Dağlar oğlu- Mübariz postunda xidmət edən qəhrəman

A- A A+

Soyuq bir qış axşamıdır. Bayırda yeni ilin ilk qarı yağır. Tovuz xanım artıq iki ildir ki, şam ağacı bəzəmir. Onun bayramları, ən xoş günləri oğlunun gedişi ilə getdi eləcə. Bu balaca evinin bir otağı oğlunun şəkilləri, şəxsi əşyaları, fəxri fərmanları, xatirələri ilə doludur. Bir zaman əyninə geyindiyi hərbi forması divardan asılıb. Yaraşıqlı siması, boy-buxunu, durğun baxışı şəkillərində əbədiləşib. Hər əşyasından, hər şəklindən bir xatirəsi boylanır Həmidin. Bu dilsiz əşyalar dil açıb vətən sevdalısı bir gəncin, II Qarabağ müharibəsində Azərbaycan ordusunun şəhid verdiyi minlərlə oğullardan biri, baş leytenant Həmid Qasımovun yarımçıq həyat hekayəsindən danışır zaman-zaman.  

Saçları vaxtından tez ağarmışdı Həmidin. Gözlərində ağır bir yük vardı sanki. Dərin düşüncələrə dalardı elə hey. O gün gələcəkmi, Qarabağı azad edəcəyikmi. O torpaqlara hərbçi kimi ayaq basacağammı. Vətən həsrətindən, torpaq xiffətindən   bir tala dən düşmüşdü 26 yaşlı bu igidin qara saçlarına.     

2020-ci ilin o məşum payız günlərində Naxçıvan Qarabağdan gələn şəhid  oğullarını toy karvanı ilə qarşılayanda başında qara çalması, əynində oğlunun  hərbi gödəkçəsi olan bir ananın bu nidaları hələ də qulaqlardan getməyib. “Sənə halal olsun, Həmid. Halal olsun sənə”. Şəhid Həmid Qasımovun anası Tovuz xanım idi oğlunu belə qürurla qarşılayan, ona bu sözləri deyən. Zəhmətini, əməyini övladlarını təkcanına böyütmək uğruna çəkdiyi bütün cəfaları oğluna halal etdi bu məğrur qadın.  Vətən üçün böyütdüyü oğlunun mübarək nəşi qarşısında baş əydi. Alnıaçıq, başıdik “bir oğlum da var, lazım olsa, onu da bu yolda qurban verməyə hazıram” dedi.

Yol gəlmisiniz, soyuqdur deyib evinin bir küncündə yanan sobanın üstündəki çaydandan bizə bir fincan çay süzən bu qadının simasına baxanda ana vətən kəlmələri yada düşür. Ana sözünün niyə vətən sözünə bərabər tutulduğu bir daha aydın olur. Anası qədər çox sevdi Həmid vətənini. Sinəsinə qazıdığı Ana sözündə  bütövləşdi vətən onun üçün. Anası da vətən üçün böyütmüşdü axı onu. Elinə dayaq, torpağına əsgər, zabit  vermişdi. Hələ uşaqlıqdan hiss etmişdi ondakı o duruşu, o baxışı. “Generalım” deyib onu əzizləmişdi. Heç bilməmişdi oğlu  hərbini seçəcək. Hələ şəhid olacağını ağlına belə gətirməmişdi...

Beləcə, 8-9 yaşlarından oğullarını atasız böyütdü Tovuz xanım.  Həm ata qayğısı, həm ana nəvazişi göstərdi onlara. 

“Həmidin necə bir oğul olduğunu 9 yaşında görmüşdüm. Onları təkbaşına böyütmək üçün çox əziyyətlər çəkmişəm. Elə vaxt olub ki, geydiyim ayaqqabının üstü olub, altı yox. Yağışda, qarda ayaqlarım həmişə su olardı. Həmid o zaman məndən xəbərsiz gedib qonşunun həyətində işləmiş, aldığı pulla mənə bir cüt ayaqqabı almışdı. Çox sakit, ağıllı, uzaqgörən bir uşaq olan Həmid böyüdü,  evimin böyüyü, arxa-dayağım, dostum-sirdaşım oldu. Bütün işlərimi onunla məsləhətləşərdim”. 

Ana danışdıqca  xatirələr çözələnir, səsi titrəyir, bəzən gözlərində qığılcımlar yanır, bəzən də yaş axırdı. Danışdıqları kinolent kimi gözlərinin önündən keçirdi o an. Bir zaman bu zəhmətkeş əlləri ilə oğlunu məktəbə aparan, saçlarına sığal çəkən  ananın qəlbində indi bir oğul həsrəti yurd salıb.

Bir günün içində saçım ağardı,

Həyat qocaltmamış, qocaltdın məni.

Amma mən haqqımı halal edirəm

Şəhid anasıtək ucaltdın məni! - deyir.

O danışır, mən isə Həmidin tərcümeyi-halına nəzər salıram.

1994-cü il dekabrın 11-də Şərur rayonunun Qışlaqabbas kəndində anadan olan Həmid  Kəngərli rayonunun Qabıllı kəndində böyüyüb. Həmid hələ 9-cu sinifdə oxuyarkən qərarını vermiş, seçmişdi gələcək peşəsini. 2009-cu ildə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmaq üçün sənəd verəndə övladlarını vətən, torpaq sevgisi ilə böyüdən Tovuz xanım oğluna bu sözləri demişdi: “Həmid, sonadək bu yolu davam etdirəcəksənsə, get, yox əgər yarı yoldan qayıdacaqsansa, getmə”. 2012-ci ildə liseyi bitirib  AAHM-ə qəbul olan gənc leytenant  2016-cı ildə bu ali hərbi məktəbi  də uğurla başa vurur və  Goranboy rayonunda N saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmətinə başlayır. 2017-ci ildə Tərtər  rayonunun N saylı hərbi hissəsinin tabeçiliyində olan Milli Qəhrəman Mübariz İbrahimovun  adını daşıyan postda xidmət edir. Beləliklə, Milli qəhrəmanın layiqli davamçısı, əsgərlərinin qayğıkeş komandiri olan Həmid Qasımovun göstərdiyi xidmətlər nəzərə alınır, fəxri fərmanlar, təltiflər alır. 2019-cu ildə Ordu komandanlığı tərəfindən ona baş leytenant rütbəsi  verilir və bölük komandiri olur.

Həmid hər zaman doğmaları ilə danışanda “Qəhrəmanımızın xidmət etdiyi yerdə dayanıb onun getdiyi yola baxıram. İnşallah, bu yolu tamamlayarıq” deyərdi. Oğlunun bu postda xidmət etdiyi dörd il ərzində həm fəxr etdi, həm də yuxuları ərşə çəkildi Tovuz xanımın. Qorxdu ki, balası da Mübariz kimi qəflətən düşmən tərəfə keçər, onun hiyləsinə tuş gələr. Günlərin birində qardaşına “səfərbərlik elan olunub, sən də yazıl, gəl birlikdə əzək düşmənin başını, zəfəri Qarabağda qeyd edək” deyən Həmidin illərdir arzuladığı an gəlib çatmışdı - sentyabrın 27-si. 

Döyüş öncəsi bölüyünü toplayaraq “Bu yol şərəf yoludur, illərlə həsrətində olduğumuz torpaqlarımız uğrunda  şərəflə döyüşmək  bizə qismət oldu.  Döyüş  meydanında nə olur olsun, əsla geriyə baxmayın. Hətta mən –komandiriniz şəhid olsam belə, yalnız irəliyə gedin. Böyük əzm və şücaətlə  qorxusuzcasına düşmənin üzərinə gedin. Çünki biz tarix yazanlar deyilik, tarix olanlarıq” deyən komandir mübariz bölüyü ilə Mübariz postundan düşmənin üzərinə atılır, ön xətti yarır, Talış, Suqovuşan, Laçın uğrunda  döyüşlər gedir. Oktyabrın 3-ü 6 saat davam edən  döyüşdə cəsur komandir qarın nahiyəsindən güllə yarası alır. Əsgərləri ona “Komandir, siz olduğunuz mövqedə qalın, biz əzərik düşmənin başını” desələr də, o yarasını sarıdıb yaralı vəziyyətdə döyüşə davam edir, bəlkə də yaralı halda döyüşməsəydi, dünüb yarasını sağaltsa idi, şəhid olmayacaqdı. Amma Mübarizin ruhu onun  qanına işləmişdi. Hamıdan öndə getməli idi Həmid. Getdi və ikinci dəfə boğazından vuruldu. Əsgərləri ona “Komandir, bizimlə qal” desə də, artıq gec idi, son sözləri boğazında düyünlənib qalan  komandirin ruhu göylərə pərvazlanmışdı.

-Generalımız Polad Həşimov şəhid olanda Həmid məzuniyyətdə idi. Xəbəri eşidəndə  rəngi qapqara qaraldı. Onu burada saxlaya bilmədim. Təcili bilet alıb getdi. Qəlbi vətən, torpaq sevgisi, düşmənə qəzəb hissi ilə alışıb yanan oğlumu  generalımızın şəhid olması xəbəri  da daha da coşdurdu. Həmid özü  də Aprel döyüşləri zamanı  Lələtəpə uğrunda gedən döyüşlərdə  general Polad Həşimovun tabeliyində döyüşmüşdü.

Oğluma bu həyətdə toy mağarı quracaqdım. Ancaq tabutunu qarşıladım.  Bu çox ağır olsa da, oğlumla son dəfə görüşməyə gələn insan seli, onun uca adı, qəhrəmanlığı   məni ayaqda tutdu.

Vətəninə canını fəda edən  Həmid  torpağa tapşırılan gün həyətimizdəki izdihamın ucu-bucağı  olmadı.  El oğlumu layiqincə qarşıladı.

İndi Qabıllı kənd qəbiristanlığında üç igid yan-yana uyuyur. Həmid də onların sırasında bu məkanı özünə əbədi məskən seçib. Onların adı ilə  təkcə doğmaları yox, bir mahal, bir el, bütün  Azərbaycan fəxr edir. Tovuz xanım tez tez bu ünvana, oğlunun görüşünə gəlir. Anasına bəxş etdiyi baş ucalığından, ölümündən sonra aldığı medallardan, bu  gün yaşadığı rayon, eləcə də ölkə üzrə  şəhidlərlə bağlı keçirilən bütün tədbirlərdə iştirak etməyindən, gənc nəsilə Həmiddən danışmağından  deyir ona. Bir də deyir ki, məni sənə görə tanıyırlar, oğul!

Özü ilə bu dünyadan nakam sevgisini də aparan Həmid Qasımov  əvəzində milyonlarla insanın sevgisini qazandı.

6 oktyabr 2020-ci il. Şəhid baş leytenant Həmid Qasımovun dəfn edildiyi gün. Bəlkə də, o gün bu qapıda Həmidin toyu çalınacaq, yeni bir ailənin təməli qoyulacaqdı.   İndi Həmidin xatirələrini daşıyan otaq da bəy otağı olacaqdı.  Həmid nişanlı idi axı. Nuranə adlı qızla iki il idi nişanlanmışdı. Onun xarakterinə, tərbiyəsinə vurulmuşdu Nuranə. Şəhid olmamışdan əvvəl yarına “mən şəhid olsam, sən qərənfilim olarsan” deyən Həmid  Nuranənin  yuxusuna tez -tez gəlir. Daha Nuranə sevgilisini ancaq  yuxularında görə bilir.

Həmid Nuranə ilə özünə iki gün təmtəraqlı toy çaldıracaq, ən gözəl bəy libasını geyinəcək,  gələcək  oğluna isə babası Nurməmməd kişinin adını qoyacaqdı. Axı, o, bu həyatda babası Nurməmməd kişini özünə ideal seçmişdi. Sözü-söhbəti tutardı onunla. Vətəni sevməyi, dinə, imana bağlılığı, əməlisaleh insan olmağı   babasından  öyrənmişdi.

Bu arzuları nakam qaldı, amma şəhid olmaq arzusuna çatdı.

Vətəni bütöv, xalqını qalib görməyi  Həmid  o qədər arzulamışdı ki, 4 il düşmənlə üzbəüz xidmət edəndə də bu arzularla yaşadı. “Mən dağlar oğluyam, aşağılarda nə işim var, qartal zirvələrdə olar” dedi.

-Həmid həmişə evə gələndə məndən xəbərsiz gələrdi ki, sürpriz olsun. Qapını açardım, balam dayanardı qarşımda. Qucaqlayar, bağrıma basardım. Evimə işıq, yaraşıq gələrdi sanki... İndi daha açmır bu qapını. Amma ruhu bizimlədi, bunu hər an hiss edirəm.

Ana oğlunun bu evdən, bu qapıdan  sonuncu gedişini  xatırlayır: “Həmid üzərliyi, onun ətrini çox sevərdi. Həmişə gedəndə ona  bir dəstə üzərlik verərdim. 2020-ci il avqustun 4-ü onu bu qapıdan yola salanda da belə etdim.  Allaha əmanət ol ki, səni bir də görə bilim, dedim.  Məni bərk qucaqladı. O an  oğlumu sonuncu dəfə gördüyümü hiss etdim bir anlıq. İndi o üzərliyi məzarına qoyur, otağında yandırıram tez –tez. Axı Həmid çox sevirdi üzərlik iyini”.

Bu evdə bir də Həmid üçün darıxan bir qardaşı var.  Ümidin  qardaşı ilə iki yaş fərqləri var. Həmid təkcə qardaş yox, həm də ata olmuşdu Ümidə. Hər zaman arxa-dayaq çıxmışdı, qoruyub-qollamışdı onu. Həmid şəhid olmamışdan öncə  anasına demədiyini qardaşı Ümidə demişdi. Sevdiyi qızı və anasını ona əmanət etmişdi.

“Həyatda “heç” uğrunda ölməkdən qorxuram. Allah bu məqsəd üçün ölməyi nəsib etsin” deyən Həmid şəhidliyi bu həyatda qarşına məqsəd qoymuşdu. Vətən uğrunda son nəfəsinədək  döyüşərək o ali məqama ucalmaq arzusu idi. Amalına çatdı.

Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən ugrunda”, “İgidliyə görə”, “Laçının və Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülən  igid vətən oğlu anası Tovuz xanıma bu medalları, bir də  tabutuna bükülüb gələn bayrağı  əmanət qoydu.  İndi Həmidin otağındakı  yatağın örtüyünə  dönən o bayrağa Tovuz xanım hər dəfə  baxanda qəhrəman oğlunu xatırlayır. Qeyri-ixtiyari olaraq bu sözləri pıçıldayır öz –özünə:

Üçrəngli bayrağınla məsud yaşa,

Şanlı Vətən, şanlı Vətən!

Ömrü 26 ilə sığan Ulu Kəngərlilər yurdunun daha  bir vətənpərvər  oğlunun həyat hekayəsi belə idi. İllər dolanıb, qərinələr ötəcək, o oğulların adı və hünəri unudulmayacaq.

Türkanə Əmoyeva

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: