Ötən il muxtar respublikada sürətli poçt xidmətləri göstərən karqoların fəaliyyəti diqqətdə saxlanılıb
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirliyin Aparatında yaradılmış sürətli poçt xidmətinə lisenziya verilməsi üçün tələb olunan şərtlərin yerinə yetirilməsini müəyyən edən komissiya tərəfindən muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən karqolarda monitorinqlər aparılıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 mart tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında sürətli poçt xidmətlərinin göstərilməsi Qaydaları”nın 1.5 bəndinə əsasən sürətli poçt xidmətinə lisenziya verilməsi üçün tələb olunan şərtləri yerinə yetirə bilməyən karqo şirkətləri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsi istiqamətində müvafiq işlər həyata keçirilib.
Qeyd edək ki, muxtar respublikada sürətli poçt xidmətlərinin göstərilməsi üçün müvafiq lisenziyanın verilməsi Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir.
Hazırda muxtar respublikada lisenziya almış karqo şirkətlərindən “Sürət”, “Naxçıvan”, “Araz”, “Bahar” və “Nurlu” karqo fəaliyyətlərini davam etdirirlər.