Əmək pensiyalarının minimum məbləğinin artırılması muxtar respublika üzrə 2115 pensiyaçıya şamil ediləcək
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, artım muxtar respublika üzrə 1226 nəfərə yaşa görə, 733 nəfərə əlilliyə görə, 156 nəfərə ailə başçısını itirməyə görə, ümumilikdə isə 2115 nəfər əmək pensiyaçısına şamil ediləcəkdir. Bu artımların ödənilməsinin həyata keçirilməsinə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən hər ay orta hesabla 51 min 300 manat əlavə vəsait yönəldiləcəkdir.
Pensiyanın minimum məbləğinin artımı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının pensiya ödənişində qanunvericiliyə uyğun plastik bankomat kartları və poçt şöbələri vasitəsilə pensiyaçılara ödəniləcəkdir.
Qeyd edək ki, ölkə başçısı tərəfindən imzalanmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyasının minimum məbləğinin 2022-ci il 1 yanvar tarixindən artırılaraq 240 manat məbləğində müəyyən olunması pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır.
Dəyişikliyə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1-ci maddəsində (Əmək pensiyasının minimum məbləği) “1 oktyabr tarixindən 200 manat” sözləri “1 yanvar tarixindən 240 manat” sözləri ilə əvəz edilib. Beləliklə, minimum əmək pensiyasının məbləği 1 yanvar 2022-ci il tarixindən 200 manatdan artırılaraq 240 manata çatdırılıb. Bu da o deməkdir ki, həmin tarixdən 240 manatdan aşağı əmək pensiyası alan olmayacaqdır.