Azyaşlı uşaqların internetdə olduğu vaxtlara nəzarət edə bilmədikdə onları qarşılaşacaqları təhlükələrdən qorumaq üçün təhlükəsiz internetin əhəmiyyəti barədə maarifləndirmək vacibdir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təhlükəsizlik parametrləri haqqında uşaqlar məlumatlandırılmalıdır. Bloklama funksiyası və ya profillərində dərc edilmiş şərhlərin məhdudlaşdırılması parametrlərini bilmək onları istifadə etdikləri xidmətlərdə mövcud təhlükələrdən qorumağa köməklik göstərir.
İnternetdə yerləşdirilən bir çox oyunlar böyüklər üçündür və bu oyunlar azyaşlılar üçün uyğun olmayan videolar, şəkillər və digər zərərli kontentlərdən ibarət ola bilər. Buna görə, uşaqların oynadıqları oyunların onlara uyğun olduğundan əmin olmaq vacibdir. Bundan əlavə oynanılan oyunlara nəzarət etmək üçün kompüterdə valideyn nəzarəti parametrlərindən də istifadə etmək mümkündür.
Azyaşlıların “Uşaq dostu” axtarış motorları vasitələrindən xəbərdar olmalarına əmin olmaq lazımdır. Bu vasitə ilə arzuolunmaz internet saytları süzgəcdən keçirilir və azyaşlılar internetdə təhlükəsiz axtarış apara bilirlər. Məsələn, “Google”da “SafeSearch” filtrləri xüsusiyyəti açıq-saçıq, cinsi material olan saytları bloklayır.
Əlavə olaraq kiçik uşaqların hansı saytlara daxil olduğunu görmək üçün onlayn olduqdan sonra brauzer tarixçələrini yoxlamağı da nəzərdən keçirmək olar.