Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən “Şərq qapısı” qəzetinin rəsmi internet saytı müasir proqramlaşdırma dillərindən istifadə edilərək müasir üslubda yenidən hazırlanıb.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, www.serqqapisi.az domen adı ilə fəaliyyət göstərən yeni internet saytı həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün yeni sayt müasir üslübda tərtib edilərək, hər bir istifadəçinin kompüterinin, istər planşetinin və ya mobil telefonunun ekran ölçülərinə (responsive dizayn) uyğun hazırlanıb.
Əsas səhifədə istifadəçilərin informasiya əldə etmələri üçün qəzetin ünvanı, əlaqə telefonu, elektron poçt ünvanı və “Axtarış” bölməsi yerləşdirilib, “Rəsmi xronika” və “Həftəlik nömrələr” slaydlar şəklində yığılıb, həmçinin saytın əvvəlki versiyası saxlanılmaqla www.oldserqqapisi.az domeninə keçid təmin olunub.
Vətəndaşların elektron formada müraciət etmələri üçün “Əlaqə” bölməsi yaradılıb, “Xəbərlər” bölməsinə “İctimai-siyasi”, “İqtisadiyyat”, “Sosial”, “Elm-təhsil”, “Mədəniyyət”, “Turizm”, “İdman”, “Müsahibələr” alt bölmələrinə keçidlər də daxil edilib. “Faydalı linklər” bölməsində bir sıra internet saytlarına keçidlər qeyd edilib, saytın “Naxçıvan bu gün” adlı bölməsində isə muxtar respublikamızın inkişafını və turizm potensialını əks etdirən, eləcə də tarixi abidələrinin fotoşəkilləri slaydlar vasitəsilə göstərilib.
Qəzetin internet səhifəsi SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, saytın optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün mütəxəssislər tərəfindən zəruri texniki tədbirlər həyata keçirilmiş, eləcə də domenə bağlı e-poçt adresləri ilə təmin olunub.
Yeni hazırlanan sayt həm ingilis, həm də rus dillərində fəaliyyət göstərməklə oxucuların istəyinə uyğun olaraq internet səhifəsindən daha operativ faydalanmasına öz töhfəsini verəcəkdir.