“2022”-dən dönüb geriyə baxarkən Geridə qoyacağımız 2021-ci ili nələrlə xatırlayırıq

A- A A+

Dünyada öz hökmünü davam etdirən COVID-19 pandemiyası, şübhəsiz ki, 2021-ci ildə də iz qoymuş dəhşətli fəlakət kimi dünyanın başı üzərini kəsdi. Bütün dünya iqtisadi çətinliklər, turizm sektorunun geriləməsi, maddi itki və insan tələfatı ilə bağlı bu ilin də uğursuz olduğunu vurğulayır.

Ancaq Azərbaycan xalqı, şübhəsiz,  yeganə xalqdır ki, bu ili də sevinclə, fərəh və qürur hissi ilə tarixinə yazdı. Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Ordumuz 2020-ci ildə 30 illik torpaq həsrətimizə, məğlubiyyətlərimizə son qoydu, Azərbaycan “Dəmir yumruq” əməliyyatı ilə türk dünyasının qüruruna çevrildi. Bu baxımdan geridə qoyduğumuz il ölkəmizdə Zəfər və quruculuq ili kimi parlaq Qələbəmizin ildönümü və Qarabağımızda iri layihələrin icrası ilə yadda qalır.

2021-ci il Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının davamı kimi də tarixə həkk olunur. Diyarımız, bu ildə də pandemiya, blokada demədən öz inkişaf axarını müsbət tendensiyada davam etdirdi. Aparılan profilaktik işlər, dezinfeksiya və vaksinasiya tədbirləri muxtar respublikamızı virus infeksiyalarına yoluxma faizi üzrə ölkə regionları sırasında ən sonda qərarlaşdırdı.

Ümummilli lider Heydər Əliyevin quruculuq və siyasi xəttinin uğurlu davam etdirilməsi ötən illərlə müqayisədə muxtar respublikada bütün sahələrin inkişafını təmin etdi. Qısaca bir neçə rəqəmə nəzər salmaqla da bunun aydın şahidi oluruq. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Ali Məclis Sədrinin də vurğuladığı kimi, iqtisadiyyatın əsas inkişaf göstəricisi sayılan ümumi daxili məhsul istehsalı 2020-ci illə müqayisədə 2021-ci ildə 2,4 faiz artıb və 3 milyard manatı ötüb. Onun hər bir nəfərə düşən həcmi 6525 manat təşkil edib. Bu da 2020-ci ildəki göstəricidən 3,4 faiz çoxdur. Ümumi daxili məhsulun 59 faizdən çoxu istehsalın payına düşüb. Görülən işlərin nəticəsidir ki, 2021-ci ildə istehsal olunan sənaye məhsulunun həcmi artaraq 1 milyard 69 milyon manatdan çox olub. Bunun da 92 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Genişmiqyaslı infrastruktur quruculuğu, iqtisadiyyatın çoxşaxəli inkişafı, minlərlə yeni iş yerlərinin açılması doğma Naxçıvanımızın müstəqillik illərindəki inkişaf reallıqlarıdır. Diyarımızı başdan-başa əhatə edən tikinti-quruculuq tədbirləri 2021-ci ildə də geniş vüsət aldı.

Ötən il Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin binası yenidən qurulub, yeni mərkəz, kabinə və laboratoriyalar yaradılıb, Naxçıvan şəhərində yeni tələbə yataqxanasının açılışı olub. Babək rayonunun Araz və Göynük, Şərur rayonunun Şəhriyar və Dərvişlər, Ordubad rayonunun Nüsnüs, Aşağı Əndəmic, Dırnıs və Vələver kəndlərində kompleks quruculuq işləri görülüb. Hər il coğrafiyası daha da genişlənən quruculuq tədbirləri Kəngərli rayonunun Qıvraq qəsəbəsi, Ordubad və Culfa şəhərlərinin hüsnünə yeni çalarlar qatıb. Bütün bunlar diyarımızda əldə edilən sosial-iqtisadi uğurların davamı kimi əhaliyə daha etibarlı və firavan həyat bəxş edir.

Bir sözlə, Naxçıvan Muxtar Respublikası şanlı tarixinə daha bir uğurlu qızıl səhifə yazdı. Muxtar respublikamıza may ayının 10-da etdiyi səfər zamanı bu inkişafı bütün istiqamətləri üzrə təhlil edən Prezident İlham Əliyev Naxçıvanı ölkə regionları sırasında rekordsmen olaraq dəyərləndirdi: "Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir... Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir... Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. ...Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır".

Aparılan inkişaf strategiyasından Naxçıvan səhiyyəsi də öz payını alıb. Son illər səhiyyə sahəsinin sürətli inkişafı naminə ardıcıl tədbirlər görülür. Ötən il əhalinin sağlamlığının etibarlı təmin olunması məqsədilə tədbirlər davam etdirilib, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, Modul Tipli Xəstəxana, Ordubad Rayon Uşaq Xəstəxanası, Şərur, Culfa və Şahbuz rayonlarının Gigiyena və Epidemiologiya şöbələri, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəmic və Dırnıs kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Dərvişlər, Ordubad rayonunun Vələver, Babək rayonunun Araz və Göynük kəndlərində feldşer-mama məntəqələri istifadəyə verilib, muxtar respublikanın səhiyyə müəssisələrinə 17 təcili tibbi yardım avtomobili təqdim olunub.

Bir sözlə, Qarabağda tarix yazan qəhrəman şəhidlərimizin xatirəsini əziz tutaraq 2021-ci ili böyük Qələbə əzmi və uğurlarla qeyd etdik. 2022-ci ilin də bu axarla davam edəcəyinə tam əminliklə baxan xalqımız yeni ili əsl qələbə, sevinc, xoşbəxtlik duyğuları ilə qarşılayır.

Röyal Məmiyev

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: