Tarixi qədim, siması müasir Cəhri - FOTOLAR

A- A A+

Qədim və zəngin tarixə malik olan Naxçıvan dövlət müstəqilliyimizin yeni bəhrələrini yaşamaqdadır. Bu yeniliyin, inkişafın, tərəqqinin təməlində ulu öndər Heydər Əliyev siyasi yoluna dərin sədaqət, Vətənə və xalqa xidmət amalı dayanır. İstənilən bir bölgənin keçdiyi inkişaf yoluna nəzər salmaq üçün dünəninə ekskursiya etmək lazımdır. Naxçıvan da bu günləri asanlıqla əldə etməyib. Gəlin bir anlıq keçmişə qayıdaq. Ağır blokadanın ilk illəri: mənfur ermənilərin işğal və təcavüz siyasətinə görə anamız Azərbaycandan ayrı düşən bir yurd yeri düşünün. Bu yurdun insanları hansı çətinliklərə sinə gərmədi, nələrlə mübarizə aparmadı... Əvvəllcə ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək qədim diyar erməni işğalı təhlükəsindən qorundu. Günlərlə, aylarla işıqsız, qazsız, istilik sistemləri olmadan soyuq qış günlərini iliyinə qədər hiss etdi bu yurdun insanları. Bir parça çörəyi alıb evə aparmaq üçün saatlarla növbədə dayandılar, ərzaq qıtlığını gördülər, bir yandan oğul-uşağın gələcəyi ilə bağlı qayğı çəkdilər, yaşadıqları yer isə sovet dönəmindən qalma miskin görkəmdə...

Amma bir an belə olsun, gələcəyə olan inam itmədi. Hər zaman sabaha ümidlə baxıldı. Bu ümidin təməlində dahi liderin müəyyən etdiyi siyasi YOL dayanırdı. Bu yola göstərilən dərin sədaqət sayəsində Naxçıvan müstəqillik illərində QURUCU RƏHBƏRin əli ilə başdan-başa yenidən quruldu. Qurmaq, yaratmaq isə həm də tarixə çevrilmək deməkdir. Bir tarixçi kimi hesab edirəm, ki görülən işlərə ən böyük qiyməti həm də tarix verəcək. Tarix heç nəyi unutmur. Hər şeyi olduğu kimi yaddaşına həkk edir. Mənim kimi minlərlə insan üçün isti ana ocağı olan Cəhridə görülən işlər, həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri, insanların rahatlığına, rifah halına hesablanmış işlərin özü də bir tarixdir. Görülən işlərin miqyası o qədər geniş oldu ki, ötən il Cəhri kəndinə qəsəbə statusu verildi. Ali Məclis Sədrinin dediyi kimi: “Yaşayış məntəqələrinin böyüməsi, məskunlaşmanın artması, yeni qəsəbə və şəhərlərin yaranması müstəqil Azərbaycanın inkişaf reallıqlarıdır”.

Cəhri qəsəbəsi çox qədim tarixə malik bir yaşayış məntəqəsidir. Burada sistemli arxeoloji tədqiqatlar aparılmadığı üçün onun nə vaxt yaranması haqqında dəqiq fikir söyləmək mümkün deyil. Ancaq ərazisində indiyədək qalan “İşıqlar”, “Kəndtəpə”, “Meydantəpə” yaşayış məskənləri, “İsfəndiyar piri” ziyarətgahı, qəsəbədən şimalda Çalxanqala kimi möhtəşəm müdafiə qalasının mövcudluğu təsdiq edir ki, yaşayış məskəni çox qədim tarixə malikdir. Qəsəbənin ərazisində 2-3 min il bundan əvvələ aid maddi-mədəniyyət nümunələrinin tapılması da deyilən fikri təsdiq edir. Toponimika ilə məşğul olan alimlər qəsəbənin adı haqqında müxtəlif fikirlər söyləyiblər. Bəzi alimlərin fikrincə, Cəhri sözü “Çağrı” sözündən götürülüb və mənası “qartal” deməkdir. Azərbaycanın əksər yaşayış məskənlərinin adının mənşəyi müxtəlif etnosların (tayfaların) ərazidə məskunlaşması ilə əlaqədar olduğundan Cəhri qəsəbəsinin adının burada məskunlaşan türk tayfalarının adı ilə əlaqədar törəməsi fikri daha məqbul hesab edilir.

Cəhri haqqında orta əsr mənbələrində və tədqiqatçıların əsərlərində geniş məlumat yoxdur. Amma XIX əsr müəlliflərindən İ.Şopen 1852- ci ildə Sankt-Peterburqda nəşr etdirdiyi kitabında yazır ki, Cəhri yaşayış məntəqəsi XIII yüzillikdən məlumdur. Osmanlıların 1590-cı ildə tərtib etdikləri “İrəvan əyalətinin icmal dəftəri”ndən məlum olur ki, Cəhri Naxçıvan bölgəsinin ən böyük yaşayış məskənlərindən biri olub. Həmin vaxt Cəhrinin əhalisi osmanlılara 59 min 989 ağça vergi ödəmişdir. 1727-ci ildə tərtib olunan “Naxçıvan sancağının müfəssəl dəftəri”ndən aydın olur ki, həmin vaxt Cəhridə çoxlu üzüm və meyvə bağları, dəyirman, bəzirxana (kətan toxumundan yağ çəkilən yer) olub. Əhali əkinçiliklə, hevandarlıqla məşğul olub, buğda, arpa, darı, mərcimək, noxud, paxla, pambıq, çəltik, tənbəki əkib-becərib.

Rusiya ilə İran arasında 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsinə əsasən Naxçıvan ərazisi Rusiyaya birləşdirildikdən sonra 1837-ci ildə Naxçıvan şəhərində ilk dünyəvi məktəb açılıb. Bundan 48 il sonra 12 sentyabr 1885-ci ildə Cəhridə ilk dünyəvi məktəb fəaliyyətə başlayıb. 1892-ci ildə isə burada 4 çarpayıdan ibarət həkim-qəbul otağı yaradılıb.

Naxçıvanda Sovet hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə burada 3 qəza və 9 rayon yaradıldı. Həmin rayonlardan biri də Cəhri rayonu idi. Rayona aşağıdakı qəsəbə və kəndlər daxil edilib: Cəhri, Sust, Xıncab, Əznəbürd (Çalxanqala), Payız, Sultanabad, Sələsüz, Türkeş, Badamlı, Şada, Gərməçataq, Buzqov, Sultanbəy, Qarabay, (Qaraboya) İtqıran qəsəbəsi, Çigin-Almalı, Ağxaç, Göynük.

1933-cü ildə isə Azərbaycanda yeni rayonlaşma aparıldı. Həmin vaxt Cəhri kəndi yeni yaradılan və mərkəzi Naxçıvan şəhəri olan Naxçıvan rayonuna daxil edildi. 48 il Naxçıvan rayonunun tərkibində olan Cəhri kəndi 1978-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yeni yaradılan Babək rayonunun tərkibinə verilib.

Bu gün 11 mindən artıq əhalinin yaşadığı Cəhri qəsəbəsi müstəqilliyin işığında müasirliyə qovuşub, öz simasını dəyişib. 2014- cü ilin fevral ayında qəsəbədə geniş abadlıq-quruculuq işləri aparılıb. Bu gün qəsəbədə 828 şagird yerlik 1 və 405 şagird yerlik 2 nömrəli tam orta məktəblər kollektivlərin istifadəsindədir. Dövlətimizin yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkilinə göstərdiyi diqqət və qayğıya görə Cəhri qəsəbəsində Uşaq-Musiqi Məktəbi də yaradılıb. Burada 4 xidmət mərkəzi əhalinin istifadəsindədir. 2014-cü ildə istifadəyə verilən yeni xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları olmaqla 3 mağaza fəaliyyət göstərir. 2500-dən çox təsərrüfatı olan Cəhridə 2014-cü ildə sahə xəstəxanası əsaslı şəkildə yenidən qurularaq Ali Məclis Sədrinin iştirakı ilə əhalinin istifadəsinə verilib. Xəstəxanada stasionar və poliklinika şöbələri, eləcə də doğuş və ginekologiya bölməsi fəaliyyət göstərir.

