Əlamətdar günlərdə, bayramlarda əsgərlərimizin yanında olmaq, hərbi hissələrə sovqat aparmaq, yardımlar göstərmək dövlət-xalq-ordu birliyini təcəssüm etdirir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu xeyirxah ənənəni davam etdirən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kollektivi “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının qonağı olub.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sərhədçiləri təbrik edən Komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli vurğulayıb ki, ordumuzun döyüş qabiliyyətinin artırılması, ölkəmizdə güclü hərbi potensialın yaradılması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Prezidentlik fəaliyyətində prioritet istiqamətlərdən biri olub. 44 günlük Vətən müharibəsi ordumuzun qüdrətini, xalqımızın qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında naxçıvanlı əsgər və zabitlər böyük şücaət və fədakarlıq nümunəsi göstərdilər. Dövlət sərhədindən buraxılış məntəqələrində gömrükçülərlə sərhədçilərin çiyin-çiyinə xidmət apardığını qeyd edən Komitə sədri muxtar respublikamızda dövlət-xalq-ordu birliyinin, həmrəyliyin nümunə gücündə olduğunu önə çəkib.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev dövlətimiz tərəfindən ordumuzun maddi-texniki təminatının ən yüksək səviyyədə həll edildiyini vurğulayıb.
Əsgər Şahin Xasməmmədov göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Sonra gətirilən bayram sovqatı sərhədçilərə təqdim olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə müxtəlif hərbi hissələrdə olub, əsgərlərimizə bayram sovqatı aparıblar.