2021-ci ildə Şərur rayonunda maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsait 1,2 faiz artıb

A- A A+

2021-ci ildə Şərur rayonunda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 77 milyon 156 min manat və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1.2 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın  həcmi 1.5 faiz artaraq 74 milyon 254 min manat təşkil edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Şərur Rayon İcra Hakimiyyətində 2021-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov danışıb.

Dekabrın 29-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında icra hakimiyyətlərinin qarşısına qoyulan  bir sıra tapşırıq və vəzifələrdən danışan İcra başçısı bildirib ki, hesabat dövründə Şərur şəhərində 6 mərtəbəli, 40 mənzilli yaşayış binasının və həmin binada yerləşən xidmət sahələrinin, Bayraq Meydanının, Saat Meydanının, Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin inzibati binasının, Şəhidlər xiyabanının, Kapitan Seyidov küçəsində iaşə obyektlərinin, 1 yaşayış binasının, 1 tibb müəssisəsinin, “28 May” və “Nizami” küçələrini birləşdirən yeraltı piyada keçidinin tikintisi və yenidənqurulması işləri başa çatdırılaraq istifadəyə verilib.

Diqqətə çatdırılıb ki, Şərur rayonunda enerji təhlükəsizliyinin tam təmin olunması üçün Zeyvə kəndində 5 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilib. Hazırda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tapşırığı ilə sözügedən ərazidə əlavə olaraq 3 meqavatlıq Günəş elektrik stansiyasının tikintisi davam etdirilir.

2021-ci ildə Şərur rayonunda 94 milyon 596 min manatlıq, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1.4 faiz çox sənaye məhsulu istehsalı qeydə alınıb. 2021-ci ildə Şərur Sənaye Məhəlləsində 3 istehsal sahəsinin tikintisi davam etdirilib.

Hesabat dövründə 155 milyon 408 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə  4.7  faiz çoxdur. Rayonda əkinə yararlı olan 16 min 234 hektar torpaq sahəsində əkin həyata keçirilib. Əkin sahələrində taxılçılıq üstün istiqamət kimi saxlanılıb, 3 min 866 hektar sahədə taxıl əkilib və orta hesabla hər hektardan məhsuldarlıq 40.5  sentner olub.

İcra başçısı səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələrdə görülən işləri də ətraflı təhlil edərək müvafiq tapşırıqlar verib. Diqqətə çatdırılıb ki, Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi, sessiyada qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üstün istiqamət kimi saxlanılmalı, bütün idarə-təşkilatlar səylərini daha da artırmaqla yüksək nəticələr əldə edərək rayonun hərtərəfli inkişafına öz töhfələrini verməlidirlər.

Müşavirədə Şərur Rayon Statistika İdarəsinin rəisi Ramiz Rəsulov, Maliyyə İdarəsinin  rəis əvəzi Bəhruz İsmayılov, Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin müdiri Elnur Əhmədov məruzə ətrafında çıxış ediblər.

                                                                                        Turab Hacızadə

                                                                                         

 

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: