Nazirlər Kabinetinin kollektivi Mülki Müdafiə Alayının şəxsi heyyətinə bayram sovqatı aparıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına bayram sovqatı gətirib.
Əsgər və zabitlərlə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, həmçinin Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 16-cı və Mülki Müdafiə Alayının yaradılmasının 15-ci ildönümü münasibətilə əsgər və zabitləri təbrik edib.
Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyadakı bütün soydaşlarımızın qəlbini Vətən hərarəti ilə isidir və müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır. Baş nazir Səbuhi Məmmədov Fövqəladə Hallar Nazirliyinə göstərilən qayğıdan bəhs edib. Diqqətə çatdırılıb ki, yaradılan şəraitin nəticəsidir ki, nazirliyin bütün struktur təşkilatları üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.
Baş nazir qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşmən işğalından azad etdi. Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini necə uca tutduğunu, onlarla fəxr etdiyini nümayiş etdirdi. Şəhidlərimiz də, qazilərimiz də bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuza çevrildi.
Mülki Müdafiə Alayının zabit və əsgərləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra gətirilən bayram sovqatı əsgərlərə təqdim olunub.
Turab Hacızadə