüzar görüşlər və müzakirələr Azərbaycan Respublikasının xarici siyasətdəki tarazlaşdırma prinsipinin yerinə yetirilməsinə, qısa müddətdən sonra müstəqil siyasətin yürüdülməsinə öz töhfələrini vermişdir. Azərbaycan Respublikası qonşu dövlətlərlə əlaqələrini daha da yaxşılaşdırmış və dünya birliyində etibarlı tərəfdaş ölkə kimi tanınmışdır. Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev həyata keçirdiyi düşünülmüş islahatlarla və bütün sahələr üzrə qazandığı uğurlarla böyük siyasətdə və dövlətin idarə olunmasında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik yolunun layiqli və yaradıcı davamçısı olduğunu isbat etmişdir.
Azərbaycan Respublikasının yüksək səviyyədə idarə olunmasına və beynəlxalq arenada qazandığı böyük uğurlara görə 15 oktyabr 2008-ci ildə ölkəmizdə keçirilmiş prezident seçkilərində İlham Əliyev ikinci dəfə Azərbaycan xalqının böyük etimadını qazanaraq, seçicilərin 88,77 faiz səsini əldə etməyə nail olmuşdur. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xalqımız tərəfindən göstərilən yüksək etimadın əyani nümunəsi idi. Prezident İlham Əliyev 2008-2013-cü illərdə də Azərbaycan Respublikasına uğurla rəhbərlik edərək, xalqımızı və ölkəmizi daha böyük nailiyyətlərə doğru aparmışdır. Bu məqsədlə cəmiyyət həyatının bütün sahələrində keçirilən genişmiqyaslı islahatlar böyük bəhrə vermişdir. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixdə imzaladığı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icrası ölkədə regionların inkişafında yeni mərhələnin yaradılması ilə nəticələnmişdir. Aparılan məqsədyönlü siyasət regionlarda yerli sənaye sahələrinin daha da inkişaf etdirilməsinə və qeyri-neft sektorunun, aqrar sahənin aparıcı istiqamətlərdən biri kimi prioritet istiqamətə çevrilməsinə gətirib çıxarmışdır. Bu mühüm tarixi mərhələdə dövlət büdcəsinin formalaşdırılmasında artıq qeyri-neft sektorundan əldə edilən gəlirlər də müəyyən yer tutmuşdur. Regionların inkişaf etdirilməsinin ikinci fazası regional iqtisadi inkişafın şəbəkəsinin daha da genişləndirilməsi ilə müşayiət olunmuşdur. Bu isə öz növbəsində Azərbaycanın regionlarında çoxsaylı daimi iş yerlərinin açılmasına imkan yaratmış, kənddən şəhərə axının qarşısını almışdır.
Ölkədəki hərtərəfli və dinamik inkişaf Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi zərurətini meydana çıxarmışdır. Enerji sektorundan və neft-qaz hasilatından əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişaf etdirilməsinə yönləndirilməsi bütün sahələr üzrə inkişafın təmin edilməsinə meydan açmışdır. Azərbaycan Respublikasının neft gəlirlərindən asılı olmayan iqtisadiyyatının formalaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl siyasət özünün real bəhrələrini verməyə başlamışdır. Bank işi, aqrar sektor, xidmət sferası, turizm, nəqliyyat sahələri Azərbaycanın çoxşaxəli inkişafının aparıcı istiqamətlərinə çevrilmə prosesinə qədəm qoymuşdur. Məcburi köçkünlərin və qaçqınların problemlərinin həll edilməsi üçün şəhərciklərin yaradılması şəbəkəsi genişləndirilmişdir. Enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə böyük məsafələr qət edilmişdir. Azərbaycan Respublikasının beynəlxalq nüfuzu artmış, tərəfdaşları daha çox olmuşdur. Xüsusən Azərbaycan Respublikasının 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilmiş seçkilərdə 129 səs qarşılığında 155 səs toplayaraq qələbə qazanması beynəlxalq miqyasda əldə olunmuş böyük uğurun mühüm göstəricisinə çevrilmişdir.
Dövlət başçısı İlham Əliyev 2013-cü ilin prezident seçkilərinə artıq tam qərarlaşmış ictimai-siyasi sabitlik, şaxələndirilmiş iqtisadi inkişaf və güclü beynəlxalq nüfuza malik olmaq kimi mühüm göstəricilərlə getmişdir. Prezident seçkiləri ərəfəsində Davos Dünya İqtisadi Forumunun 2012-2013-cü illər üzrə Qlobal Rəqabətqabiliyyətlilik İndeksinə görə, Azərbaycan dünyada 46-cı, MDB məkanında birinci yerə çıxmışdır. Bütün bunlar İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində də siyasi rəqibləri ilə müqayisə edilməyəcək səviyyədə çox səs qazanaraq, dövlət başçısı vəzifəsinə növbəti dəfə mandat alması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının prezidenti seçkilərində, 9 oktyabr 2013-cü ildə keçirilmiş səsvermədə İlham Əliyevin qazandığı 84, 54 faiz səs Müstəqil Dövlətlər Birliyi məkanında rekord göstəricilərdən biri idi.
Seçkiqabağı proseslərin təşkili, seçkilərdə bütün zəruri prosedurlara ciddi əməl olunması, alternativ namizədlərin hər birinin dövlət başçısı vəzifəsinə seçilmək üçün bərabər şəraitdə mübarizə aparmalarına imkan yaradılması 2013-cü ildə Azərbaycanda ən yüksək demokratik seçki prosesinin baş tutmasını təmin etmişdir. Prezident seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə, şəffaf və demokratik şəraitdə keçirilməsi həm də Azərbaycan Respublikasında müstəqillik illərində nümunəvi seçki mədəniyyətinin formalaşmasını nümayiş etdirmişdir. Müxtəlif siyasi partiyalardan olan on nəfər namizədin iştirak etdiyi prezident seçkilərində seçici fəallığının 72,31 faiz təşkil etməsi mühüm göstərici idi. Çoxpartiyalı əsasda keçirilmiş seçkilərdə müxalifət partiyalarından Milli Şuranın, Milli Dirçəliş Hərəkatı, Ümid, Azərbaycan Sosial Demokrat, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Azərbaycan Demokrat, Ədalət, Müsavat və Müasir Müsavat Partiyalarının namizədlərinin prezidentlik postu uğrunda mübarizə aparmaları şəraitində İlham Əliyevin inamlı qələbə qazanması həm də dövlət başçımızın təmsil etdiyi Yeni Azərbaycan Partiyasının zəfər çalması demək idi. Seçkiqabağı proseslərdə və seçkilərin gedişində bir neçə exit-pol təşkilatının iştirak etməsi və bu bir-birindən fərqli beynəlxalq qurumların proqnozları ilə İlham Əliyevin seçki göstəricilərinin tam səsləşməsi 2013-ci il səsverməsinin de-fakto real və şəffaf olduğunu aşkar şəkildə nümayiş etdirmişdir.
2013-2018-ci illərdə Azərbaycan Respublikası çətin sınaqlardan uğurla çıxaraq xüsusi inkişaf mərhələsinə çatmaq missiyasını yerinə yetirmək dövrünə daxil olmuşdur. Bu illər ərzində çoxvektorlu və çoxşaxəli iqtisadi-mədəni inkişafın möhkəm əsasları yaradılmışdır. Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında nəinki öz mövqelərin möhkəmləndirmiş, hətta siyasi-iqtisadi imkanlarını daha da genişləndirmişdir. Respublikada mühüm göstəricilər üzrə davamlı və dayanıqlı inkişafın təmin edilməsi, məqsədyönlü şəkildə istiqamətləndirilməsi nəticə etibarilə sürətli, dinamik və hərtərəfli inkişafın əsaslarının yaradılmasına səbəb olmuşdur. Məhz bütün bunlardan sonra ölkədə rəqabətədavamlı güclü iqtisadiyyat yaradılmış, dünya bazarlarına çıxarmaq üçün ixrac məhsullarının kəmiyyət və keyfiyyət göstəriciləri yüksələn xətlə inkişaf etmişdir. Naxçıvan Muxtar Respublikası 2014-cü ildə rəqabətədavamlı iqtisadi inkişaf göstəricilərinə görə iqtisadi rayonlar arasında birincilik qazanmışdır.
