Naxçıvanda koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində 37 milyon kvadratmetrə yaxın ərazi dezinfeksiya edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin kollegiya iclası zamanı nazir, general-leytenant Şamı Abdullayevin məruzəsində yer alıb.
Şəxsi heyətin bilik və bacarıqlarının artırılması məqsədilə görülən işləri diqqətə çatdıran nazir vurğulayıb ki, müxtəlif ixtisaslı xilasedicilər 2 dəfə beynəlxalq təlimdə iştirak edib, 1 kоmplеks mülki müdаfiə təlimi, 16 potensial təhlükəli obyektdə taktiki-xüsusi təlim və əməli məşğələlər, 73 dəfə gecə məşğələsi, 10 qərаrgаh məşqi, 4 şöbədə kompleks yoxlama keçirilib.
Fövqəladə Hallar naziri qeyd edib ki, muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə 4 min 407 obyektdə yoxlamalar aparılıb, 345 şopen tipli su qızdırıcısının və 2 min 263 tez qatlanan tüstü borusunun istismarı dayandırılıb. Standartların tələblərinə uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının və digər texniki avadanlıqların istismarına yol verilməməsi məqsədilə 142 ticarət obyektində yоxlamalar keçirilib.
Ot-taxıl biçininə hazırlıq dövründə 99 kombayn yanğın-texniki baxışdan keçirilib, 1196 sahibkar və torpaq mülkiyyətçisi təlimatlandırılıb. Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğınlar 50 faiz azalıb.
Vurğulanıb ki, hesabat dövründə 94 müəssisənin fövqəladə hallara hazırlıq vəziyyəti yoxlanılıb, 370 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilib. Muxtar respublikada 45 obyektin tikinti sahəsində mühəndis-geoloji işlər, 81 obyektin tikintisinin işçi və layihə sənədlərinin ekspertizası aparılıb,
Diqqətə çatdırılıb ki, muxtar respublikada koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə Nazirliyin şəxsi heyəti cəlb edilərək ümumilikdə 37 milyon kvadratmetrə yaxın ərazi dezinfeksiya edilib.
Fövqəladə Hallar naziri general-leytenant Şamı Abdullayev kollegiya iclasına yekun vuraraq işdə buraxılan nöqsanlardan və qarşıda duran vəzifələrdən danışıb.
Nazirliyin 2022-ci il üçün iş planı kollegiyanın qərarı ilə təsdiq olunub.
Röyal Kərimov