Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının adyunkturasına qəbul elan olunur

187

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə adyunkturaya qiyabi və dissertantlıq yolu ilə qəbul elan edir.

Müdafiə Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, qəbul “Milli təhlükəsizlik və hərbi elmlər” elm sahəsinə aid hərbi nəzəri elmlər, hərbi xüsusi elmlər, hərbi təbabət və milli təhlükəsizlik ixtisasları üzrə elan olunur.

Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə isə həkim-mütəxəssis), Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular və mülki işçilər müsabiqə əsasında qəbul edilirlər. Mülki ali təhsil müəssisələrini bitirən hərbi qulluqçular iki ildən az olmayaraq xidmət təcrübəsinə malik olmalıdırlar.

Elmlər doktoru proqramı üzrə adyunkturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi dərəcəsi olan hərbi qulluqçular (mülki işçilər) qəbul edilirlər.

Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya qiyabi təhsil üçün müraciət etmiş namizədlər xarici dildən (ingilis, alman və ya fransız dillərindən biri, rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində fəlsəfədən və ixtisas fənnindən qəbul imtahanları verirlər. Xarici dil üzrə imtahanda iştirak etməyən namizədlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Keçid balı DİM tərəfindən müəyyənləşdirilir. DİM tərəfindən müəyyən edilən keçid balını toplayan namizədlər növbəti imtahanlara buraxılırlar.

Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Test-DaF, DELF, DALF və STANAG 2.2.2.2) malik olan namizədlər xarici dil üzrə qəbul imtahanından azad edilirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Müdafiə Nazirliyi ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru" elmi dərəcəsi almaq hüququna tədqiqat sahəsində müəyyən nailiyyətləri olan, ən azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və ya təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.

Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün müraciət edən namizədlər digər namizədlər kimi xarici dil üzrə yuxarıda göstərilən qaydalar əsasında DİM-in keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər.

Dissertantlıq yolu ilə “Elmlər doktoru” elmi dərəcəsi almaq hüququna "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və ya təşkilat olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər.

Adyunkturaya qəbul olmaq üçün raportlar komanda üzrə martın 31-dək hərbi hissələrin komandirlərinə, hərbi-elmi (elmi-tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəislərinə təqdim edilməlidir.

Fəlsəfə doktoru hazırlığı üzrə adyunkturaya qəbul üçün raport, ərizə (adyunktun fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın adına), kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 ölçüdə), xidməti (iş yerindən) xasiyyətnamə, iş stajı olanlar üçün əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (azı 2 elmi məqalə), ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (bakalavr və magistr səviyyəsi) müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış hərbi qulluqçular (mülki işçilər) üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə) və şəxsiyyəti təsdiq edən sənədin surəti təqdim edilməlidir.

Elmlər doktoru hazırlığı üzrə adyunkturaya qəbul üçün isə ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış hərbi qulluqçular (mülki işçilər) üçün təhsil sənədlərinin tanınması haqqında şəhadətnamə), “Fəlsəfə doktoru" elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (bu diplomu xarici ölkələrdə almış hərbi qulluqçular (mülki işçilər) üçün təkrar attestasiya (nostrifikasiya) diplomu), çap olunmuş elmi işlərin siyahısı, dissertasiyanın açıq planı, dissertasiyanın aid olduğu sahə üzrə iki “Elmlər doktoru” elmi dərəcəsi olan mütəxəssisdən alınmış yazılı rəy, xidməti (iş yerindən) xasiyyətnamə, əmək kitabçasından çıxarış (mülki işçilər), kadrların şəxsi qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 ölçüdə) və şəxsiyyəti təsdiq edən sənədin surəti təqdim edilməlidir.

Hərbi hissə komandirləri, hərbi-elmi (elmi-tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəisləri adyunkturada təhsil almaq üçün müraciət etmiş namizədlərin raportlarını ona əlavə olunan sənədlərlə birlikdə aprelin 15-dək Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinə göndərməlidirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: