Muxtar respublikada ordudan tərxis olunan gənclərin məşğulluğu diqqət mərkəzindədir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq bu gün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində hərbi xidmətdən tərxis olunmuş gənclərlə maarifləndirici görüş təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən görüşdə Naxçıvan şəhərindən və Şahbuz rayonundan olan hərbi xidmətdən yeni tərxis olunmuş gənclər iştirak edib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi, mayor Anar Aqilov ordu quruculuğu sahəsində görülən işlərdən danışıb.
İdarə rəisi ölkəmizdə gənclərin məşğulluğunun təmin edilməsinin dövlətimizin əsas prioritet sahələrindən biri olduğunu diqqətə çatdırıb.
Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Elmar Eyvazov və Şahbuz Rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov əmək bazarının günümüzdəki vəziyyəti, tələb olunan peşə sahələri, peşə kursları haqqında məlumatlar veriblər.
Daha sonra gənclərin vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Sonda hərbi xidmətdən tərxis olunan gənclər əmək bazarının peşə istiqamətləri üzrə maarifləndirici bukletlərlə tanış olublar.
İbrahim Əliyev