Mənəvi dünyamızda özünə yer tapan, uzaq keçmişimizdən bu günümüzə gələn sənət nümunələri sırasında xalçaçılıq mühüm yer tutur. Xalqımızın məişətini, etnoqrafiyasını, adət-ənənələrini özündə yaşadan və xalq sənətinin zirvəsi sayılan xalçaçılıq Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, dünyagörüşünü özündə yaşatmaqla, müxtəlif rəng çalarları, ilmələrindəki minbir sehri ilə hər kəsi heyran edir. Minbir naxışlı xalçalarımız, kilim, cecim, xurcunlarımız tarixin müxtəlif çağlarında olduğu kimi bu gün də öz keyfiyyəti, gözəlliyi, orijinallığı ilə göz oxşayır.
Ulu babalarımızın, ağbirçək nənələrimizin ruhundan yoğrulan, dünya muzeylərində nağıla dönən, dil açıb danışan, gözəlliyi ilə insanları valeh edən Təbriz, Qarabağ, Qazax, Şirvan, Naxçıvan xalçalarının əvəzi heç yerdə yoxdur. Zərif barmaqların, incə zövqlərin sirri, sehri olan bu xalçalar qız-gəlinlərimizin gözəllik dünyası, ürək tellərinin əriş ağacı, gözlərinin ziyasıdır. Uzaq keçmişdən bu günümüzə qədər gəlib çatan xalçaçılıq sənəti el-oba sənəti, ulular yadigarı, nəsil-kök mirası, əvəzsiz var-dövlətdir. Özlərinə borc bilib bu qədim el sənətini yaşadan qız gəlinlərimiz arzularını, düşüncələrini sevə-sevə ilmələrlə xalçalara hopdurublar. Sehrli barmaqlarla ilmə-ilmə naxışlara düzülmüş ağır zəhmətlə, minbir əziyyətlə başa gələn hər bir xalça xalqımızın incə zövqünün, mənəviyyatının, mədəniyyətinin göstəricisi olub.
Xalçaçılıq sənətinin aparıcı qollarından birini təşkil edən təkrarsız rəng çalarları, həndəsi naxışları, aydın rəsmləri, butaları, gülləri, çiçəkləri ilə aləmə səs salan incə barmaqların, zərif zövqlərin məhsulu olan Naxçıvan xalçaları Azərbaycan xalq sənətində tarixən mühüm yerlərdən birini tutur. Orijinallığı, rəngi, təkrarsız naxışları ilə seçilən Naxçıvan xalçaları hələ X əsrdə öz inkişafının yüksək mərhələsinə çataraq geniş şöhrət qazanıb. “Naxçıvan buta” kompozisiyalı xalça növü təkcə ölkəmizdə deyil, beynəlxalq ticarətdə də ən gözəl sənət əsəri kimi yüksək tutulub. Arxeoloji araşdırmalar zamanı bölgəmizdə tapılan müxtəlif toxuculuq alətləri qədim dövrlərdən bu torpaqda insanların xalçaçılıqla məşğul olduğunu bir daha sübut edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qədim sənət növlərindən danışarkən belə deyib: “Azərbaycanın qədim Naxçıvan torpağında yayılmış el sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni inkişaf dövrünü əhatə edir. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza xas milli xüsusiyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət şəraitini özündə cəmləşdirərək müasir dövrdə parlaq şəkildə nümayiş etdirir”.
Muzeylərimizdə qorunan qədim sənət nümunələri sübut edir ki, bölgəmizdə yun və ipək məmulatlarından geniş istifadə olunub, bu əsasda şalbatlıq, keçəçilik, xalçaçılıq, bəzzarlıq, tikmə sənəti meydana gəlib, uzun müddət sənət nümunələri nəsildən-nəslə ötürülərək günümüzə qədər gəlib çatıb. Xalçaçılıq da dekorativ-tətbiqi sənətin ən zəngin sahəsi kimi ölkəmizə gələn qonaqlara bağışlanıb, gəlin köçən qızlarımıza cehiz və toy hədiyyəsi kimi verilib.
Naxçıvan xalçaları çeşidi və rəngarəngliyinə görə Təbriz, Quba, Şirvan, Qarabağ xalçalarından fərqlənir. Tarix muzeylərində qorunan xalça nümunələri göstərir ki, Naxçıvan torpağında toxunmuş xalçalar içərisində “Buta” xalça növü üstünlük təşkil edir.
Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Culfa rayonunda da xalçaçılıq sənəti qədim sənət növlərindən biri kimi qorunub inkişaf etdirilib. Rayon Tarix Diyarşünaslıq Muzeyində mühafizə olunan 50-dən artıq xalça, cecim, kilim, palaz, xurcun və sair toxuculuq nümunələri göstərir ki, bölgədə bu sənət növü ilə qədimdən məşğul olublar. Bir vaxtlar Milax, Qazançı, Qızılca, Yaycı, Teyvaz kəndlərində toxunan xovlu və xovsuz xalçalar ulularımızın bu sənətə nə qədər dəyər verdiyini bir daha təsdiqləyir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral, “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2018-ci il 9 aprel, Naxçıvan Muxtar Respublikasında xalça və xalça məmulatlarının istehsalını, satışını və bu sahənin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə “Naxçıvan Xalça və İpək İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2021-ci il 24 noyabr tarixli sərəncamları bu qədim sənət növünə insanların marağını artırıb. İndi bu sənətlə maraqlanan gənclər də xalqımızın nəfəsi duyulan, tarixini özündə yaşadan xalçaçılıq sənətini öyrənməyə çalışırlar.
Bu gün Culfa şəhər və Qızılca kənd klubunda, Milax, Qazançı, Yaycı kənd mədəniyyət evlərində yaradılan xalçaçılıq dərnəkləri yeniyetmələrin bu sənətə marağının daha da güclənməsinə, bu sahənin inkişaf etdirilməsinə imkanları artırır.
Dövlət səviyyəsində aparılan məqsədyönlü tədbirlər, qəbul olunan qərarlar və Dövlət proqramları xüsusi cins qoyunların yunundan əyrilən, təbiətin nadir bitkiləri ilə boyanan iplərdən toxunan, uzunömürlülüyü ilə seçilən xalçalarımız yenə də qədim şöhrətini özünə qaytaracaqdır.
Ədalət Cəfəroğlu
“Arazın səsi” qəzeti