Respublika Klinik Xəstəxanasının Şərur rayonunda keçirdiyi humanitar tibbi aksiyası başa çatıb - FOTOLAR
Bakı şəhərində fəaliyyət göstərən Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti hər il muxtar respublikamızda humanitar tibbi aksiyalar keçirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində fəaliyyət göstərən Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyətinin növbəti dəfə Şərur rayonunda keçirdiyi humanitar tibbi aksiya Prezident İlham Əliyevin doğum günü münasibətilə təşkil olunub. Aksiyada Respublika Klinik Xəstəxanasının peşəkar cərrahlarından Samir Aslanbəyli, Məsmə Həsənova, Sahib Hüseynov, mama-ginekoloq Zəhra Abbasova, kardioloq Gülnar Cəfərova, otolarinqoloq Anar Əsgərov, uroloq Ceyhun Cəlilov, endokrinoloq Gülxanım Qurbanova və başqaları olmaqla 21 müxtəlif ixtisaslı həkim iştirak edib. Tibbi heyət ümummilli liderimiz Heydər Əliyevin Şərur rayonunda yerləşən abidəsi önünə gələrək tər gül dəstələri qoyub, Ulu öndərin əziz xatirəsini yad ediblər. Şərur Şəhidlər Xiyabanını ziyarət edən aksiya iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda döyüşərək, şəhidlik zirvəsinə yüksələn qəhrəman şərurluların xatirəsini yad ediblər.
Qeyd edək ki, aksiya müddətində pasiyentlər cərrahi, hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə əhatə olunublar. Həkim heyəti tərəfindən əməliyyat olunması tövsiyə edilən sakinlərin pulsuz cərrahiyyə əməliyyatı da aparılıb. Cərrahi müdaxiləyə ehtiyacı olan 126 rayon sakini üzərində ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz və digər əməliyyatlar həyata keçirilib.
Xatırladaq ki, müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait də yaradılıb. Aksiya çərçivəsində Şərur Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti Bakıdan gələn həkimlərlə birgə əhaliyə xidmət göstəriblər. Muxtar respublikamızın bütün bölgələrində səhiyyə müəssisələrinin ən müasir tələblər əsasında qurulması və zəngin maddi-texniki təminat əhalinin sağlamlığının qorunması ilə yanaşı, həm də bu cür aksiyaların keçirilməsinə şərait yaradır. Bu şəraitdən növbəti dəfə yararlanan rayon sakinləri razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, dekabrın 20-dən başlayan humanitar tibbi aksiya bu gün başa çatıb. Aksiyadan 2050-dən çox rayon sakini yararlanıb.
Hafizə Əliyeva