NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunda ötən ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə rayоn icra hakimiyyətinin başçısı Rəfael Babayev bildirib ki, 2021-ci ildə rayonda quruculuq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilib. Belə ki, Ağbulaq kəndinə Xizək Mərkəzi, həkim ambulatoriyası, Şahbuz şəhərində yaşayış binası, Külüs kəndi ərazisindəki “Düz” massivində 340 hektar torpaq sahəsini suvarma suyu ilə təmin edən yeni nasos stansiyası, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz Rayon filalı və Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binalar istifadəyə verilib. Hazırda Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün inzibati binanın, “Düz” massivində qapalı suvarma şəbəkəsinin və Şahbuz şəhərində hərbçi ailələri üçün tikilən 5 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilir. Bundan başqa rayonda mərasim evlərinin tikintisi də diqqətdə saxlanılıb, Şahbuz şəhərində, Kükü, Keçili və Badamlı kəndlərində tikilən mərasim evləri istifadəyə verilib. Külüs, Türkeş və Şahbuzkənddə isə tikinti işləri davam etdirilir.
İcra hakimiyyətinin başçısı bildirib ki, 2021-ci ildə rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşunun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz artıb. Tikinti-quraşdırma işlərinə sərf olunan investisiyaların həcmi isə bir il öncəyə nisbətən 1,5 faiz artaraq 26 milyon 521 min 100 manat olub. Ötən il 2020-ci illə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal olunub. 2021-ci ilin ötən dövründə rayon üzrə 51 milyon 600 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. Ötən il təsərrüfatlarını daha da genişləndirmək məqsədilə 12 ailə təsərrüfatına 175 min 100 manat güzəştli şərtlərlə kredit verilib. 2021-ci ildə rayonda yaşıllaşdırma işləri də uğurla davam etdirilib, 22,5 hektar sahədə yeni bağlar salınıb.
Hesabat dövründə yol verilən nöqsanları da diqqətə çatdıran Rəfael Babayev aid qurumlara cari ildə fəaliyyətlərini daha da gücləndirməsi ilə bağlı tapşırıqlar verib. Qeyd olunub ki, Şahbuzun aqrar rayon olduğu nəzərə alınaraq kənd təsərrüfatının inkişafı diqqətdə saxlanılmalı, ailə təsərrüfatlarının inkişafına hərtərəfli köməklik göstərilməlidir.
Məruzə ətrafında rayon statistika idarəsinin rəisi Xaliq Abdullazadə, rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Xəzər Quliyev çıxış ediblər.
Novruz Məmmədov