NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən kollegiya iclasında komitənin sədri Hicran Rüstəmov məruzə edib. Bildirib ki, ötən il muxtar respublikada infrastruktur quruculuğu istiqamətində əsas kapitala 161 milyon 130 min manat investisiya yönəldilib. Bunun da 153 milyon 439 min manatı tikinti-quraşdırma işlərinin payına düşüb. Hesabat ilində Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin binası yenilənib, Şərur rayonunun Şəhriyar və Dərvişlər, Ordubad rayonunun Nüsnüs, Aşağı Əndəmic, Dırnıs, Vələver, Babək rayonunun Araz və Göynük kəndlərində kompleks quruculuq işləri görülüb, Ordubad şəhərində tam orta məktəb binası yenidən qurulub. Həmçinin Naxçıvan şəhərində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı, Şərur və Sədərək rayonlarında Bayraq meydanları, Şərur rayonunda Saat Meydanı, Ordubad rayonunun Nüsnüs kəndində Su dəyirmanı, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi binalarının tikintisi, Babək rayonunun Cəhri qəsəbəsində məscid tikintisi və Şahbuz şəhərində Mərasim evi binasının yenidən qurulması başa çatdırılıb. Bundan başqa, Naxçıvan şəhərində məscid, Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanası STEAM Tədris Mərkəzi, Naxçıvan şəhər Kimya Biologiya Təmayüllü Lisey, yeni uşaq bağçası, Şərur Şəhər Mədəniyyət Sarayı, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Babək rayonunun Sirab kəndində məktəb tikintisi, Şərurda Mərkəzi və Uşaq Kitabxanası və Ordubad şəhərində Cümə Məscidinin yenidən qurulması, Ordubad rayonunun Pəzməri və Şərur rayonunun Çərçiboğan kəndlərində kompleks quruculuq işləri davam etdirilir.
Vurğulanıb ki, əhaliyə müasir tələblərə uyğun tibbi xidmətlər göstərmək üçün yeni tibb ocaqlarının tikintisi və yenidən qurulması davam etdirilib. Hesabat dövründə Naxçıvan Qarnizonunun Hərbi xəstəxanasının, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi binasının tikintisi və tibbi avadanlıqların quraşdırılması, Ordubad Rayon Uşaq Xəstəxanası binasının, Şərur, Culfa və Şahbuz şəhərlərində Gigiyena və Epidemiologiya şöbələri üçün binaların yenidən qurulması, kompleks quruculuq işləri aparılan kəndlərdə həkim ambulatoriyaları və feldşer mama məntəqələrinin tikintisi başa çatdırılıb, Şərur rayonunun Çərçiboğan kəndində həkim ambulatoriyası, Darıdağ Arsenli Su Müalicə Kompleksinin inşası isə davam etdirilib.
Muxtar respublikada dövlət orqanlarında fəaliyyət göstərən işçilər üçün müasir əmək şəraitinin yaradılması, əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi üçün inzibati binaların tikintisi və ya yenidən qurulması daim diqqət mərkəzində olub, yeni infrastruktur obyektlərinin inşası davam etdirilib. Naxçıvan şəhərində Süni Mayalanma Mərkəzi, Qeydiyyat Şöbəsi binasında, Sədərək rayonunda Radio-Televiziya Ötürücü Stansiyasının, “ASAN” Xidmət Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və digər onlarla inzibati binada tikinti işləri başa çatdırılıb və ya hazırda davam etdirilir. Eləcə də “Duzdağ” massivində 390 metr uzunluğunda yeni Şaxtanın tikintisi başa çatdırılıb, Kəngərli rayonunda Duz İstehsalı müəssisəsinin tikintisi isə davam etdirilir.
2021-ci ildə əhalinin mənzil-kommunal təminatının yaxşılaşdırılması sahəsində görülən işləri də diqqətə çatdıran Hicran Rüstəmov qeyd edib ki, Naxçıvan şəhərində Tələbə Yataqxanası istifadəyə verilib, Şərur və Şahbuz şəhərlərində 40 mənzilli yaşayış binalarının tikintisi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi şəhərciyində, Culfa şəhərində yaşayış binalarının yenidən qurulması başa çatdırılıb, Naxçıvan və Şahbuz şəhərlərində 44 mənzilli yaşayış binalarının tikintisi davam etdirilir. Həmçinin Şərur şəhərində 1, Naxçıvan şəhərində 6 yaşayış binasının yenidən qurulması başa çatdırılıb, 6 yaşayış binasının yenidən qurulması isə davam etdirilir.
Vurğulanıb ki, muxtar respublikada enerji təhlükəsizliyinin təmin edilməsi də daim diqqət mərkəzində saxlanılıb. Naxçıvan şəhərində Qaz-Kompressor Stansiyasının, Şərur şəhərində yüksək gərginlikli elektrik xətti üçün tunelin tikintisi başa çatdırılıb, Ordubad və Tivi Su Elektrik Stansiyalarının, Culfa rayonunda yarımstansiyanın tikintisi davam etdirilir. Hesabat dövründə Şərur rayonun Sərxanlı kəndində içməli su təchizatı şəbəkəsinin tikintisi, Ordubad rayonunun mərkəzi və ətraf kəndlərinə içməli su və kanalizasiya sisteminin çəkilişi və su təmizləyici qurğunun tikintisi, Kəngərli rayon Böyükdüz kənd ərazisində 339 hektar sahədə qapalı suvarma və kollektor şəbəkəsinin tikintisi başa çatdırılıb, Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndləri ərazisində qapalı suvarma sisteminin, Kəngərli rayonunun Qarabağlar, Qabıllı, Yurtçu, Xok, Culfa rayonunun Yaycı kəndlərində su təchizatı şəbəkəsinin, Babək rayonunun Nehrəm qəsəbəsi, Arazkənd, Sədərək rayonunun mərkəzi və ətraf kəndlərində daxili su və kanalizasiya şəbəkəsinin, Araz Su Anbarından qidalanan nasos stansiyasının tikintisi və boru xətlərinin çəkilməsi davam etdirilir.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərovun yol infrastrukturu sahəsində görülən işlər barədə çıxışı da dinlənilib. Bildirib ki, ötən il ərzində muxtar respublikada 122 km uzunluğunda yeni asfalt yol salınıb və ya yenidən qurulub. Həmçinin ötən il 1 yeni körpü tikilib və 5 körpü təmir edilib.
Mahmud Hüseynov