387 hektar həyətyanı, 1006 hektar çöl torpağı olan Cəhridə əhalinin əsas məşğuliyyəti arıçılıq, əkinçilik və maldarlıqdır. Burada son illər dövlət maliyyə dəstəyi hesabına 4 heyvandarlıq, 7 arıçılıq olmaqla, 11 iri ailə təsərrüfatı fəaliyyətə başlayıb. Özəl bölməyə göstərilən qayğı nəticəsində qəsəbədə 2 ictimai iaşə və 7 istehsal sahəsi yaradılıb.

Dini-mənəvi dəyərlərə ehtiramla yanaşılan Cəhri qəsəbəsində 6 məscid və 2 mərasim evi vardır. Söhbət məscidlərdən düşmüşkən qeyd edək ki, qəsəbədə Ali Məclis Sədrinin himayəsi və qayğısı ilə yenidən tikilən və bu gün dindarların istifadəsinə verilən məscid muxtar respublika rəhbərinin İslami dəyərlərə göstərdiyi diqqətin daha bir ifadəsidir. Tarixi məscid sovet hakimiyyəti illərində anbar binası kimi istifadə olunurdu və bu, rejimin birbaşa apardığı siyasətlə bağlı idi. Məqsəd Azərbaycan xalqını dini və milli dəyərlərindən uzaq salmaq idi. Amma müstəqilliyimiz bizə həm də bu dəyərləri qaytardı. Cəhridə müasir layihə əsasında yenidən tikilən məscid tariximizə, zəngin keçmişimizə, milli və dini dəyərlərimizə olan hörmətin və diqqətin nümayişidir. Bir tarixçi alim, cəhrili kimi Ali Məclisin Sədrinə dərin minnətdarlığımı bildirirəm. Qədim və zəngin tarixə malik olan Naxçıvan dövlət müstəqilliyimizin yeni bəhrələrini yaşamaqdadır. Bu yeniliyin, inkişafın, tərəqqinin təməlində ulu öndər Heydər Əliyev siyasi yoluna dərin sədaqət, Vətənə və xalqa xidmət amalı dayanır. İstənilən bir bölgənin keçdiyi inkişaf yoluna nəzər salmaq üçün dünəninə ekskursiya etmək lazımdır. Naxçıvan da bu günləri asanlıqla əldə etməyib. Gəlin, bir anlıq keçmişə qayıdaq. Ağır blokadanın ilk illəri: mənfur ermənilərin işğal və təcavüz siyasətinə görə anamız Azərbaycandan ayrı düşən bir yurd yeri düşünün. Bu yurdun insanları hansı çətinliklərə sinə gərmədi, nələrlə mübarizə aparmadı... Əvvəlcə ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək qədim diyar erməni işğalı təhlükəsindən qorundu. Günlərlə, aylarla işıqsız, qazsız, istilik sistemləri olmadan soyuq qış günlərini iliyinə qədər hiss etdi bu yurdun insanları. Bir parça çörəyi alıb evə aparmaq üçün saatlarla növbədə dayandılar, ərzaq qıtlığını gördülər, bir yandan oğul-uşağın gələcəyi ilə bağlı qayğı çəkdilər, yaşadıqları yer isə sovet dönəmindən qalma miskin görkəmdə...

Məscidlə bərabər, qəsəbənin əsas yolları da abadlaşdırılır, yolun yataq hissəsi genişləndirilir. Nəzərə alsaq ki, Cəhridən yuxarı daha bir neçə yaşayış məntəqəsi yerləşir və onlardan üçü düşmənlə üzbəüz dayanıb, o zaman bu yolun abadlaşdırılmasının əhəmiyyəti bir daha ortaya çıxır. Bir sözlə, Cəhri qəsəbəsində tarixlə müasirlik vəhdətdədir.

                                                                   Fəxrəddin Səfərli

AMEA Naxçıvan Bölməsinin

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: