Ordubad şəhər tam orta internat məktəbində 42 uşağa hədiyyələr təqdim edilib - FOTOLAR
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Ordubad şəhər tam orta internat məktəbində tədbir keçirilib, məktəbin şagirdlərinə bayram sovqatları təqdim edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çay süfrəsi ətrafında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər.
Çıxışlarda qeyd edilib ki, uşaqların təhsili, milli ruhda təlim-tərbiyəsi, dünyagörüşünün formalaşması, sağlamlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılır, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə tarix-memarlıq abidələrinə, muzeylərə, istirahət guşələrinə ekskursiyaları təşkil olunur. Bildirilib ki, muxtar respublikada aparılan uğurlu dövlət uşaq siyasətinin nəticəsidir ki, uşaq müəssisələrində tərk edilmiş, həmçinin cinayət məsuliyyətinə cəlb edilmiş və uşaq əməyindən istifadə halları bugünədək aşkar edilməyib.
Təşkilatçılar tərəfindən məktəbdə təhsil alan 42 uşağa hədiyyələr təqdim edilib.
Tədbirin bədii hissəsində uşaqlar Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında “Qoğalın nağılı” və “İnanmayaq tülkülərə” tamaşalarına maraqla baxıblar.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin mahnı və rəqs qrupunun çıxışları da uşaqların marağına səbəb olub.
Hafizə Əliyeva