Qəhrəman xalqımın daş yaddaşıdır bu qala… - FOTOLAR
Əlincəqalanın zirvəsində düşüncələr
Hər daşı, qayası tarix qoxan, ulu babamın qədim diyarı, keçmişimin izini naxış-naxış qayalarında saxlayan, əzəmətlə, vüqarla Əlincə torpağında məskən salan sirli-sehirli qalam! Duruşuğuna, əzəmətinə uşaqlığımdan heyran qalmışam.
Çoxdankı arzum idi sənin məğlubedilməzliyini yaxından görmək, o minillik tarixi özündə yaşadan qayalarına toxunmaq, hiss etmək... Nəhayət, bu günlərdə bu arzuma çatdım. Tarix qoxulu o təmiz havanı ciyərlərimə çəkdim. Qürurlandım ulu keçmişimlə.
Yalçın qayalı zirvələrində qartallar yuva salıb. Axı əzəmət, ucalıq rəmzidir qartal. Görkəminlə yurdumun qartalısan sən də… Əzəmətli qalam düşmənə qarşı xalq müqavimətinin simvolu kimi tarixdə öz layiqli yerini tutmusan. Qoynunda gəzərkən kitab və qəzetlərdən oxuduğum tarixin yenidən təzələnir yaddaşımda. Əsrlərin ötəsindəyəm.
Nəinki Azərbaycan, dünya mədəniyyət tarixində xüsusi yerin və əhəmiyyətin var.
Ən yüksək zirvəndən aşağı baxıram. Fəxarət hissi keçirərək düşünürəm. Düşmənə qarşı apardığın mübarizə sənin yenilməz və məğlubedilməzliyindir. Keçmişimizdən bu günümüzə, indiki gənclərimizə və gələcək nəsillərə qəhrəmancasına mübarizə aparmağın, düşmən önündə əyilməzliyin ən möhtəşəm örnəyisən. Əminliklə deyə bilərəm ki, bütün dövrlərində, səni özünə örnək alan xalqım, millətim yenilməz, vüqarlı olduğunu sübut etməyə, qarşılaşdığı düşmənə öz gücünü göstərməyə davam edib.
Bu torpaqda qan tökəndə yağılar,
Düyünləndi Əlincənin qaşı da.
Əsgər oldu, qılınc oldu, ox oldu,
İgidləşdi qayası da, daşı da.
Bilirəm daşsan, qayasan, amma əminəm ki, sən əziz xalqının Vətən, torpaq üçün mübarizəsindən, 44 gün davam edən Vətən müharibəsindən, qısa zaman kəsiyində Azərbaycan ordusunun, igid oğullarımızın düşmənə verdiyi cavabdan xəbərdarsan... Zirvəndə dalğalanan üçrəngli, üzük qaşına bənzəyərək parlayan ay-ulduzlu, mənliyində türk olan, igid qanı ilə al-qırmızı rəngə çalan, yaşıl rənginin hərarətində haqqı, ədaləti, İslamı bəyan edən, vüqarlı bayrağım indi Qarabağımızda, Şuşamızda, 30 illik həsrətində olduğumuz torpaqlarımızda dalğalanır. Düşünürəm sən də hiss edibsən həm sevincimizi, həm də kədərimizi... Bəlkə də yüksək zirvəndən seyr edibsən ətrafındakı kəndlərə şanlı bayrağa bükülü gələn şəhidlərimizi... Əminəm ki, zirvəni daha da ucaltmısan, köksünü qabardıb fəxarətlə qarşılamısan onları. Xalqımız kimi şahidi olduğun bu tarixə sən də qürurlanmısan. Almısan şəhidlərimizin ruhlarını, zirvənə qaldırmısan!
Beləcə söhbətləşirik əzəmətli qalam ilə. Bir anlıq qədim tarixinə nəzər salıram.
Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sağ sahilində və eyniadlı dağın zirvəsində salınan Əlincəqalanın adı haqqında qədim mənbələrdə “Erincaq”, “Erincik”, “Alancik”, “Alınca”, “Alancuq” kimi qeyd olunub. Bir çox tədqiqatçılar bu qalanın adını qədim türk dilində “düzənlik” mənasında işlədilən “alan” sözünə aid edirlər ki, bu da qalanın yerləşdiyi sahənin kiçik meydançaya bənzəməsi ilə bağlıdır. İspan diplomatı, Kastiliya kralı III Enrikonun 1403- 1406-cı illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincəqalanı belə təsvir edib: “Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunub. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qala dağın zirvəsində yerləşir”. Xanəgah kəndinin ağsaqqal və ağbirçəklərinin yaddaşına ilişib qalan ad isə daha maraq doğurur. El arasında deyilənlərə görə qədim zamanlarda qalanın adı “Əlincək”, yəni “əlini çək” kimi yozulub. Bu da qalanın düşmənə yaxşı gözdağı olması, alınmaz və məğlubedilməzliyi ilə bağlıdır.
Bir çox mənbələrdə Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər var. Bəzi tədqiqatçılar tarixi qaynaqlara əsaslanaraq qalanın tikilməsini təqribən, 2 min il bundan əvvələ aid edirlər. Ən qədim mənbələrimizdən olan “Kitabi Dədə Qorqud” dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Bundan başqa, bir çox tarixçilər qalanın yaranması və uzun illər möhkəm istehkam kimi istifadə olunması haqqında məlumat veriblər.
Ulu öndər Heydər Əliyev çıxışlarının birində qeyd edib: “Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdığını göstərir”. Qədim tariximizə göstərilən diqqət və ehtiramın nəticəsidir ki, muxtar diyarımızda mövcud olan bütün tarixi abidələr qorunur və mühafizə altına alınır. Tarixi abidələrimizə yeni həyat verilir, daş yaddaşımız əvvəlki vəziyyətinə, görünüşünə qaytarılmaqla yenilənir. Bütün bunlar təkcə görüntü olaraq deyil, tarixi yaddaşımızı, ulu keçmişimizi, milli-mənəvi dəyərlərimizi özümüzə geri qaytarmaq üçündür. Eyni zamanda tariximizin qaranlıq qalan hər bir səhifəsi yenidən vərəqlənir, oxunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılarkən Əlincəqala haqqında da məlumatlar toplanılıb, həmçinin bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilib, 2014-cü ilin 11 fevral tarixində isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncamın icrası ilə bağlı burada elmi əsaslarla bərpa işləri aparılıb və 2016-cı ilin 17 iyun tarixində “Əlincəqala” tarixi abidəsinin və muzeyinin açılışı olub. Qalada yaradılanları görüb heyrətlənməmək mümkün deyil, o tarixi daş-qayaları izlədikcə sanki ovsunlanırsan...
Qalanı gəzdikdən sonra “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi ilə tanış olmaq üçün muzeyə daxil oluruq. Bizi qarşılayan muzeyin direktoru Kamal Gülmalıyev idi: - Əlincəqala uzun illərdir buraya gələn hər bir qonağı heyrətə gətirir. Qalanın divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. Qalada qədim bəndi yenidən yaratmaq üçün ətraf kəndlərdən gətirilmiş iri daşlar və bişmiş kərpicdən istifadə edilərək hörülüb. Əlincəqalanın zirvəsinə doğru gedən yoldakı nəhəng daş üzərində “Tarixi yaşadanları tarix də yaşadacaqdır” fikri əks olunub. Gələn qonaqların çoxu bu yazı qarşısında fotolar çəkdirirlər. Bərpa zamanı Şimal yamacda yarımdairəvi bürcləri olan üç divarın, qərb yamacda isə səkkiz divarın xarabalıqlarının qalması aşkarlanıb. Əlincəqala əsasən üç geniş - şimal, şimal-qərb və cənub-qərb sahəsindən ibarətdir. Şimal sahəsindən şimal-qərb və cənub-qərb sahələrinə qalxmaq üçün daş pillələr qoyulub. Qalanın sarsılmaz müdafiə istehkamına çevrilməsinin əsas səbəbi də möhkəm divarları və qayanın sıldırım olmasıdır. Kiçik şəhərciyi xatırladan qalanın yuxarı hissəsində bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları və bünövrə daşları hər kəsin diqqətini çəkir. Bir çox mənbələrdə qeyd edilir ki, qala rəislərinin və iri feodalların yaşamış olduğu bu sahə “şah taxtı” adlanır. Eyni zamanda qalada vaxtilə ilxı və mal-qara saxlamaq, 600-ə qədər döyüşçünü atı və başqa hərbi sursatı ilə birlikdə yerləşdirmək mümkün olub. Tarixi mənbələrdə qeyd olunur ki, Azərbaycan Atabəyləri – Eldənizlər dövlətinin hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti xüsusilə artıb, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilib. Sonralar bir çox hücumlara məruz qalan Əlincəqala XIII-XIV əsrlərdə Hülakülərin, XIV əsrin II yarısında Cəlairilərin hakimiyyəti altında olub. Əmir Teymur 1386-1401-ci illərdə Əlincəqalaya 4 dəfə yürüş edib, qala 14 il mübarizədən sonra ələ keçirilib. 1405-ci ildə Əlincəqala yenidən Cəlairilərin, sonralar isə Qaraqoyunluların, Ağqoyunluların, sonralar isə Səfəvilərin hakimiyyətində olan qala feodal çəkişmələri və müharibələr nəticəsində dağıdılıb.
Xalqımızın azadlıq uğrunda mübarizəsinin, işğalçılara qarşı qanlı döyüşlərin şahidi olan, tarixin keşməkeşlərinə mətinliklə sinə gərən, min illərdir, tarix ümmanında yol alanlara mayak olan qala altı il öncə dövlətimizin tarixi keçmişimizə göstərdiyi diqqət və qayğıdan öz payını alaraq füsunkar əzəmətinə qovuşub.
Tarix təkcə qədim əlyazmalardan ibarət deyil, hər daşın, qayanın, qalanın da öz tarixi var. Bu baxımdan azadlıq uğrunda mübarizəmizin, işğalçılara qarşı qanlı döyüşlərin şahidi olan, tarixin keşməkeşlərinə mətinliklə sinə gərən, xalqımızın qədim tarixini özündə əks etdirən Əlincəqalanı qorumaq, təbliğ etmək və öyrənmək hər birimizin borcudur.
Səriyyə Salahova
“Arazın səsi” qəzeti