Prezident İlham Əliyevin apardığı düşünülmüş və müstəqil siyasət nəticəsində beynəlxalq aləmdə Azərbaycanın nüfuz dairəsi artmış, dövlətlərarası münasibətlərdə əlaqələrimiz daha da güclənmişdir. Azərbaycan Respublikasının Avropa İttifaqının Nazirlər Şurasına sədrlik etmək səlahiyyəti qazanması ölkəmizin qərbyönlü müstəqil inkişafının mühüm göstəricilərindən biri sayılmalıdır. Azərbaycan Respublikasının sədrlik etdiyi dövrdə Avropa miqyasında dövlətlərarası münasibətlər baxımından aktual olan məsələlərin müzakirə edilərək zəruri qərarların qəbul olunması, dünya birliyi səviyyəsində ölkəmizin, xüsusən də Prezident İlham Əliyevin əsl söz sahibi olması faktının sübutuna çevrilmişdir. Regional siyasətdə, xüsusən Qafqaz siyasətində də Azərbaycanın rəyi və mövqeyi həlledici faktor hesab olunmuşdur. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə qazandığı böyük uğurlar Prezident İlham Əliyevin adı, yorulmaz fəaliyyəti və məqsədyönlü siyasəti ilə birbaşa əlaqədardır. Dünya birliyi görkəmli dövlət başçısı İlham Əliyevi həm də beynəlxalq aləmdə söz və nüfuz sahibi olan bir lider kimi qəbul etmişdir.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin başa çatdırılması da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsidir. Bununla Azərbaycan Respublikası XXI əsrin İpək yolunun əsas yaradıcılarından biri statusu qazanmışdır. Bakı-Tbilisi-Qars magistralının Dəmir İpək Yolu adlandırılması ölkəmizin Avropa ilə Asiya arasında möhkəm və əsaslı körpü yaratmaq funksiyasını həyata keçirməsinin sübutudur. Eyni zamanda Azərbaycan böyük uğurla keçirilmiş Birinci Avropa Olimpiya Oyunları və IV İslam Oyunlarının doğurduğu geniş əks-səda Avrasiya ölkələri ilə əlaqələrimizin daha da möhkəmləndirilməsinə geniş meydan açmışdır.
Azərbaycan Respublikasının inkişafının 2013-2018-ci illər dövrü həm də ölkəmizin siyasi dialoq məkanına çevrildiyi bir mərhələdir. Bu tarixi mərhələdə Azərbaycanda keçirilmiş mədəniyyətlərarası və dinlərarası dialoq tədbirləri beynəlxalq aləmdə qarşıdurmaların azaldılmasına, ziddiyyətlərin danışıqlar və müzakirələr yolu ilə, sülh şəraitində aradan qaldırılmasına, xalqlar və ölkələrarası inteqrasiyanın dərinləşdirilməsinə və genişləndirilməsinə xidmət etmişdir. Hətta bir çox münaqişəli məsələlərin müzakirə edilməsi üçün tərəflərin Azərbaycanı, Bakı şəhərini seçməsi və həmin məsuliyyətli görüşlərin tam təhlükəsizlik şəraitində və yüksək səviyyədə keçirilməsinin təşkili Azərbaycan Respublikasının beynəlxalq aləmdə qazandığı böyük imicin real göstəricilərindəndir.
Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” kimi bəyan edilməsi və il ərzində həmin istiqamətlərdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi beynəlxalq aləmdə dünya ölkələrində birlik və həmrəyliyin bərqərar olmasına ölkəmizin sanballı töhfəsidir. Dövlət başçısının rəhbərliyi ilə möhkəm əsasları yaradılmış multikilturalizmin Azərbaycan modeli dünya ölkələri üçün gerçək və nümunəvi bir örnəkdir. Azərbaycanda isə müdrik dövlət siyasəti nəticəsində multikulturalizmin həyat tərzinə çevrilməsi, ölkəmizdəki bütün xalqların birgəyaşayışının təmin edilməsi, azsaylı xalqların təhsilinə, mədəniyyətlərinin inkişafına qayğı göstərməsi monolik birliyin yaradılması ilə nəticələnmişdir.
