AMEA Naxçıvan Bölməsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyəti barədə məlumat verib, soydaşlarımızın birliyini təsdiq edən bu tarixi günün xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, ulu öndər hələ 70-ci illərdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir araya gəlməsi, onların milli birlik və həmrəyliyinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib.
İsmayıl Hacıyev qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Ali Məclisdə qəbul olunmuş qərarla elan edilib. Dünya azərbaycanlılarının vahid dövlət ideyası ətrafında birləşməsi hərəkatı məhz həmin qərarla başlanıb. Bu həmrəylik torpaqlarımızın azad olunmasında da bir xalq kimi gücümüzü göstərdi. 44 günlük Vətən müharibəsində xalqımızın qəhrəmanlıq rəşadəti bütün dünyaya bəyan oldu. Birliyimiz, həmrəyliyimiz vahid bir xalq kimi sarsılmazlığımızı nümayiş etdirdi.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov bildirib ki, ulu öndərin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktuallığını qoruyur, bu siyasət dahi şəxsiyyətin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ardıcıl və qətiyyətli addımlar atılır.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Hacı Fəxrəddin Səfərli əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsinin Azərbaycanın dünya dövlətləri sırasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına təkan verdiyini xüsusi olaraq vurğulayıb.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.
Adilə Səfərova