Muxtar respublikada ötən ilin yekunları müzakirə olunur - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində ədliyyə orqanlarında 2021-ci il ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. Kollegiyanı Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov açaraq gündəliyi və reqlamenti elan edib. Nazir çıxışında bildirib ki, nazirlik əsas fəaliyyət istiqamətlərindən biri olan hüquqi maarifləndirmə, təbliğat və profilaktika sahəsində apardığı işləri davam etdirib.  “8 Noyabr-Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarından irəli gələn vəzifələr icra edilibdir.

İclasda görülmüş işlərlə yanaşı, ədliyyə orqanlarında yol verilmiş nöqsan və çatışmazlıqlar müzakirə edilib, ədliyyə qulluqçuları qarşısında qoyulan tələblər, eləcə də ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı verilən bütün tapşırıqların təmin edilməsinin vacibliyi vurğulanıb.

Kollegiya iclasında nazirliyin 2022-ci ilə dair iş planı və kollegiya qərarı təsdiq edilib.

Dövlət İmtahan Mərkəzində də 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib. “2021-ci il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Mərkəzin maddi-texniki bazası gücləndirilib, vətəndaşlara daha yaxşı xidmət imkanının yaradılması üçün müvafiq tədbirlər davam etdirilib”,-deyən Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli bildirib ki, Mərkəzdə 2 yeni server avadanlığı və 37 yeni kompüter quraşdırılıb. 2 proqram təminatı yenidən işlənib, 2 proqram təminatı isə təkmilləşdirilib. Mərkəzin yeni istifadəyə verilmiş SSL sertifikatlı internet portalı elektron ödəniş sistemlərinə inteqrasiya edilməsinə imkan verib.

“Hesabat dövründə dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün 3 müsabiqə keçirilib, bu müsabiqələrdə 1827 namizəd iştirak edib, onlardan 878-i uğur qazanıb”, - deyən İsmayıl Qəribli bildirib ki, imtahanlarda uğur qazanan 108 namizəd müxtəlif vəzifələrə təyin olunub. 16 namizəd isə ehtiyat kadrlar siyahısına daxil edilib. Eyni zamanda ehtiyat kadrlar siyahısından 6 namizəd işlə təmin olunub. Hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının təqribən 41,7 faizi Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqələrdə uğur qazanmış dövlət qulluqçularıdır.

Ümumilikdə, 2021-ci il ərzində müxtəlif istiqamətlər üzrə keçirilən 19 test imtahanında 9505 namizəd iştirak edib, onlardan 6065-i uğur qazanıb. Ötən il Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar nəticəsində 499 nəfər müvafiq vəzifələrə təyin olunub.  

Tədbirin sonunda qarşıda duran vəzifələr müzakirə olunub və Dövlət İmtahan Mərkəzinin 2022-ci il üçün İş Planı təsdiq edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: