Naхçıvan Muхtar Rеspublikası Prоkurоrluğunun kollektivi sərhədçilərə bayram sovqatı aparıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naхçıvan Muхtar Rеspublikası Prоkurоrluğunun kollektivi 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Şərur rayonundakı sərhəd zastavasında olub. Səmimi görüşdə Naхçıvan Muхtar Rеspublikasının Prоkurоru, II dərəcəli Dövlət ədliyyə müşaviri Səbuhi Şahvеrdiyеv qeyd edib ki, muxtar respublikada əsgər heyəti və zabit-gizir ailələrinin sosial məişət şəraitinin daha da yaxşılaşdırılması, yeni xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi ardıcıl xarakter alıb. Sərhədlərimizin daha etibarlı mühafizəsi diqqət mərkəzində saxlanılır, hərbi hissələrin maddi-texniki bazası ilbəil gücləndirilir. Bu gün ordumuz müasir silahlarla təmin edilib. Bu da imkan verir ki, torpaqlarımız göz bəbəyi kimi qorunsun. Bunu Vətən müharibəsinin timsalında biz daha aydın gördük. Müzəffər ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ildir, işğal altında olan torpaqlarımızı düşməndən azad etdi. “Sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir”,- ulu öndər Heydər Əliyevin bu kəlamını diqqətə çatdıran Səbuhi Şahverdiyev bildirib ki, bu cür görüşlərin keçirilməsi, dövlət, xalq və ordunun həmrəyliyi əsgərlərin döyüş qabiliyyətinin yüksəldilməsinə mənəvi dayaq olur.
Muxtar respublika prokuroru vətənə sədaqətlə xidmət edən hərbçiləri bayramlar münasibətilə təbrik edərək onlara xidməti vəzifələrində uğurlar arzulayıb.
Zastavanın rəisi, baş leytenant Kamran Əhmədov bildirib ki, hazırda ərazidə hərbi qulluqçular və onların ailələri üçün yeni zastava kompleksi inşa olunur. Bu da hərbçilərimizə göstərilən daha bir qayğının nümunəsidir. Zabit Kamran Əhmədov və əsgər Əfsəl Əsgərov göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra gətirilən bayram sovqatı zastavaya təhvil verilib.
Turab Hacızadə