Müstəqillik illərində Naxçıvanın zəngin tarixinə, mədəniyyət abidələrinə, qədim diyarın ictimai-siyasi, eləcə də mədəni və ədəbi həyatında mühüm yer tutan görkəmli şəxsiyyətlərinə həsr olunmuş neçə-neçə kitab işıq üzü görüb. Naxçıvanın şanlı tarixinə güzgü tutan belə dəyərli tədqiqat materiallarından biri də 2017-ci ildə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin və tarixçi Elnur Kəlbizadənin həmmüəllifliyi ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən “Naxçıvanlı diplomatlar” kitabıdır. Naxçıvandan yetişən görkəmli diplomatların həyat və fəaliyyətlərindən bəhs edən kitabdan Nehrəmdə doğulub boya-başa çatmış görkəmli yazıçı Əli Səbri Qasımovun diplomatik həyat yolundan bəhs edən yazını oxuculara təqdim edirik.
Onu ən yaxşı halda yazıçı, jurnalist, tərcüməçi və Naxçıvanın azadlığı uğrunda döyüşən bir əsgər kimi xatırlayırıq. Əslində isə Əli Səbri Qasımovu həm də vətənpərvər bir diplomat kimi xatırlamaq lazımdır. Hələ 1918-1919-cu illərdə Əli Səbri Qasımov və Naxçıvanın digər vətənpərvərləri ölüm-dirim mübarizəsinə atılmasaydılar, amerikalı generallara idarəçi deyil, hərbçi olduqlarını xatırlatmasaydılar, yəqin ki, 1924-cü il muxtariyyətinin qazanılması haqqında danışmaq bir az çətin olardı. Öz taleyi uğrunda vuruşmayan xalq üçün heç bir beynəlxalq qüvvə muxtariyyət tələb etmək gücündə olmayacaqdı. Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Bu tarixi nailiyyətin baş müəllifi isə naxçıvanlılardır: Kalbalı xan, Rəhim xan, Behbud ağa Şahtaxtinski, Əli Səbri Qasımovun timsalında isə Naxçıvan əhalisi...
Əli Səbri Qasımov 1892-ci ildə Nehrəmdə dünyaya göz açıb. O Nehrəmdə ki, hər zaman özünün qəhrəmanlığı, mübarizliyi ilə seçilən tarixi yurd yerlərindən biri olub.Təhsilini Naxçıvanda Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə”sində və Qori Müəllimlər Seminariyasında alan Əli Səbri Qasımovun geniş ədəbi fəaliyyəti haqqında mərhum filoloq-alim Hüseyn Həşimlinin “Əli Səbri” adlı kitabında geniş məlumat verilir.
Əli Səbri Qasımovun diplomatik fəaliyyəti Naxçıvanın və ümumilikdə, Azərbaycanın tarixi taleyinin ən çətin və keşməkeşli dövrlərindən biri hesab edilən 1918-1919-cu illərə təsadüf edir. Bu zaman Naxçıvan uğrunda gedən mübarizə, Naxçıvana ermənilərin əsassız ərazi iddiaları Əli Səbri Qasımovu lazım gəldiyi anda əldə silah doğma yurdun müdafiəsinə qalxmağa vadar edib. Bizə qədər yazılan məqalələrdə onun diplomat fəaliyyətinin daha çox Amerika generalı Haskellə görüşü məqamı göstərilib. Lakin Naxçıvanın və naxçıvanlıların mənafeyinin əzmkar müdafiəçisi kimi Əli Səbri Qasımov təkcə Amerika generalı Haskellə deyil, Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli, Azərbaycan Xalq Cümhuriyyətinin Xarici işlər naziri Məmməd Yusif Cəfərovla görüşlər keçirib, 1919-cu il sentyabrın 9-da Naxçıvan, Ordubad, Şərur, Sürməli, Vedibasar mahallarının əhalisi adından hazırlanaraq Azərbaycan Xalq Cümhuriyyətinin başçılarına göndərilən sənədə imza atıb. O, Amerika generalına siyasətçi deyil, hərbçi olduğunu etiraf etdirib.
Əli Səbri Qasımovun Amerika generalı Haskellə Tiflis görüşündə səslənən fikirləri, sadəcə, alovlu bir vətənpərvərin deyil, eləcə də hərbin və siyasətin qarşılıqlı təsirini yaxşı bilən bir diplomatın fikirləridir. Tarixçi-alim Musa Quliyev “Tariximizin qəhrəmanlıq mücahidi Əli Səbri Qasımov haqqında bəzi qeydlər” adlı məqaləsində yazır ki, Haskelə naxçıvanlılar adından memorandumu təqdim edən Əli Səbri Qasımov deyib: “Əgər bu tələblər qəbul olunmasa, naxçıvanlılar öz istiqlaliyyətlərini əldə silah qoruyacaqlar”. Qeyd edək ki, Naxçıvan əhalisi adından Amerika generalı Haskelə memorandum təqdim edilməsinin səbəbi regiona hərbi qüvvə kimi gələn Amerika nümayəndələrinin idarəçiliyi ələ almaq cəhdləri, buna nail ola bilmədikləri təqdirdə isə tarixən müsəlmanların və Azərbaycan türklərinin yaşadıqları əraziləri, o cümlədən Naxçıvan, Ordubad, Şərur, Vedibasar, Sürməli və digər əraziləri ermənilərin idarəçiliyinə vermək niyyətləri olub. Hələ bir müddət öncə ingilislərin dəstəyi ilə Naxçıvanda yaradılmasına cəhd göstərilən “erməni idarəçiliyi”ni süpürüb atmış naxçıvanlılar bu diyarın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu elan ediblər. Qafqaza gələrək Tiflisdə qərargah yaradan Amerika generalı Haskel isə Naxçıvan ətrafında bitərəf bölgə yaratmaq və burada Amerika valiliyi təsis etmək məqsədilə avqust ayında Bakıya gedərək Azərbaycan hökuməti ilə danışıqlar aparıb və hökumətlə 12 bənddən ibarət razılıq əldə edilib. Türk tarixçisi İbrahim Ethem Atnurun “Osmanlı idarəçiliyindən sovet idarəçiliyinə qədər Naxçıvan (1918-1920)” adlı kitabında ilk razılaşmanın şərtləri ilə tanış olarkən məlum olur ki, Azərbaycan hökuməti, sadəcə olaraq, müvəqqəti general-qubernatorluğun yaradılması ilə razılaşıb. Bundan əlavə, razılaşmada general qubernatorluq ərazisində məhkəmə, dəmir və şose yolları, poçt və teleqraf, milli təhsil məsələlərinin Naxçıvanda mövcud olan Milli Şuranın səlahiyyətində olduğu, general-qubernatorluq büdcəsinin Azərbaycan xəzinəsi tərəfindən təmin edildiyi, ərazidə rəsmi pul vahidinin Azərbaycan pulu olacağı, Bakı-Culfa dəmir yolunun inşaat sahəsinin Azərbaycanın nəzarətində olacağı da əksini tapıb.
Lakin Tiflisə qayıtdıqdan sonra Haskel Azərbaycanın və Naxçıvanın mənafeyinə zidd, ermənilərin isə əsassız iddialarına şərait yaradacaq 21 maddəlik yeni bir layihəni imzalayaraq Azərbaycan və Ermənistan hökumətlərinə göndərmişdi. Az sonra ermənilərin təkliflərini alan Haskel Dərələyəz ərazisinin yaradılacaq bitərəf bölgəyə deyil, Ermənistana aid edilməsi, bitərəf bölgədə Ermənistanın imtiyazlı tərəf kimi tanınması, Azərbaycanın bölgəyə pul göndərməsinin qadağan edilməsi, Bakı-Culfa dəmir yolu xəttinin Azərbaycan tərəfindən inşasına icazə verilməməsi, Zəngəzurun erməni bölgəsi kimi tanınması ilə razılaşıbdır. Belə bir şəraitdə Haskel Azərbaycan hökumətini də təhdid edir, ona Şimal təhlükəsinə qarşı yardım etməyəcəyini bildirirdi. Məhz bu vəziyyətdə Əli Səbri Qasımov və Əsgərov soyadlı bir nəfər Araz vadisi müsəlmanlarının nümayəndələri kimi sentyabrın ortalarında Tiflisdə general Haskellə görüşüblər. Bundan əvvəl isə Əli Səbri Qasımov burada Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli ilə görüşüb və Azərbaycan Xalq Cümhuriyyətinə bağlılıqlarını ifadə edib. Məhz Əli Səbri Qasımovun əzmkarlığı və gətirdiyi dəlillər qarşısında general Haskel maraqlı bir etiraf edib.
Oxucularımıza bu görüşü Əli Səbri Qasımovun yazdığı “Xatirələr, duyğular” adlı memuarının dili ilə çatdırmaq istərdik. Beləliklə, “Azərbaycan” ədəbi-bədii jurnalının 11 noyabr 1982-ci il tarixli sayında çap olunan “Xatirələr, duyğular” adlı memuarda Əli Səbri Qasımov yazırdı: “1919-cu ildə Antanta qoşunları Zaqafqaziyanı işğal edərkən ordu komandanı Amerikan generalı Haskel idi. O zaman Ermənistanda hakimiyyət daşnak partiyasının əlinə keçdi. Naxçıvanda gərgin vəziyyət yarandı, camaat ancaq Zəngəzur yolu ilə Bakıya və Tiflisə gedə bilirdi. Naxçıvanlılar həmin yolla yaşlı bir kişini – Əsgərov soyadlı birisini mənim yanıma göndərdilər. Üç gün, üç gecə oturub Tiflisdə general Haskelə memorandum yazdım. Memorandumu generala təqdim etdim. Tərcüməçilər orda yazılanları generala çatdırdılar. O, fikrə getdi. Mən pəncərədən çöl tərəfə baxırdım. General başını aşağı salıb nə isə düşünürdü. Nəhayət, Haskel başını qaldırdı:“Sabri cənablarına deyin ki, mən soldatam. Mənim siyasətlə işim yoxdur”. İki gündən sonra yerli qəzetlər “Naxçıvan nümayəndələri Haskelin yanında” sərlövhəsi ilə danışıqların təfsilatını çap etdilər. Əsgərov həmin qəzetdən bir neçəsini alıb Naxçıvana qayıtdı”. Azərbaycan hökuməti Naxçıvan əhalisinin istəmədiyi planda iştirak etməyəcək... Qeyd edək ki, bundan sonrakı dövrdə Amerika nümayəndələri ilə Naxçıvanda aparılan danışıqlar və yerli əhalinin ciddi müqaviməti nəticəsində amerikalılar Naxçıvanda məqsədlərinə nail ola bilmədilər. Naxçıvan əhalisinin ciddi müqaviməti özü də çətin vəziyyətdə olan Azərbaycan Xalq Cümhuriyyətinə bu plandan imtina etmək üçün əsas verdi. Belə ki, Azərbaycan hökuməti amerikalılara general-qubernatorluğun qurulması ərəfəsində belə bir cavab verdi: “Azərbaycan hökuməti Naxçıvan əhalisinin istəmədiyi bu planda iştirak etməyəcək”. Tarixçi Nail Əliyev “Əli Səbri Qasımov – unudulmaqda olan diplomat, döyüşçü, yazıçı” məqaləsində “Azərbaycan” qəzetinin 1919-cu ildə çapdan çıxmış 193-cü sayında Əli Səbri Qasımovun Haskellə dialoqundan maraqlı bir məqamı sitat gətirir: “Naxçıvan əlində silah öz istiqlalını son nəfəsinədək qoruyacaq. Biz Ermənistan adlı hökuməti tanımırıq. Bütün gücümüzlə belə hökuməti ona görə rədd edirik ki, biz təyini-müqəddərat istəyirik. Bu, bizim hüququmuzdur, onu heç kimə güzəşt etmərik. Özünə azadlıq alan xalq hətta Azərbaycan hökumətinə ixtiyar verməz ki, onun xüsusi arzusuna riayət etməyib taleyini həll etsin, bu, mütləq nəzərə alınmalıdır”. Sitatın sonu.
Bəli, Əli Səbri Qasımovun bütün naxçıvanlıların arzusunu ifadə edən “təyini-müqəddərat” tələbindən sonralar onun həmyerlisi, digər bir görkəmli diplomatımız Behbud ağa Şahtaxtinskinin muxtariyyət tələbləri doğdu. O muxtariyyət ki, Naxçıvan bununla azərbaycanlı kimliyini qorudu. O azərbaycanlı kimliyini isə dünyaya bütün dövrlərin ən böyük azərbaycanlısı olan dahi Heydər Əliyevi bəxş etdi. O dahini ki, Naxçıvanın tarixi keçmişini və muxtariyyətinin əsaslarını gözəl bilirdi və bu bilik XX əsrin 90-cı illərində Naxçıvanı işğaldan, təcavüzdən qorudu.
Mənbə: “Naxçıvanlı diplomatlar” kitabı
“Şərqin səhəri” qəzeti