Daha bir il həyatımızdan külək kimi əsib keçdi. Bu bir ildə ömrümüzə yazılan müjdəli səhifələri bir-bir vərəqlədik, acılı-şirinli sətirləri oxuduq. Sonda anladıq ki, tək sevgi hər yerə sığar, hər yerə yaraşarmış. Anladıq ki, bir şirin söz, bir səmimi təbəssüm, bir xoş xatirə bizim qəlbimizin daimi qonağı imiş. Qalan hər şey gəldi-gedərdi. İllər kimi, zaman kimi, ömür kimi...
Bu gün yenidən yeni ilə, yeni günə qucaq açmağa hazırlaşırıq. Yeni ilin bizə nə vəd etdiyini bilməsək də, ən xoş arzularla, sonsuz ümidlərlə onu qarşılayırıq. Bir də, əziz dost, unutmayaq ki, yeni il yeni arzuların, yeni ümidlərin xəbərçisidir. Aldığınız hər xəbər sizə sevinc bəxş etsin.
Arzularınız çin, ümidləriniz gerçək olsun.
Hər birinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm, əvvəlcə can sağlığı, həyatınızda xoş günlər, işlərinizdə uğurlar arzulayıram. Zaman nə gətirirsə gətirsin, xoşbəxt olmağa çalışın. Heç zaman uşaqlardan səadəti, böyüklərdən diqqəti əsirgəməyin! Bir də çalışın, XƏBƏRSİZ qalmayın. ƏSAS xəbərə köklənin, gününüzü isə YEKUN xəbərlə başa vurun. Yeni ildə yenidən, ən yeni və xoş xəbərlər təqdim etmək diləyilə, xəbər bələdçiniz Ramilə Rinadqızı...
***
Şanlı Zəfərimizin hər anımızı aydınlatdığı, otuz ildir ki, dilimizdə qubara dönən “gələn il yeni ildə...” demədiyimiz 2021-ci il geridə qaldı. Bir il öncəki dəmir yumruq dönən birliyin zirvəsi sayıldı 2021. Qarabağın yaralarını sarmaq üçün birləşdi bütün türk dünyası, müqəddəs torpağa aparan yollar açıldı. Azərbaycan insanı 30 ildir közərən ocağının başına çatdı. NUHÇIXAN İnformasiya Agentliyi zəfər sədalı xəbərlər yaymağın, paylaşmağın qürurunu yaşadı. Dünya 2021-ci ildə yeni bir Azərbaycan gördü və biz-NUHÇIXAN İnformasiya Agentliyi türk dünyasının qüruruna çevrilən, dünyanın hesablaşdığı ölkəmizin hər sahədəki inkişafını, dirçəlişi, bütövləşdiyini əks etdirən saysız xəbərlər paylaşdıq. Təbii ki, üzücü xəbərlər də oldu. Yenə gözlərimiz şəhid xəbərlərinə ağladı... Ancaq “bizlərdən həm öncə, həm sonra Vətən var” həqiqəti yenidən ruhumuzu dirçəltdi, bizə güc verdi.
Dünyamızın, ölkəmizin 2022-ci ildən gözləntiləri isə lap çoxdur. Hər ötən an isə saysız xəbər deməkdir. NUHÇIXAN İnformasiya Agentliyinin qayəsi xalqımıza həmişə şad xəbərlər çatdırmaq, güclü Azərbaycanımızın daha böyük zəfərlərə çatdığının, bütün sahələrdə inkişafının, tərəqqisinin xəbərini yaymağın qürurunu yaşamaqdır. 2022-ci ilin xalqımız üçün uğurun, nailiyyətin, yeniliyin, gücün, birliyin ikiləşdiyi, ikiqat böyüyəcəyi bir il olması diləyi ilə... Bayramımız mübarək...
Fizzə Bağırova
NUHÇIXAN İnformasiya Agentliyinin
baş redaktoru
***
Arzu edirəm ki, bəşəriyyətin üzərini alan koronavirus bəlası bu il sona çatsın. Bütün insanlığa arzularımızın ən başında gələn sağlıq arzu edirəm. Müharibələr olmasın, təbii fəlakətlər yaşanmasın. Cüt və ardıcıl olan rəqəmlər həyatlarımıza da ardıcıllıq gətirsin. Uca Tanrım hər evə bol ruzi-bərəkət, xoşbəxtlik, sevinc və uğur paylasın. Bayramınız mübarək!
Xanım Rüstəmzadə
Naxçıvan televiziyasında “Xəbərlər” proqramının aparıcısı
***
Balaca dostlarımız! Doğma kanalın azyaşlı izləyiciləri. Biz böyük sevinclə köhnə ildən ayrılıb, yeni ilə qucaq açırıq. Yeni ildə bayram bayrama qarışır. Məhz elə buna görə də sevincimiz də, həyəcanımız da boldur. Əminəm ki, hər birimizin çoxlu arzuları, yeni ildə reallaşmasını gözlədiyimiz xəyallarımız var. Mən arzularımızın gerçəkləşəcəyi bir il olacağına inanıram, siz də inanın.
Hələ yeni ildə “Birlikdə öyrənək” deyəcəyimiz, izləyib xəbərdar olacağımız çox şeylər var. 2022-ci ildə hər birinizə sağlam və gümrah olmağı arzu edirəm, bizi izləyən balaca fidanları təbrik edirəm və deyirəm ki, illər dəyişsə də, hər zaman saf və məsum olasınız. Yeni iliniz mübarək, dostlar.
Nuray Hüseynli
Naxçıvan televiziyasında redaktor
***
Günlər həftələrə, həftələr aylara, aylarsa illərə calandı... Acılı-şirinli daha bir ili arxada qoyduq. 2021-ci il də tarixə qovuşur. Yeni bir ilə yeni arzular, yeni ümidlərlə qədəm qoyuruq. Yola saldığımız il də ölkəmizdə, eləcə də muxtar respublikamızda bir sıra yeniliklər, tarixi məqamlarla yadda qaldı. 2021-ci ildə də muxtar respublikamızın sosial iqtisadi inkişafı davam etdirilib. Quruculuq işləri görülüb, yeni iş yerləri açılıb, əhalinin güzəranı daha da yaxşılaşıb.
Naxçıvanlılar üçün 2021-ci ilin ən unudulmaz anı, şübhəsiz ki, cənab Prezident İlham Əliyevin qalib ölkənin lideri kimi, Ulu Öndər Heydər Əliyevin doğum günündə ata yurduna gəlməsi, II Qarabağ müharibəsində canından keçmiş şəhidlərimizin xatirəsini yad etməsi və muxtar respublikamızda gedən sosial iqtisadi yeniliklər, quruculuq işləri ilə yaxından tanış olması idi.
Yenə şəhərim al-əlvan, gecələri çıraqban! Yenə bayram ab- havasındadır. Gecələrini şam ağacının rəngbərəng işıqları nurlandırır. Gündüzlər hər addımda qarşılaşdığımız Şaxta baba və Qar qızları ən çox uşaqların sevincinə səbəb olur. Şaxta babadan hədiyyələr alan, onun sərgüzəştlərinə qulaq asan uşaqlar yeni ili bütün bayramlardan daha çox sevirlər.
Biz yeni ili digər xalqlardan fərqli qarşılayırıq. Vətənimizdə bayram bayrama qarışıb. 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ilin sevincini birlikdə yaşayırıq. Həmrəyliyimiz, birliyimiz, milli duyğu və düşüncələrimiz qol-qanad açır bu gün. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının üzündə gülüş, sevinc, fəxr və qürur var. Artıq ikinci ildir ki, bu xalq növbəti ili Qarabağda qarşılamaq arzusu ilə yaşamır. Çünki Qarabağ azadlığın xoş günlərini yaşayır, yenidən qurulur. Əgər bu gün bu dilbər guşəmizdə xidmət edən hərbçilərimiz, onların ailələri şam ağaclarını bəzəyib, bayram süfrəsinin arxasına toplaşırsa, növbəti illərdə bütöv Qarabağlılar cənnət yurdlarına dönəcək, yenidən qurulan isti ocaqlarında qarşılayacaqlar yeni illəri. Biz bu bayram günlərində canını vətənə, onun azadlığına fəda edən igidlərimizi də unutmuruq. Qoy bizim bayram sevincimizi ikiqat edən o oğulların da ruhu şad olsun!
Bu gün hamı bir-birinə ən xoş arzularını çatdırır. 2022-ci ilin hər kəsin həyatında yeni bir başlanğıc olmasını, xalqıma, millətimə firavanlıq, xoş gün-güzəran gətirməsini arzulayır, NUHÇIXAN İnformasiya Agentliyinin bütün oxucularını bu bayramlar münasibətilə təbrik edirəm.
Türkanə Əmoyeva
***
Əvvəlcə bütün soydaşlarımızı dünyanın ən xoşbəxt xalqları sarında olmağı münasibətilə qürurla təbrik edirəm. Bu xoşbəxtliyi bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza və onun rəhbərliyi ilə düşmənə türkün əsl gücünü göstərən məğlubedilməz Ordumuza təşəkkür edirəm. 2020-ni “Qələbə ili” kimi başa vurarkən, 2021-ci ili də bu Qələbənin qürurunu yaşayaraq “Daha böyük inkişaf və quruculuq” ili kimi qeyd etdik.
Bu inkişafdan nəsibini artıqlaması ilə alan Naxçıvanımız üçün də 2021 uğurlu bir il kimi yadda qaldı, diyarımızın hər bir bölgəsi inkişaf və tərəqqiyə qucaq açdı. Hər bir naxçıvanlı üçün taleyüklü xarakter daşıyan Qars müqaviləsinin 100 illiyini böyük qürurla qeyd etdik.
Ötən il bir də bəşəriyyətə 880 illik yubileyini qeyd etdiyimiz söz mülkünün sultanı Nizami Gəncəvi hikməti ilə sözümüzü çatdırdıq.
Bir sözlə, uğur, sevinc, xoşbəxtlik, birlik, qələbə dolu bir ili başa vurduq. Şəhidlərimizin əziz xatirəsi və onların qəhrəman anaları, valideynləri qarşısında baş əyərək 2022-ci ildən qazilərimizə sağlamlıq, bütün soydaşlarımıza xoşbəxtlik, hüzur və həmrəylik bəxş etməsini arzulayıram.
PS. Bu ildən özəl diləyim: Hər birimizin həsrətlə gözlədiyi Zəngəzur dəhlizindən istifadə etməklə Şuşamıza, Qarabağımıza, bütöv Azərbaycanımıza səfər edək.
“Nuhçıxan”ımıza ən gözəl arzularımla...
Röyal Məmiyev
Naxçıvan televiziyasının baş redaktoru
***
2021-ci ilin əvvəlində - Naxçıvan teleradiosunun fəaliyyətinin yenidən təşkilindən sonra qarşıya bir sıra vacib vəzifə və tapşırıqlar qoyulmuşdu. Hesab edirəm ki, kollektivimiz bu tapşırıqların öhdəsindən gəlməyi bacardı. Həm proqram siyasətində, həm də efir keyfiyyətinin yüksəldilməsində irəliləyişlər əldə etdik. “Nuhçıxan” İnformasiya Agentliyi, Naxçıvan radiosu da səmərəli işi ilə seçildi, onlarla sənədli və televiziya filmi hazırladıq. Qədim diyarın tarixi-mədəni irsi, turizm potensialı, dövlətçilik ənənələri geniş tədqiq və təbliğ edildi. Tv-yə cəlb etdiyimiz gənc kadrların hazılığı da qaneedici oldu. Fikrimcə, 2022-ci ildə də bu istiqamətlər üzrə irəliləyişlər əldə edəcəyik.
Media işi ağır və məsuliyyətlidi. Bəzən gecə səhərə qədər işləməli oluruq. Ancaq Ali Məclis Sədrinin, tamaşaçı və dinləyicilərimizin bizə olan inamı, qayğı və diqqəti bizə hər çətinliyi unutdurur, kollektivin bütün üzvlərini layiqli xidmət məqsədi ətrafında birləşdirir. Mən bu amala xidmət edən bütün əməkdaşlarımızı hər iki bayram münasibətilə təbrik edirəm.
Ntv ailəsi ölkənin teleradio məkanında öz hörməti və dəst-xəti ilə seçilir. Sağlam düşüncəli, işgüzar, vətənə və dövlətçiliyə sadiq həmkarlarımın hər birinə yeni ildə yeni-yeni uğurlar arzulayıram!
Sahil Tahirli
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri
Qapalı Səhmdar Cəmiyyətinin sədri