Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, muxtar respublika ərazisində mövcud meyvə bağları və yaşıllıq sahələrinin inventarlaşdırılması məqsədilə işçi qrupu yaradılıb, kameral şəraitdə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan (həyətyanı torpaq sahələri istisna olmaqla) meyvə bağları və yaşıllıq sahələrinin əraziləri müəyyənləşdirilib. Xidmətin mütəxəssisləri tərəfindən ərazi vahidləri üzrə ölçmə-dəqiqləşdirmə işləri aparılıb, meşə, meşə zolağı və çoxillik əkmələrin mülkiyyət növləri və sahələri dəqiqləşdirilib. Həmin ərazilərin mülkiyyət növləri və uqodiyalar üzrə xəritələri hazırlanıb, eksplikasiyası tərtib olunub.
Meşə sahələrinin inventarlaşdırılması zamanı Şərur rayonu üzrə 300, Babək rayonu üzrə 528, Ordubad rayonu üzrə 171, Culfa rayonu üzrə 229, Şahbuz rayonu üzrə 2735 və Naxçıvan şəhəri üzrə 32 hektar, ümumilikdə, muxtar respublika üzrə 3995 hektar meşə sahəsi müəyyənləşdirilərək xəritələşdirilib.
Bundan əlavə, muxtar respublika üzrə 888 hektar yaşıllıq zolağı müəyyən edilərək xəritələşdirilib. 2010-cu illə müqayisədə yaşıllıq zolaqlarının sahəsi 2,4 dəfə və ya 517 hektar artıb.
Həyətyanı torpaq sahələrində salınmış meyvə bağları istisna olmaqla, bütün mülkiyyət növləri üzrə plana alınmış 2359 hektar çoxillik əkmələrin 2004 hektarı meyvə bağları, 355 hektarı üzümlüklər olub. 2010-cu illə müqayisədə çoxillik əkmələrin sahəsi 82 faiz və ya 1228 hektar artırılaraq həyətyanı torpaq sahələrində salınmış meyvə bağları ilə birlikdə 6793 hektara çatdırılıb.
Qeyd edək ki, meyvə-tərəvəzə olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılmasına, müvafiq sahədə ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə, müasir texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin qurulmasına nail olmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə “2021- 2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib.