Hərdən uşaq təxəyyülümün dərinliklərində ilişib qalan bir ifadə düşür yadıma; dəryalar mürəkkəb olsa, meşələr qələm... Kiçik yaşlarımdan nağıllarda eşitdiyim və təhtəlşüur olaraq fikri həqiqi mənasında qəbul etdiyim üçün dərk etməkdə çətinlik çəkdiyim bir ifadə idi bu. Həmişə sonsuzluğu, çoxluğu mübaliğəli şəkildə bildirirdi bu fikir. Mənsə bunu çox sonralar – kifayət qədər yaş həddinə çatandan sonra tam mənası ilə anlaya bilmişdim. Amma indi sizə danışacaqlarımda bu ifadə mübaliğəni yox, tam reallığı əks etdirir.
Tarix boyu xalqların, dövlətlərin inkişaf səviyyəsində hər zaman bir mərkəz önəmli rol oynayıb. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə özünəməxsus yer tutan bu mərkəzlər bölgənin əsas təkanverici qüvvəsinə çevrilib. Yaşadığımız regionda isə Naxçıvan bölgəsi bu missiyanı tarix boyu şərəflə daşıyıb.
Tarixin ədəbiyyat yaddaşında belə bir müdrik kəlam var: keçmişə əsaslanıb gələcəyi görmək. Əgər ötən əsrin 90-cı illərinə nəzər salsaq, ölkənin düşdüyü ağır vəziyyət və bu vəziyyətin fonunda Naxçıvan batmaqda olan gəmini xatırladırdı. Bütün infrastruktur dağılmış, sosial-iqtisadi vəziyyət çökmüş, enerji böhranı başlamış, ərzaq qıtlığı insanların yaşayışını daha da ağırlaşdırmışdı. Belə bir dövrdə ölkənin və Naxçıvanın xilasının yeganə yolu hər kəsi ətrafında birləşdirə biləcək güclü bir liderin ətrafında toplaşmaq idi.
Həmin dövrdə görkəmli dövlət xadimi, böyük öndər Heydər Əliyevin taleyin hökmü ilə Naxçıvanda yaşayıb – fəaliyyət göstərməsi çətin və mürəkkəb şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılması və möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisə idi. Ümummilli lider Heydər Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında cəmiyyət həyatının bütün sahələrini əhatə edən inkişafın möhkəm əsaslarını yaratdı. Dahi şəxsiyyətin uzaqgörən siyasəti, möhkəm strategiyaya əsaslanan inkişaf konsepsiyası Azərbaycanın xilasının Naxçıvandan başlanan təməl prinsiplərini qoydu. Sonralar ümumən Azərbaycanın hər yerində, o cümlədən Naxçıvanda baş verən böyük yeniləşmə və inkişaf prosesləri həmin zəmin üzərində ucaldı.
Biz Naxçıvanın yeni dövr inkişaf tarixinə nəzər salanda məhz bu təməl və prinsiplərin hansı möhtəşəmliklə həyata keçirildiyinə bir daha şahidlik edirik. Hindistanın görkəmli ictimai-siyasi xadimi İndra Qandi deyirdi ki, “Ən böyük qüdrət insanları sevməkdir”. Elə insanları sevməyin qüdrətidir ki, ulu öndərin əsasını qoyduğu dövlətçilik təcrübəsi və inkişaf amilləri əldə rəhbər tutularaq bu gün Naxçıvan qurulur, inkişaf edir, yüksəlir, Naxçıvanın yeni inkişaf dövrü, tərəqqi erası yaradılır.
Yüz ilə yaxındır ki, Azərbaycanın əsas hissəsindən ayrı düşmüş, biri işğalçı Ermənistan olmaqla üç dövlətlə həmsərhəd olan, olduqca əhəmiyyətli nəqliyyat dəhlizlərinin qovşağında yerləşən və geostrateji mövqeyə malik bir bölgədə yerləşən muxtar respublikanı idarə etmək heç də asan görünməməlidir. İlk öncə Naxçıvan 90-cı illərin ağır böhranından çıxarılmalı, sonra isə inkişaf və tərəqqiyə qovuşdurulmalı idi.
Yüz il sonranı düşünürsənsə, insan yetişdir - fəlsəfəsi əldə rəhbər tutularaq muxtar respublikanın nəinki şəhər və rayon mərkəzlərində, hətta ən ucqar dağ kəndlərində belə müasir infrastruktura malik məktəblərin tikilməsi, musiqi məktəblərinin istifadəyə verilməsi də məhz bu amilə hesablanıb; gələcək üçün təhsilli insanlar yetişdirmək. Şəhər məktəblərindən heç nə ilə fərqlənməyən bu təhsil ocaqlarında gələcəyin vətənpərvər gəncləri təhsil alır. Yeni tikilən və ya əsaslı şəkildə yenidən qurulan tədris və məktəbdənkənar tərbiyə müəssisələri, yeni idman məktəbləri yeniyetmə və gənclərin Avropa standartlarına uyğun şəraitdə təhsil almasına, formalaşmasına imkan verir.
İnsan amili hər zaman həyata keçirilən siyasətin əsası olaraq nəzərdə tutulur. İnsanların sağlamlığının qorunması, düzgün səhiyyə sisteminin göstərilməsi hər zaman diqqət mərkəzindədir. Əgər əvvəllər ən kiçik diaqnostik yoxlamalar üçün insanlar xarici ölkələrə üz tuturdularsa, indi Naxçıvan ən mürəkkəb cərrahi əməliyyatların keçirildiyi müasir xəstəxanalara və professional tibbi kadrlara malikdir. Mərkəzlərdə fəaliyyət göstərən böyük xəstəxanalarla yanaşı, demək olar ki, bütün kənd yaşayış məntəqələrində həkim ambulatoriyaları, feldşer-mama məntəqələri vasitəsilə sakinlərə keyfiyyətli tibbi xidmət göstərilir. İcbari tibbi sığortanın muxtar respublikada tətbiqi bu istiqamətdə daha uğurlu fəaliyyətin göstərilməsinə imkan yaradır.
Xalqını, vətənini, dövlətini sevən adam istənilən sahədə uğur qazana bilər. Məhz xalq, vətən, dövlət sevgisinin əməli işdə sübut edilməsinin nəticəsi olaraq Naxçıvan aqrar bölgədən sənaye-aqrar kompleksinin formalaşıb inkişaf etdiyi sənaye bölgəsinə çevrildi. Artıq ümumi daxili məhsulda istehsal həcminə görə sənaye ilk yeri tutur. Sənaye ilə yanaşı, aqrar sahənin inkişafı da diqqət mərkəzindədir. Yaradılan istixana kompleksləri, soyuducu anbarlar, kənd təsərrüfatının intensiv inkişafına imkan verən qapalı suvarma şəbəkələri əhalinin ilboyu keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına, ərzaq təhlükəsizliyinin yaradılmasına şərait yaradır. Kənd təsərrüfatı və sənayenin inteqrasiya olunmuş şəkildə inkişafının nəticəsidir ki, bu gün muxtar respublika 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödəyir. Bu isə, eyni zamanda muxtar respublikanın ixrac potensialının artırılmasına və xarici ticarət dövriyyəsində müsbət saldonun yaranmasına imkan verir.
Enerji sektorunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü işlərin nəticəsidir ki, bu gün Naxçıvanın enerji təhlükəsizliyi də tam təmin olunub. Naxçıvan enerji idxal edən regiondan enerji ixrac edən regiona çevrilib. Muxtar respublikada tikilən su elektrik stansiyaları, qurulan yeni günəş eletrik stansiyaları enerji tələbatının böyük bir hissəsini - 65 faizdən çoxunu alternativ və bərpaolunan enerji mənbələri hesabına ödəməyə imkan verir. Bu isə Avropa standartlarını belə üstələyən bir faktdır. Muxtar respublikada bir ilk olaraq qurulan Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyası təbiətin bu torpağa bəxş etdiyi daha bir alternativ enerjidən istifadə imkanı yaradıb. Hazırda tikintisi davam etdirilən Tivi və Ordubad Su Elektrik stansiyalarının istifadəyə verilməsi ilə Naxçıvanın enerji ixracatçısı qismində iştirakı daha da artacaq.
Muxtar respublikanın geosiyasi vəziyyətinin daim diqqətdə saxlanılaraq Naxçıvanda Əlahiddə Ordunun yaradılması, ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi, hərbi potensialın əsaslı şəkildə möhkəmləndirilməsi, xalq-ordu-dövlət birliyinin yaradılması bu torpaqların təhlükəsizliyinin qarantına çevrilib. Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsindəki rəşadət və vətənpərvərlik nümunəsi bu istiqamətdə həyata keçirilən siyasətin əyani təzahürü oldu.
