Muxtar respublikanın birinci instansiya məhkəmələrinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, seminar Nazirliyin təşkilatçılığı ilə muxtar respublikanın birinci instansiya məhkəmələrinin statistika sahəsində məsul əməkdaşlarının iştirakı ilə “Məhkəmə statistikasının aparılması qaydaları” mövzusunda təşkil olunub.
Seminarda qeyd edilib ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmələr fəaliyyətlərinə dair statistik hesabatlar tərtib edir və nazirliyə təqdim edirlər. Nazirlik məhkəmələrdən daxil olan illik və yarımillik statistik hesabatları ümumiləşdirir, məhkəmələr tərəfindən məhkəmə fəaliyyətinin təşkilinə dair aparılmış ümumiləşdirmələri öyrənir və təhlil edir.
Seminarda məhkəmə fəaliyyətinə dair statistik hesabat formaları barədə ətraflı məlumat verilib. Nazirliyin əməkdaşları tərəfindən məhkəmə işçilərinə statistik hesabatların işlənməsi qaydaları geniş şəkildə izah edilib, kargüzarlıq sahəsində lazımi tövsiyələr verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara ilin sonu ilə əlaqədar istifadə edilməsi üçün statistik hesabat formaları təqdim edilib.