Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 19-cu bəndinə əsasən, amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi mümkünlüyü də nəzərdə tutulur. Müstəqil Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş əfvetmə və bağışlama institutu şəxsiyyətə inam və hörmətin, insanpərvərlik ideyalarının cəmiyyətdə geniş yayılmasına dövlətin dəstəyinin ifadəsidir. İnsan hüquqlarının təminatı ilə bağlı ümumbəşəri prinsiplər konseptual əsasda ilk dəfə ulu öndərimizin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında - Əsas Qanununda öz əksini tapıb. İnsan hüquq və azadlıqlarının təmininin dövlətin ali məqsədi kimi təsbit olunduğu Konstitusiyanın üçdə bir hissəsini bu sahədəki mövcud beynəlxalq normalara əsaslanan müddəalar təşkil edir. Əsas Qanunumuzda insan hüquq və azadlıqlarına dair normalara əməl etmək, onları qorumaq bütün hakimiyyət orqanlarının borcu kimi müəyyən edilib. Həmçinin 2002 və 2009-cu illərdə Azərbaycan Respublikasının Konstitusiyasına insan haqlarının təmin olunması baxımından bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratik inkişafa təkan verib. Azərbaycan dövlətinin insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər, həyata keçirdiyi tədbirlər nəinki ölkədaxili səviyyədə, eyni zamanda regional və qlobal miqyasda mühüm əhəmiyyət kəsb etməklə özünün fundamental xarakteri ilə seçilir. Şərqdə ilk dəfə olaraq ölüm cəzasının məhz ölkəmizdə ləğv edilməsi gənc dövlətimizin humanist mahiyyətinin bariz təcəssümü kimi dəyərləndirilir. Hələ 1993-cü ildən ulu öndər Heydər Əliyev tərəfindən icrasına moratorium qoyulmuş bu müstəsna cəza növü 1998-ci ildə tamamilə ləğv edilib və bu addım həm ölkə ictimaiyyəti, həm də beynəlxalq birlik tərəfindən rəğbətlə qarşılanıb. Eyni zamanda ümummilli lider Heydər Əliyevin apardığı humanist siyasət nəticəsində əvvəl unudulmuş əfv və amnistiya təsisatları 1995-ci ildən bərpa olunub.
Ölkə həyatının digər sahələrində olduğu kimi cinayət-hüquq siyasətində də irəli sürülən humanizmin növbəti təzahürü olaraq Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin birinci ildönümü ilə bağlı bu zəfərin memarı olan müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüs əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli qərarın qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə vurğulanmalıdır ki, bu qərar indiyə qədər qəbul olunmuş amnistiya aktları sırasında öz əhatə dairəsinə görə ən genişidir.
1995-2021-ci illər ərzində məhkumların əfv edilməsi ilə bağlı 67 fərman və sərəncam imzalanıb, nəticədə 9 minə yaxın insan azadlığa çıxıb. Bu dövrdə yaranmış amnistiya elan edilməsi ənənəsi də çoxlu sayda məhkumun cəzasının yüngülləşdirilməsi və ya ləğv edilməsi ilə nəticələnib. İndiyədək Milli Məclis amnistiya haqqında 12 qərarı qəbul edib.
Amnistiya sözü yunancadan tərcümədə “bağışlamaq”, “unutmaq” mənasındadır. Amnistiya – cəzanın yüngülləşdirilməsi və ya ləğv edilməsidir. Bu, elə bir normativ-hüquq aktıdır ki, hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək sanksiyalardan azad edir, yaxud yüngülləşdirir, bu dövlətin iradəsi ilə həyata keçirilən humanist tədbirdir. Amnistiya aktları ölkə Konstitusiyası, cinayət, cinayət-prosessual, cəzaların icrası və digər qanunvericiliyə müvafiq olaraq qəbul və tətbiq edilir.
Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəlləsinin tələblərinə uyğun olaraq, amnistiya cəzaçəkmə müəssisələri, intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı, icra məmurları, təhqiqat və ya ibtidai istintaq orqanları, məhkəmələr tərəfindən tətbiq edilir və bu orqanların amnistiyanın tətbiqi barədə qərarlar müvafiq prokurorların razılığı ilə qəbul olunmalıdır. Prokurorluq orqanları öz icraatlarında olan cinayət işləri ilə bağlı amnistiyanın tələblərini də yerinə yetirir, bundan başqa, amnistiyanın icrasının vaxtında aparılmasına, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə də öz səlahiyyətləri daxilində köməklik göstərir, həmçinin dövlətimizin humanist siyasəti, amnistiya aktının mahiyyəti, cəmiyyətə inteqrasiyanın xüsusiyyətləri, mənəvi-əxlaqi dəyərlərin əhəmiyyəti, sağlam həyat tərzinin zəruriliyi barədə cəzadan azad edilmiş şəxslərlə fərdi söhbətlərin aparılmasını təmin edirlər.
“8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının birinci bəndi “Amnistiya tətbiq edilən şəxslərin dairəsi” adlandırılır. Bu bəndə nəzər yetirdikdə amnistiya tətbiq olunacaq məhbusların əhatə dairəsinin nə qədər geniş olduğunu görərik. Bununla bağlı bəzi faktları diqqətə çatdırmaq istərdim. Qərarda qeyd edilir ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilsinlər.
İlk növbədə, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları. Həmçinin Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər. Bu qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, 1948–1953-cü və 1988–1992-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər.
Qərarda amnistiyanın doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımıza da tətbiqi öz əksini tapıb. Belə ki, 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslərə amnistiya tətbiq olunacaq. Bunlarla yanaşı, 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər, o cümlədən keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa) bu humanist siyasətdən yararlanacaqlar.
Amnistiya aktı qadınlara, cinayət törədərkən 18 yaşına çatmamış şəxslərə, bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslərə, həmçinin birinci və ya ikinci dərəcə əlilliyi olan, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan, o cümlədən bu qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslərə şamil olunacaq.
Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının müdafiəsinə dövlət tərəfindən hər zaman xüsusi həssaslıqla yanaşılaraq, qeyd olunan sahəyə böyük diqqət və yüksək qayğı göstərilir ki, bu da cəmiyyətimizdə humanizm ənənələrinin hərtərəfli təşəkkül tapmasına və daha da möhkəmlənməsinə rəvac verir. Fərəhləndirici və qürurvericidir ki, ölkəmizdə hər bir istiqamətdə, o cümlədən sözügedən sahədə ardıcıl uğurlar əldə olunur ki, bütün bunlar da Azərbaycanın və azərbaycanlıların parlaq gələcəyini şərtləndirəcəkdir.
İbrahim Hüseynov
Naxçıvan şəhər prokurorluğunun
müstəntiqi, III dərəcəli hüquqşünas