Beləliklə, 2013-2018-ci illərdə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət və həyata keçirdiyi uğurlu islahatlar nəticəsində Azərbaycan Respublikası lider dövlətlərdən biri səviyyəsinə yüksəlmişdir. Artıq İlham Əliyev dünyanın tanınmış, aparıcı ölkələrinin liderləri ilə müqayisə oluna biləcək yeni tipli və müstəqil siyasət aparan dövlət xadimi kimi qəbul edilmişdir. Bu isə öz növbəsində Azərbaycan Respublikasında müstəqillik dövrünün İlham Əliyev erasının yarandığını diqqət mərkəzinə çəkmişdir. İlham Əliyev erası - müstəqillik tariximizin davamlı və dayanıqlı inkişafının, sürətli və hərtərəfli yüksəlişinin xüsusi inkişaf mərhələsi olub, sistemli şəkildə inkişafda olan və perspektivli bir ölkə səviyyəsinə çatmasını, daha böyük gələcəyə doğru inamla getməsini özündə əyani surətdə ifadə edən tarixi bir dövrdür.
Məhz ölkə miqyasında və beynəlxalq aləmdə mühüm nailiyyətlər qazanmış, ölkəsini bütün yönləri ilə inkişaf etdirmiş görkəmli dövlət lideri növbədənkənar seçkilərə getmək haqqında qərar qəbul edə bilər. Müstəqil dövlətimizin hərtərəfli şəkildə inkişaf etdirilməsi sahəsindəki xüsusi xidmətləri və dünya birliyində qazandığı böyük imic Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ildə növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qəti qərara gəlməsinə imkan yaratmışdır. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamı ilə 11 aprel 2018-ci il tarixdə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qəbul etdiyi qərar xalqımız qarşısında bütün öhdəliklərini yüksək səviyyədə yerinə yetirmiş qalib Prezidentin özünəinamının əyani ifadəsidir. Bununla bərabər, 2018-ci ildə Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi həm də ölkəmizdə cəmiyyət həyatının bütün sahələrində daha böyük nailiyyətlər qazanmaq, respublikanı daha möhtəşəm inkişafa doğru aparmaq üçün yeni və genişmiqyaslı islahatlar həyata keçirmək üçün əlavə vaxt və imkan qazanmaq məqsədi daşımışdır. Əslində, Azərbaycan Respublikasının Nazirlər Kabinetində aparılacaq islahatların, Milli Məclisdə formalaşdırılması nəzərdə tutulan yeni siyasi konfiquriyasiyanın, ölkə həyatının bütün sahələrini əhatə edən dəyişikliklərin həyata keçirilməsinə nail olmaq üçün növbədənkənar prezident seçkilərinin keçirilməsi zəruri və əhəmiyyətli bir faktora çevrilmişdir. Buna görə də Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarına əsasən, 10 oktyabr 2018-ci il tarixə təyin edilməli olan prezident seçkilərinin 11 aprel 2018-ci ilə keçirilməsi respublikada daha böyük və genişmiqyaslı islahatlar naminə atılmış addım idi. Seçkiqabağı proseslərdə namizədlikləri irəli sürülmüş 13 nəfər iddiaçıdan Mərkəzi Seçki Komissiyasında iddiası təsdiq olunmuş 8 nəfər namizədin iştirakı ilə keçirilmiş demokratik seçkilərdə həm də yeni nəsil siyasətçilərin iştirak etməsi əlamətdar hal hesab olunmalıdır. Dövlət müstəqilliyinin bərpa edilməsindən sonra Azərbaycan Respublikasında keçirilmiş ilk növbədənkənar prezident seçkisi olan bu səsvermədə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin 3 394 898 seçicinin etibarını qazanaraq 86,02 faiz səs toplaması seçkilərdə tam inamlı qələbənin əldə olunması deməkdir. Bu, Azərbaycanın müstəqillik tarixinə ilk növbədənkənar prezident seçkisi olmaqdan başqa, həm də güclü dövlət, güclü xalq və güclü liderin üzvü vəhdəti səviyyəsində qazanılan mühüm qələbə kimi də yaddaşlara yazılmışdır. Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin 18 aprel 2018-ci il tarixdə keçirilmiş andiçmə mərasimindəki nitqində növbədənkənar seçkilərin fəlsəfəsi xalqımıza çatdırılmaqla bərabər, həm də sanki yaxın gələcəkdə ölkəmizi gözləyən II Qarabağ - Vətən müharibəsinin də anonsu verilmişdir: “Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır... Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaransın... Bu reallıq həm də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir... Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır... Bu onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Bu onu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha güclü olmalıyıq və olacağıq!”
