2021-in 365 gününə nəzər... - FOTOLAR

A- A A+

Deyirlər? hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır. Zaman su kimi axıb gedir. Sanki dünən idi 2021-ci ilə qədəm qoyduğumuz ilk saatlar. Amma bu gün 2021 barədə keçmiş zamanda danışırıq, artıq o, tarixin bir parçasına çevrilib. XXI əsrin daha bir 365-ni arxada qoyduq. 2022-ci ilin ilk günlərini yaşayarkən ötən ilə qısa bir ekskursiya edək. Çünki təqvimin bu ili ölkəmiz və muxtar respublikamız üçün çox mühüm əlamətdar ictimai-siyasi hadisələrlə yadda qaldı.

Hələ 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi Qələbə qazanan Müzəffər Ali Baş Komandan bütün dünyaya bəyan etmişdi ki, bundan sonra istər Cənubi Qafqaz, istərsə də yaxın region üçün yeni reallıqlar yaranmaq üzrədir və hər kəs bununla barışmalıdır. Bu reallığın müəllifi Qalib ölkə olan Azərbaycan və onun “Bizim sözümüz imzamız qədər keçərlidir” deyən Qalib Lideri cənab İlham Əliyev idi. Qarabağı işğaldan azad etməklə dünya azərbaycanlılarının ən böyük arzusunu çin edən, ulu öndərin vəsiyyətini yerinə yetirən, Qalib Sərkərdə kimi şanlı Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazdıran cənab İlham Əliyev 2021-ci ilin ilk aylarından başlayaraq Qarabağın dirçəlməsi yönündə əməli işə başladı. Hələ ötən ilin yanvar ayında işğaldan azad olunmuş ərazilərə səfər edən ölkə Prezidenti Füzuli Beynəlxalq Hava Limanının, tarixi Şuşa şəhərinə aparan Zəfər yolunun təməlini atdı. Hansı ki, həmin yol heç vaxt mövcud olmamışdı və Azərbaycan Ordusu məhz bu keçilməz dağları, təpələri ram edərək Şuşanı erməni əsarətindən azad etmişdi. Ali Baş Komandan isə bu yolu simvolik olaraq Zəfər yolu adlandırdı və inşasının qısa müddətdə başa çatdırılması üçün aidiyyəti üzrə tapşırıq verdi.

Müharibənin başa çatmasından bir il belə keçməmişdi ki, Azərbaycan Qarabağa yeni nəfəs verməklə, güclü iqtisadi potensialını, yurd, torpaq təəssübkeşliyini ortaya qoydu. Biz bu yerlərin əbədi sahibi kimi doğma el-obamıza qayıtmışıq və dövlətimizin ən böyük amalı, məqsədi tezliklə keçmiş qaçqın və məcburi köçkünləri ata-baba yurdlarına qaytarmaqdır. Düşməndən fərqli olaraq biz tarixən qurub-yaradan, tikib inşa etdiklərimizlə tarixə dönən xalq olmuşuq. Bir günü belə əbəs yerə xərcləyə bilməzdik. Keçən hər günün hər saatı bizim üçün qiymətli idi.Qarabağ böyük quruculuq meydançasına çevrilməyə başlamışdı. Bizim üçün yeni dövr həm də bu idi. Qurulub-yaradılan Qarabağ...

Ötən il dəfələrlə Laçında, Kəlbəcərdə, Füzulidə, Şuşada, Suqovuşanda, Xocavənddə, Zəngilanda, Qubadlıda, Cəbrayılda, eləcə də işğaldan azad olunmuş digər ərazilərdə səfərdə olan cənab Ali Baş Komandan hər dəfə mühüm infrastruktur obyektlərinin təməlini qoydu. Yaşayış məntəqələrinin “Ağıllı” layihələr çərçivəsində inşa olunacağını diqqətə çatdırdı, bu bölgələrdə inşa olunacaq üç yeni hava limanı üçün, necə deyərlər, xeyir-dua verdi və beləliklə, Qarabağın həm quru, həm də hava yolu ilə bərpası üçün potensial imkanlar genişləndi.

Ötən il bəlkə də ən xoş günləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yaşadı. Doğmalarına qucaq açdı, şeir, sənət, ədəbiyyat, musiqi, incəsənət yurdu olan qədim Şuşa yenidən əzəmətli günlərinə qayıtdı. “Xarıbülbül” musiqi festivalının, “Vaqif” poeziya günlərinin keçirilməsi, Molla Pənah Vaqifin məqbərəsinin, Bülbülün ev muzeyinin bərpa olunması ilə cənab İlham Əliyev Qarabağa ədəbiyyatı, mədəniyyəti, musiqini qaytardı. Qaytardığı həm də Xan qızı Natəvanın, Bülbülün, dahi Üzeyir bəyin büstləri idi. Artıq bu daş heykəllər aid olduqları yerdədilər. Çünki bu görkəmli şəxsiyyətləri Azərbaycan mədəniyyətinə məhz Şuşa bəxş edib. O Şuşa ki, bu il tarixi şəhərin salınmasından 270 il ötür və cənab Prezident bu münasibətlə 2022-ci ili “Şuşa ili” elan edib. Bu il hamımızın qəlbi hər dəqiqə Şuşa ilə döyünəcək. 270 il əvvəl Pənahəli xanın təməlini qoyduğu zirvəmizin təntənəli yubileyi keçiriləcək. Bu zirvəni namus bilib onun uğrunda ölümə gedənləri – əziz şəhidlərimizi ehtiramla anırıq. Bir daha Azərbaycan xalqı olaraq deyirik: “Xoş gəldin, Şuşa”.

Müzəffər Lider ötən il Şuşaya etdiyi səfərlər çərçivəsində əfsanəvi Cıdır düzündən Böyük Qələbənin memarları olan şəhidlərimizi və qazilərimizi də ehtiramla yad etdi, İrəvanda oturub revanşist xəyallarla yaşayan qüvvələrə isə bəyan etdi ki, “Dəmir yumruq” hələ də yerindədir və buna görə də hər kəs öz hərəkətlərinə, davranışlarına, xüsusən, bəyanatlarına fikir versin. Çünki Azərbaycan istər döyüş, istərsə də siyasi müstəvidə lazımi addımları atıb və öz gücünü ortaya qoyub. Bu güc olmasaydı, yəqin ki, 2021-ci ilin ən mühüm tarixi əlamətdar hadisəsi – Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı da reallaşmazdı. Amma biz bunu da bacardıq.Azərbaycan Hava Yollarının “Qarabağ” adlı hava gəmisi Qarabağın hava qapısına eniş edəndə dünya azərbaycanlıları olaraq bir daha Qalib Ordumuzla, Liderimizlə fəxr etdik, qürurlandıq. Bir neçə ay öncə döyüş meydanına çevrilən torpaqlarda hava limanı inşa olunmuşdu və Türk dünyasının iki görkəmli lideri – cənab İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan yeni hava limanının istifadəyə verilməsi münasibətilə Füzuli şəhərinə gəlmişdilər. Bax bu əsl tarix idi, unudulmaz, yaddaqalan, həm də şanlı tarix... Bu, cənab İlham Əliyevin dünya boyda Azərbaycan sevgisinin daha bir ifadəsi idi, bu, ölkə başçısının Qarabağ torpağının dirçəlməsinə verdiyi önəm, göstərdiyi diqqət idi. Ötən ilin son günü – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciət edən cənab İlham Əliyev dedi: “...Bu il mən bölgələrə çoxsaylı səfərlər sayəsində əlavə imkanların aşkar edilməsi üçün səylər göstərmişəm və mənim səfərlərim müntəzəm xarakter daşıyır. Azərbaycanın bölgələrinə bu il 47 dəfə səfər etmişəm, bu səfərlərin 32-si azad edilmiş torpaqlara olan səfərlərdir. Təkcə Şuşa şəhərinə 7 dəfə getmişəm. Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq”.

Ali Baş Komandan Qarabağda tək mülki yox, həm də hərbi infrastrukturun möhkəmləndirilməsi işinə ciddi diqqət ayırdı. Ötən il işğaldan azad olunmuş ərazilərdə bir neçə hərbi təyinatlı obyektin açılışında iştirak etdi, hərbi hissələrin döyüş hazırlığını yerində yoxladı. Uzaqgörən Lider belə hesab edirdi ki, təhlükəsizliyin təmin olunması başlıca vəzifələrdən biridir və Azərbaycan Ordusu düşmənin törədə biləcəyi istənilən təxribata daim hazır olmalıdır. 2021-ci ilin son günlərində Xocavənd rayonunun Hadrut qəsəbəsində komando tipli hərbi hissədə yaradılan şəraitlə tanış olan və döyüş bayrağını şəxsən təqdim edən cənab İlham Əliyev bir daha göstərdi ki, ordunun döyüş hazırlığı istər sülh, istərsə də müharibə dövründə ən yüksək səviyyədə olmalıdır. Yalnız bu ordu yenilməzdir, qüdrətlidir...

Yola saldığımız ilin ən mühüm ictimai-siyasi hadisələrindən biri də Qalib Liderin mayın 10-da – ulu öndər Heydər Əliyevin doğum günündə Naxçıvana səfər etməsi idi. Bu səfər çox böyük rəmzi məna daşıyırdı və mühüm tərəfləri ilə seçilirdi. Əvvəla, ona görə ki, məhz bu tarixdə müasir Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyev dünyaya göz açıb. Eyni zamanda dahi şəxsiyyətin Vətəni olan Naxçıvana səfər edən cənab Prezident bu dəfə Qalib Ordunun Müzəffər Ali Baş Komandanı, ölkəsinin ərazi bütövlüyünü bərpa edən, ata vəsiyyətini yerinə yetirən, 30 illik işğala son qoyan Qalib Lider kimi qədim diyara gəlmişdi. Muxtar respublikaya növbəti səfəri zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun və muxtar respublikanın ən böyük tibb müəssisəsi olan Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında iştirak edən ölkə başçısı bir daha göstərdi ki, ordunun müdafiə potensialının artırılması və bu ordunun sıralarında xidmət edən hərbi qulluqçuların sağlamlığının qorunması əsas məsələlərdən biridir. Səfər çərçivəsində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və Naxçıvan şəhər qəbiristanlığında uyuyan qəhrəman oğullarımızın da məzarlarını ziyarət edən, onların əziz xatirəsini ehtiramla yad edən Ali Baş Komandan müharibədən sonrakı bəyanatlarında bildirib ki, tarixi Zəfərin ən böyük memarı məhz Azərbaycan Ordusu, eləcə də şəhidlərimiz və qazilərimizdir. Ölkə Prezidentinin “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış olması, dövlət başçısının iştirakı ilə Azərbaycan xalçaçılıq sənəti tarixində mühüm yeri olan Naxçıvan xalçaçılıq məktəbinin yaşadıldığı “Azərxalça” ASC-nin Naxçıvan Filialının açılması, ölkəmizdə ikinci belə mərkəz olan və muxtar respublikada heyvandarlığın inkişafına, eləcə də ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək Süni Mayalanma Mərkəzində yaradılan şərait, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” və Culfa-Ordubad magistral avtomobil yolu kimi irimiqyaslı infrastruktur layihələrinin icra edilməsi bir daha onu göstərir ki, Naxçıvanda bütün sahələr paralel şəkildə inkişaf etdirilir. Ölkə rəhbəri Nuh yurdunun müasir inkişafını isə belə xarakterizə etdi: “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir”.

Rekordsmen bölgənin iri yaşayış məntəqələrindən olan, 1978-ci ildə dahi şəxsiyyətin siyasi iradəsi, qətiyyəti, Azərbaycançılıq mövqeyi sayəsində yaradılan, əsl inkişaf və tərəqqi dövrünü müstəqillik illərinə borclu olan Babək rayonu da 2021- ci ili mühüm sosial-iqtisadi nailiyyətlərlə başa vurdu. Bölgədə ərzaq və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər davamlı xarakter aldı, demoqrafik vəziyyət yaxşılaşdı, yeni istehsal və emal sahələrinin, ailə təsərrüfatlarının yaradılması davam etdirildi, 2021-ci ildə də yeni iş yerlərinin açılması diqqətdə saxlanıldı. Çox mühüm bir fakt ondan ibarətdir ki, ötən il rayonun Araz və Göynük kəndlərinin də abadlaşması ilə Babək rayonunun 36 yaşayış məntəqəsinin başdan-başa yenidən qurulması prosesi başa çatdırıldı. Ali Məclis Sədrinin himayəsi və qayğısı ilə yenidən qurulan Babək muxtar diyarın abad rayonlarından birinə çevrilib. Bu, böyük bir zəhmətin, gərgin əməyin nəticəsində mümkün olan, günbəgün tikilən, qurulan, yaradılan bir əsərdir.

İndi yeni bir ilə qədəm qoymuşuq. Bu o deməkdir ki, ölkəmizi və muxtar respublikamızı yeni ildə yeni hədəflər, perspektivlər gözləyir. Bu tarixi günləri ən yaxşı, yaddaqalan formada mətbuat səhifələrində salnamələşdirmək isə biz jurnalistlərin vəzifəsidir. Yeni il düşərli olsun!

 Muxtar Rzazadə

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: