Naxçıvan şəhərində aparılan quruculuq işləri davam etdirilir - FOTOLAR
Muxtar respublikamızda aparılan genişmiqyaslı quruculuq işlərindən Naxçıvan şəhərinə də böyük pay düşür. Bunu Naxçıvan şəhərinin Afiyəddin Cəlilov küçəsində inşa olunan yeni uşaq bağçasının tikintisində də aydın görmək mümkündür. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 8 nömrəli bu məktəbəqədər təhsil müəssisəsində qəbul otağı, müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, mətbəx, yeməkxana, camaşırxana, dərzi otağı, ərzaq və soyuducu anbarları olacaq. Bağçada azyaşlı uşaqlar üçün musiqi və oyun zalları, tibb otağı da nəzərdə tutulub. Yeni bağçada hər birində 15 uşaq olmaqla 2 körpəyaşlı və hər birində 20 uşaq olmaqla 9 bağçayaşlı qrup fəaliyyət göstərəcək. Məktəbəqədər təhsil müəssisəsində 11 qrupda, ümumilikdə, 210 uşaq təlim və tərbiyəyə cəlb olunacaq. Son tamamlama işləri görülən bağçada hazırda zəruri avadanlıq və əyani vəsaitlər, müasir mebel dəstləri qurulur, həyətdə gülkarlıqlar salınır, işıqlandırma sistemi quraşdırılır. Bir sözlə, azyaşlıların zövqünə uyğun qurulan yeni bağçada uşaqların həm normal təlim-tərbiyəsi, həm də istirahət və əyləncəsi üçün hər cür şərait yaradılıb.
Muxtar respublikamızda son illərdə insanların rahatlığına xidmət edən bir sıra layihələr icra olunur. Bu layihələr sırasında “ASAN xidmət” Mərkəzi xüsusi əhəmiyyəti ilə seçilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “ASAN xidmət” Mərkəzi yaradılıb və ötən ilin aprel ayından etibarən mərkəz üçün yeni binanın tikintisinə başlanılıb. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət inzibati binasında da işlər sürətlə aparılır. Tikintisi başa çatdırılan, dam örtüyü vurulan binanın daxilində hazırda suvaq və alçı işləri görülür. Fasadı müasir memarlıq üslubunda üzlənən binada yaxın günlərdə qapı və pəncərələrin salınmasına başlanılacaq. Layihəyə əsasən binanın zirzəmisində yeməkxana, anbar, texniki otaq, qazanxana, bufet, mətbəx, arxiv, digər mərtəbələrdə isə psixoloji xidmət, həkim və mühafizəçi otaqları, iclas zalı, arxiv, ofis və laboratoriya yerləşəcək. Xarici görünüşü, daxili dizaynı və tərtibatı ilə seçiləcək mərkəzdə gələcəkdə vətəndaşlara operativlik, məsuliyyət və rahatlıq prinsipləri əsasında müasir tələblərə cavab verən zəruri xidmətlər göstəriləcək.
Tural Tapdıqlı
“Nuh yurdu” qəzeti