Əgər 90-cı illərdə enerji problemləri ucbatından muxtar respublikada yaşıllıqlar məhv edilmiş, ekoloji böhran yaranmışdısa, hazırda həyata keçirilən yaşıllaşdırma tədbirləri və məqsədyönlü ekoloji siyasət muxtar respublika ərazisinin 20 faizinin yaşıllıqlarla örtülməsinə şərait yaradıb.
Rus yazıçı və filosofu Aleksandr Gertsenin şairanə frazası yada düşür: “Çiçək bitkinin məqsədi və onun həyatının mənasıdır”. Məhz çiçəkləmək və meyvə vermək amalı Naxçıvanın yeni epoxada müasir inkişafına təkan verən şəxsiyyətin muxtar respublikanı ölkə və beynəlxalq müstəvidə yeni mərhələyə qaldırmasına imkan yaradır. İndi Naxçıvan Azərbaycanın Gənclər paytaxtı, İslam Mədəniyyətinin paytaxtı, Avropa günlərinin keçirildiyi məkan ünvanını daşımaqla yanaşı, Türk Dövlət Başçılarının Zirvə görüşünə, Türk Şurası Gənc Liderlərinin ilk forumuna, eləcə də TÜRKSOY-un “Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” mövzusunda ilk beynəlxalq konfransa, “Naxçıvan Open” şahmat festivallarına, saysız-hesabsız idman yarışlarına ev sahibliyi edən, yüzlərlə xarici turisti qonaqpərvərliklə qarşılayan Şərq memarlığı ənənələri ilə ucalan müasir Qərb şəhəridir.
Bu sətirlər qələmdən süzüldükcə, yenə də düşüncəmdə canlanan “dəryalar mürəkkəb olsa, meşələr qələm” ifadəsi nağıl içindəki gerçəklikdir. Çoxlarının həsəd apara biləcəyi, elə həqiqətən də inanılmaz gerçəklik. Çünki şahidi olduğumuz möhtəşəm inkişafı və tərəqqini, yeniləşmə və dəyişilməni təsvir etməkdə söz acizdir...
La Tur Dyu Pen deyirdi: “Hər bir insan müqəddəs tarixdir”. Alber Kamyu isə deyirdi ki: “Hər bir insan heç bir başqa tarixə bənzəməyən bir tarixdir”. Bu gün biz müasir Naxçıvanın tarix kitabını səhifələyirik. Yenidən bərpa edilən, ikinci həyat verilən tarixi abidələrimiz bu tarix kitabının daş səhifələridir. Görülən işlər, qazanılan uğurlar, hər gün tarix səhifəsinə yazılan yeni sətirlər də başqa tarixə bənzəməyən tarixin əsəridir. Çünki tarixi yaşadanları tarix də yaşadır.
Qədim yunan və Çin filosoflarından üzü bəri müxtəlif xalqlarda işlənən belə bir müdrik kəlam var: “Həqiqətən xeyirxah olmaq üçün xeyirxahlıqdan bir az artıq xeyirxah olmaq lazımdır”. Elə bu tərəqqi də həmin real xeyirxahlıqdan – bir az yox – bir xeyli xeyirxahlığın nəticəsidir. Məhz xeyirxah əməllər sayəsində bu gün Naxçıvan öz gözəlliyi ilə şövqlə parlayır. Bu parlaq quruculuq işlərinin, sosial-iqtisadi tərəqqinin, qazanılan uğurların sorağı indi çox uzaqlardan gəlir.
Yaşadığımız indiki dövr qədim Naxçıvanın yeni dövr tarixinin çoxcildlik kitabıdır. İnkişaf və yeniləşmə istiqamətində keçilmiş şərəfli yolun böyük dərsləri, dövlətçilik, quruculuq, idarəetmə sahəsində toplanmış zəngin təcrübə Azərbaycanın bu qədim və həmişəcavan diyarının sabahkı üfüqlərinə də gur işıq salır. Artıq 22-ci ilini yaşadığımız XXI əsr inkişaf və tərəqqi mərhələsi kimi doğma Naxçıvanımızın iqtisadi və siyasi tarixinin parlaq səhifəsinə çevrildi. Möhkəm qətiyyət, gərgin əmək və müdrik ideologiyaya sadiqliyin vəhdətindən doğan bu uğurlar, nailiyyətlər müəyyən edilmiş inkişaf yolunun alternativsizliyini bir daha sübut edir. Əzmkarlıq, siyasi iradə və ən əsası yüksək vətənpərvərlik nümunəsi blokada şəraitində də hərtərəfli inkişafın mümkünlüyünü göstərdi.
Sabitlik və inkişaf müasir Naxçıvanın əsas göstəricisidir. Naxçıvanın dünəni ilə bu gününün mənzərəsi fonunda insanlar nələrə sahib olduqlarını yaxşı bilirlər. Bu torpaqlar tarixin heç bir mərhələsində bugünkü qədər gözəl, abad və güclü olmayıb. Bu gün Naxçıvan arzu və istəklərin reallaşması ilə işıqlanan, hər birimizin qürur yeri olan doğma diyarımızdır.
Aparılan təhlillər və sosial-iqtisadi proseslərin yekunu göstərir ki, muxtar respublikamız sürətli inkişaf tempini qoruyub saxlamaq üçün bütün potensial imkanlarını səfərbər edir, daha uğurlu nəticələrə və yeni-yeni nailiyyətlərə doğru inamla irəliləyir. Naxçıvan Muxtar Respublikasında mədəniyyətə, milli-mənəvi dəyərlərə, tarixi irsə göstərilən böyük diqqəti, turizmin bütün növlərinin inkişafını, sosial-iqtisadi infrastrukturun sürətlə yenilənməsini, mövcud həyatın ağla gələ biləcək hər bir istiqamətinin inkişafı üçün çəkilən zəhmətin, axıdılan alın tərinin şahidləri olaraq blokada və inkişafın paralel konteksində müşahidə edilən dəyişiklikləri hər an görürük.
Robindranat Taqor deyirdi ki, “Yarpaq sevəndə çiçək olur, çiçək sevəndə meyvə”. Elə bu sevgi xalqımızın hünərvər oğullarını qurub-yaratmağa, inkişafa, tərəqqiyə ruhlandırır. Çünki Naxçıvanda görülən hər bir işdə sevgi və vətənpərvərlik var. Biz bunu torpağı becərən əkinçinin alın tərində, yaxşı təhsil alıb, layiqli mütəxəssis kimi yetişmək istəyən tələbənin xəyalında, yollar salan, binalar tikən mühəndisin əməyində və nəhayət keçmişi kərpic-kərpic bərpa edib, gələcəyi quran Qurucu Rəhbərin obrazında görürük.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov hər şeydən əvvəl, regionda böyük quruculuq proqramını gerçəkləşdirib. Qurucu Rəhbər obrazının bütün əsas səciyyəvi xüsusiyyətləri onun simasında cəmləşib. O, Azərbaycan tarixinə Naxçıvanın böyük quruculuq hərəkatının rəhbəri kimi daxil olub. Nəticədə muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri başda olmaqla, demək olar ki, bütün şəhər və rayon mərkəzləri qısa müddətdə əsaslı surətdə yenidən qurulub. Qədim tarixə malik olan Naxçıvan şəhərinin əsas memarlıq üslubu saxlanılmaqla yanaşı, şəhərdə düşünülmüş şəkildə böyük yeniləşdirmə proqramı həyata keçirilib. Bu, Naxçıvan şəhərinin keçdiyi çoxəsrlik inkişaf yolunda yeni tarixi epoxadır. Bu gün inkişaf etdirilmiş və əsaslı şəkildə yenidən qurulmuş Naxçıvan Muxtar Respublikası Qurucu Rəhbərin əsəri, bugünkü və gələcək nəsillərə ən böyük töhfəsidir.
Məhz belə insanlar haqqında hind yazıçı-filosofu, Nobel mükafatı laureatı Robindranat Taqorun belə bir kəlamı var: “Həyat bizə müftə verilir, biz borcumuzu ödəyəndə ona ləyaqət qazanırıq”. Çox yerində deyilmiş bir ifadədir; xalqın qəlbində özünə yer qazanmış, sevilmiş, parlaq uğurlara imza atmış insanlar həmişə xalqın qəlbində yaşayır və şübhəsiz ki, gələcəkdə də yaşayacaq!
Keçmişdən boylanıb bu günə baxanda biz müasir Naxçıvanı Əlincəqala qüdrətindən, Gəmiqaya əzəmətindən, Əshabi-Kəhf müqəddəsliyindən görürük. Bizim üzərimizə düşən isə bir parçası olduğumuz, şahidlik etdiyimiz bugünkü şanlı tarixin salnaməsini gələcək nəsillərə çatdırmaqdır. Çünki tarix qüdrətli şəxsiyyətlərin əməlləri ilə yaradılır, yazılır və yaşadılır. Tarix yazanlar isə əbədi yaşayır. Yenə də söz yetmir, yenə də yazıb bitirmək olmur – dəryalar mürəkkəb olsa, meşələr qələm...
Məmməd Babayev