Müstəqil Azərbaycan dövlətinin tarixində yeni mərhələ kimi qiymətləndirilməli olan 2018-ci ildən başlanan yol bir çox mühüm istiqamətləri və xüsusiyyətləri ilə diqqəti cəlb edir. Birincisi, bu tarixi mərhələdə ölkənin idarə olunmasında yeni dalğaya nail olmaq üçün struktur və idarəetmə islahatları genişləndirilmiş, yeniləşdirilmiş kadr islahatları həyata keçirilmişdir. Nazirliklərin adları dəyişdirilmiş, funksiyaları konkretləşdirilmiş və müasirləşdirilmişdir. 2018-ci ildə iqtisadiyyat yönümlü bir neçə nazirlik, komitə və xidmətin birləşdirilməsi əsasında vahid İqtisadiyyat Nazirliyinin təşkil olunması ölkəmizdə dövlət idarəetməsinin və iqtisadiyyatın daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü struktur islahatıdır. Yaxud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanı ilə mövcud Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bazasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması və həmin nazirliyin tabeliyində İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyinin, habelə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis olunması yeni tarixi mərhələnin struktur və idarəetmə islahatlarının mühüm göstəriciləri sırasındadır. Bu qəbildən olan islahatlar dövlət idarəetməsinin daha da müasirləşdirilməsinə və operativ idarəetmənin normal təşkilinə, bir sözlə, irəliyə doğru inkişafa şərait yaradır.
İkincisi, dövlət idarəetməsinin təkmilləşdirilməsi ilə paralel şəkildə həyata keçirilən kadr islahatları mərkəzi aparatın və struktur bölmələrin idarə edilməsinə müasir təfəkkürə və qabiliyyətlərə malik yeni nəslin cəlb edilməsinin şəbəkəsinin genişləndirilməsinə yol açmışdır. Artıq müstəqil Azərbaycan dövlətinin idarəetmə strukturlarında gəncləşmə siyasəti həyata keçirilmiş, yeni simaların dövlətin idarə olunmasında rolu artmışdır. Bu isə respublikamızın inkişafı üçün idarəetməyə yeni qüvvələrin səfərbər edilməsi deməkdir. Bütün bunların nəticəsində müasir dövrdə idarəetmədə yeni təşəbbüslərin və fərqli yanaşmaların meydanı genişləndirilmişdir ki, bu da öz növbəsində bütün sahələrdə yenidən canlanmaya, iqtisadi nəticələrin nəzərəçarpacaq dərəcədə artımına səbəb olmuşdur.
Üçüncüsü, ölkəmizdə müstəqil dövlətçilik və azərbaycançılıq ideyaları əsasında vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsinə xüsusi diqqət yetirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il seçkilərindən sonra andiçmə mərasimində bəyan etdiyi fikirlər və çağırışlar ölkə üzrə azərbaycançılıq və vətənpərvərlik hərəkatının yeni dövrün əsas vəzifələrindən, prioritet istiqamətlərindən birinə çevrilməsinin göstəricisidir: “Azərbaycan uğurla inkişaf edib. Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək”.
Dördüncüsü, Azərbaycanda milli-mənəvi dəyərlərə, davamlı ənənələrin yaşadılmasına, klassik ədəbi-tarixi irsə qayıdış prosesi daha da dərinləşdirilmiş və genişləndirilmişdir. Bu baxımdan ölkəmizdə 2019-cu ilin “İmadəddin Nəsimi ili”, 2021-ci ilin isə “Nizami Gəncəvi ili” elan edilməsi bu qüdrətli ədəbi şəxsiyyətlərin taleyi, sənəti və ideallarının işığında xalqımızın keçdiyi mübarizə yolları və uğrunda çarpışdıqları ideallar yeni nəsillərə çatdırılmış, bu zəmində millilik, vətənpərvərlik və bəşərilik ideyalarının aşılanması sahəsində geniş iş aparılmışdır. Hazırda başa çatmaqda olan “Nizami Gəncəvi ili” dahi şair və mütəfəkkirin zəngin ədəbi irsi ilə birlikdə xalqımızın böyük dəyərlərinin və mənəvi ucalığının dünyaya çatdırılmasına, ölkəmizdə milli iftixar hisslərinin, humanizm tərbiyəsinin daha da möhkəmləndirilməsinə uğurla xidmət edir.
Beşincisi, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələri genişləndirilmiş və daha da möhkəmləndirilmişdir. Xüsusən Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi “Bir millət, iki dövlət” təlimi əsasında Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf etdirilərək, ən yüksək zirvəyə çatdırılmışdır. II Qarabağ - Vətən müharibəsində Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığı və əbədiliyi bütün dünyaya bəyan olunmuşdur. Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında 15 iyun 2021-ci il tarixdə imzalanmış “Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi” qardaş ölkələrin münasibətlərinin dönməzliyinin siyasi-diplomatik və hərbi-iqtisadi təminatının ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatına Sədrlik etməsi və Qoşulmama Hərəkatı ölkələrinin rəhbərləri ilə apardığı məqsədyönlü iş ölkəmizin beynəlxalq platformadakı imkanlarının daha da genişləndirilməsinə və möhkəmləndirilməsinə şərait yaratmışdır.
Və ən mühümü: Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, sərkərdəlik məharəti və “dəmir yumruğ”u nəticəsində 2020-ci ilin 44 günlük II Qarabağ - Vətən müharibəsində Ermənistanın 30 illik işğalından sonra Qarabağda qazanılmış tarixi Zəfər çoxəsrlik Azərbaycan tarixinin nadir və təkrarsız hadisəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda qazanılmış Zəfərlə ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir. Qarabağ Zəfəri regionda və dünyada yeni reallıqları meydana çıxarmış, daha böyük gələcəyin qurulmasına təkan vermişdir.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməkdə davam etdirilən işğaldan azad edilmiş torpaqlarımıza Böyük qayıdış hərəkatı Qarabağda dağıdılmış kəndlərin və şəhərlərin bərpa edilməsi və yenidən qurulması ilə bərabər, həm də bütövlükdə müstəqil Azərbaycanın daha güclü və parlaq gələcəyini də aydın şəkildə təsəvvür etməyə imkan verir.
Prezident İlham Əliyevin Ermənistan dövləti ilə sülh sazişi bağlamaq istiqamətindəki ardıcıl səyləri dövlət rəhbərimizin sülhsevərlik missiyasını dünyaya bəyan edir. Postmüharibə dövründə Zəngəzur və Laçın dəhlizlərində nəqliyyat-kommunikasiya qovşaqlarının yaradılması, bu logistika dəhlizlərinin açılması uğrunda apardığı davamlı mübarizə Prezident İlham Əliyevin həm ölkəmizin və həm də region dövlətlərinin inkişafına növbəti töhfəsi olacaqdır.
Artıq dünyada Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev Qalib Prezident, xalqımız isə Qalib xalq kimi qəbul olunur. Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması dövlət rəhbərinin çoxcəhətli xidmətləri ilə yanaşı, onun liderlik istedadının və beynəlxalq nüfuzunun dövlətlər səviyyəsində etiraf olunması deməkdir.
Müstəqil Azərbaycan dövləti Müzəffər Prezident və Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə daha böyük gələcəyə doğru qətiyyətlə addımlamaqda davam edir. Dünya liderləri sırasında xüsusi yeri və xalqımız qarşısında böyük xidmətləri olan Prezident İlham Əliyevin çoxcəhətli və yorulmaz fəaliyyətinin işığında Azərbaycanın hər sabahı daha parlaq və uğurlu görünür.
İsa Həbibbəyli
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik
"Azərbaycan" qəzeti