Vətən müharibəsində qazandığımız qələbənin əsasında xalqımızın həmrəyliyi, xalq-ordu birliyi dayanırdı - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Naxçıvan Şəhər İcra Hakimiyyəti, “Naxçıvan Təmiz Şəhər” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Fərda şirniyyat” istehsal müəssisəsinin kollektivlərinin Naxçıvan şəhərindəki hərbi hissədə əsgərlə görüşü zamanı səsləndirilib.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunmuş görüşdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov bayram günlərində hərbi hissələrə sovqatların aparılmasını, əsgərlərlə həmrəylik nümayiş etdirilməsini xalq-ordu birliyinin daha bir ifadəsi kimi qiymətləndirib. Qeyd olunub ki, son illər ordu quruculuğu istiqamətində görülən işlər silahlı qüvvələrin regionun ən qüdrətli ordusu olması ilə nəticələnib. Bunun nəticəsidir ki, ordumuz ötən il düşmən təxribatının qarşısını almaq məqsədilə başladığı və 44 gün davam edən Vətən müharibəsində tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azad olundu. Vətən müharibəsində qazandığımız qələbənin əsasında isə xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın iradəsi, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti dayanır. Bu mənada, qazanılan qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi.
“Azərbaycan əsgərinin heç nəyə ehtiyacı yoxdur, belə görüşlərin məqsədi əsgərlərlə bir araya gəlmək, onlara mənəvi dayaq olmaqdır”,- deyən icra başçısı bayramlar münasibətilə hərbi qulluqçuları təbrik edib, xidməti vəzifələrində uğurlar arzulayıb.
Hərbi hissənin zabiti, polkovnik-leytenant Orxan Quliyev göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonra gətirilmiş bayram sovqatı əsgərlərə təqdim edilib.
Mədinə Rəhimli