Muxtar respublikada bayram münasibətilə keçirilən məhsul yarmarkaları başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 25-dən Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda və muxtar respublikanın rayon mərkəzlərində Yeni il bayramı münasibətilə məhsul yarmarkası təşkil edilib. Bu gün keçirilən yarmarkanın sonuncu günündə də alıcı sıxlığı hiss olunub. Naxçıvan şəhərindəki yarmarkada alıcılara 297 növdə 70 tondan çox 85 min 750 manat dəyərində müxtəlif ərzaq və kənd təsərrüfatı məhsulları təklif olunub.

Yarmarkaya muxtar respublikamızın bütün bölgələrindən 206 ailə təsərrüfatı tərəfindən məhsullar çıxarılıb. Ailə təsərrüfatçıları və sahibkarların təklif etdiyi ekoloji baxımdan saf, təmiz və keyfiyyətli məhsullara alıcı marağı böyük olub. Yarmarkada ailə təsərrüfatçılarına gətirdikləri məhsulun satışı üçün nümunəvi şərait də yaradılıb, onlar elektron tərəzilərlə təmin edilib. Bayram ərəfəsində təşkil olunan yarmarkanın əsas üstünlüyü ondan ibarətdir ki, şəhər əhalisinə birbaşa təsərrüfatçıların özləri tərəfindən yerli məhsullar təklif olunur. Buna görə də qiymətlər daha münasib, bazar qiymətindən 20-25 faiz ucuz olub. Digər tərəfdən ailə təsərrüfatçıları heç bir rüsum ödəmədən məhsullarını satışa çıxarmaq imkanı əldə ediblər.

Muxtar respublikamızın sərhəd bölgəsi olan Sədərəkdən və dağ rayonu Şahbuzdan yarmarkaya çıxarılan müxtəlif növ qablaşdırılmış məhsullara da tələbat böyük olub.

Yarmarkada hinduşka diri çəkidə 8 manata, qaz və ördək isə 5-6 manata təklif olunub. Farel və digər balıq növləri də yarmarkada münasib qiymətə satılıb. Qeyd edək ki, bugünkü yarmarkada 34 min 750 manat dəyərində məhsul satılıb.

Yeni il bayramı münasibətilə muxtar respublikanın rayonlarında, o cümlədən Şərur, Ordubad və Sədərəkdə də məhsul yarmarkaları təşkil olunub. Şərur şəhərində keçirilən yarmarkaya müxtəlif çeşiddə 4 tona yaxın ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb.

Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında təşkil edilən bayram yarmarkaları bu gün başa çatıb.

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: