Qışı bir nağıldı Boyəhmədin - FOTOLAR

A- A A+

Hər fəslin özünəməxsus gözəlliyi olsa da, qış fəsli bir ayrı gözəldir. Yəqin ki, onu gözəlləşdirən və fərqləndirən də qış aylarında hər tərəfin ağ örpəyə bürünməsidir. Qışı sevdirən bir cəhət də bu fəsildə təqvim ilinin yenilənməsidir. Hər insan yeni ilə yeni ümidlərlə, arzularla girir. Yeni ili qar yağışı ilə qarşılamaq insanlarda daha düşərli bir il olacağına həvəs oyadır. Düzdür, əvvəllər qış fəsli insanlarda xoş olmayan bir ab-hava yaradırdı. Elə ki, fəsil dəyişdi, havalar soyudu, insanların qış qayğıları başlayardı. Evlərdə şəraitsizlik, su, elektrik və təbii qazın olmaması yaşayışı çətinləşdirirdi. O zamanlar, əsasən də kənd yerlərində yaşayan insanlar qış fəslinin nəyin ki, gözəlliyini hiss etmir, hətta öz həyətyanı sahələrinə çıxmağa belə ehtiyat edirdilər. Buz tutmuş yollarda hərəkət məhdudiyyəti yaranırdı. Artıq bütün sadaladıqlarımız illərin ötəsində qalıb. Müstəqilliyə qovuşduqdan sonra ölkəmizdə görülən quruculuq işləri və aparılan islahatlar insanların yaxşı yaşaması üçün nəzərdə tutulub və hər cür şərait yaradılıbdır.

Culfa-Boyəhməd magistral yolu ilə irəliləyən avtomobilimizdən Əlincəçayı boyunca yerləşən kəndləri seyr edə-edə üz  Boyəhməd kəndinə sarı gedirik.

Ətrafa bəyazlıq bəxş edən, dağları, düzləri ağ örpəyə bürüyən bu fəslin verdiyi zövq tamam başqadır. Boyəhməddə qışı yaşamaq, gecənin həzin səsini, gündüz günəş şüalarının qar üzərində parlamasını görmək insanda xoş təəssürat yaradır. Qış fəsli olsa da, dağlardan axan bulaqların şırıltısı kəndin təbiətinə ayrı bir rəng qatır.

Boyəhməd rayonun ən ucqar dağ kəndidir. Əlincə çayının sol sahilində, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşir. Bu kənd o qədər də böyük deyil. Təqribən 46 yaşayış evi olan kənddə 250-dən artıq sakin yaşayır. Kənd sakinləri çox mehriban və qonaqpərvərdir.

Avtomobildən düşəndə ağappaq qardan gözlərimiz qamaşır. Biraz keçdikdən sonra ilk qarı görən uşaq kimi bir-birimizə qar topları atırıq. Qış gününün qısa olmasını nəzərə alıb tez bir zamanda kəndi gəzməyə başlayırıq. Bu vaxt qarşılaşdığımız və bizə “xoş gəldin” deyən kənd sakini Ədalət Həsənov bizi evlərinə dəvət edir. Süfrə arxasında isti çay ilə “isti” xoş söhbətə başlayırıq.

Ədalət müəllim bildirir ki, kəndimizə gələn hər bir qonağı bizdən əvvəl Göydağ qarşılayır. O Göydağdır ki, yayın orta aylarına qədər başında şırım-şırım qar durur. Yay fəslində belə dönüb bu dağa baxsan, elə hiss edirsən ki, qış fəslindəsən. Kəndimizə çox qonaqlar gəlir. Boyəhmədin hər fəsildə gözəlliyi onları valeh edir. Yaylağımızı görən qonaqlar isə buranı Qarabağda olan yaylaqların gözəlliyinə bərabər tutaraq “bura ikinci Qarabağdır”, – deyirlər.

Qeyd edək ki, kəndin uzaq keçmişə şahidlik edən tarixi var. Bu qədimliyi təsdiqləyən əsas amillər buradan tapılan tarixi maddi-mənəvi nümunələrdir. Eradan əvvəl Tunc, Orta Tunc və Son Tunc dövrlərinə, eləcə də İlk Dəmir dövrünə aid olan yaşayış məskənlərinin qalıqları, xanlıqlar dövründə salınan evlər bu günümüzə kimi gəlib çıxmışdır. Kəndin ən görməli və maraq çəkən yeri Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkıdır. Buraya gələn qonaqlar ilk olaraq bu park ilə tanış olurlar. Biz də yolumuzu bu parka salırıq. İlk qarşılaşdığımız böyük tabloda ulu öndər Heydər Əliyevin dediyi “Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir” kəlamını oxuyur və muzey ilə yaxından tanış olmaq üçün içəri daxil oluruq. Muzeydəki Zəngəzur Milli Parkının ərazisinə məxsus olan zəngin flora və fauna nümunələri, dərman bitkilərindən hazırlanan ekstraktlar, faydalı qazıntılar, o cümlədən, heyvan maketləri diqqətimizi çəkir. Ən çox marağımıza səbəb olan isə kəndə məxsus olan qədim məişət əşyaları idi. Muzeyin elmi işçisi Samir Quliyevlə söhbətləşirik. O qeyd edir ki, bu kənd əhalisinin xoşbəxt yaşamasının səbəblərindən biri də odur ki, Zəngəzur Milli Parkının bir hissəsi Boyəhmədə düşür. Kənd camaatı istədiyi vaxt əraziyə çıxır, dərman otlarından toplayır, onlardan müxtəlif xəstəliklərə qarşı istifadə edirlər. Şaxtalı-sazaqlı qış fəslində uzun sürən gəzintidən sonra dadlı yeməklərin ətri gələn, isti, rahat evə tələsməkdən gözəl nə ola bilər.

Bizim üçün hazırlanmış isti yeməklərdən dadmaq üçün kənd sakini Ayna Əliyevanın qonağıyıq. Bizi gülərüzlə qarşılayan ev sahibi ilə hal-əhval tuturuq. Dünyagörmüş kənd qadını qış aylarında evlərimizdə hazırlanan yeməklərdən danışır. O deyir ki, bu kəndə gələn qonağı dadlı təamlarımızın dadına baxmadan, dağlarımızdan yığdığımız çaşır, baldırğan, sobu kimi turşularımıza qonaq etmədən yola salmarıq. Qışın ən dadlı yeməyidir bişirdiyimiz aşlar. Kənd camaatı da tez-tez qurut və əriştə aşı bişirər ki, soyuq, şaxtalı havada canları isinsin. Belə günlərdə qışın sevimli yeməkləri xəstəliklərlə mübarizə üçün də mükəmməl çarədir. Süfrə arxasında əyləşib bu təamlardan dadırıq. Evdə gözoxşayan qədimi, əl işi ilə toxunan xalçalar daha çox diqqətimizi çəkir. Ayna Əliyeva deyir ki, bizdə qədimdən adətdir ki, qış fəsli gəldikdə xalça, kilim, yun isti köynəklər, corablar toxunsun. Uzun qış gecələri qonşular, yaxın qohumlar bir-birinin evinə yığışıb mehribancasına söhbət edir, əlimizi də boş saxlamırıq, toxuculuqla məşğul oluruq. Burada Ayna xalanın qonşusu Narın Allahverdiyeva  da söhbətimizə qoşulur:  “Mən bu kəndə Qarabağdan gəlin gəlmişəm. Kəndin çox qədim və maraqlı adətləri var. Bu adətləri buraya gəldikdən sonra öyrənmişəm”.

Bəzən bu kəndə qonaq gələnlər ucqar dağ kəndində yaşamaq çox çətindir deyə düşünürlər. Ancaq söhbət etdiyimiz boyəhmədlilər, burada gördüklərimiz bizdə bu fikri yaratdı ki, bu gün kənddə yaşamaq şəhərdə yaşamaqdan daha asandır. Çünki artıq kənd sakinlərinin bütün qayğıları həllini tapıb. Kənd camaatı daha qış üçün nə odun tədarükü edir, nə də sıxıntı çəkir. İndi bütün kəndlərimiz bura gələnləri təəccübləndirir. Onlarda dərin təəssürat yaratmaq üçün heç də qeyri-adi təbiət möcüzəsi axtarmaq lazım deyil. Onsuz da kəndlərimiz özünün qədim və yeni tarixi, coğrafi mövqeyi və ətraf landşaftı, özünəməxsus kənd məhsulları ilə hamını heyrətə salır. Qonaqları heyrətləndirən isə gözəlliyə bürünmüş yeni libası ilə bütün kəndlərimizdə yaradılan şəraitdir. Bir vaxtlar kəndin şəraitsizliyi ucbatından buradan getmiş sakinlər artıq geri qayıdır. İnsanların nəinki su problemi həll edilib, hər bir evdə təbii qaz, fasiləsiz elektrik var, rabitə xidməti yüksək səviyyədədir, sürətli internet xətti hər kəsin istifadəsindədir. Bir vaxtlar xəstələnən insan rayon mərkəzinə müxtəlif əziyyətlərlə çatdırılırdısa, bu gün sakinlərin istifadəsinə verilən kənd mərkəzlərinin binalarında həkim ambulatoriyaları, feldşermama məntəqələri bu çətinliyi də aradan qaldırıb. Bir sözlə, Boyəhməd kəndində, eləcə də bütün kəndlərimizdə müasir infrastrukturun yaradılması, yeni sosial obyektlərin istifadəyə verilməsi insan amilinə göstərilən dəyərin ifadəsidir. Aparılan quruculuq işləri kəndlərdə idarəetmənin səmərəli təşkilinə, gənc nəslin hərtərəfli təhsil almasına, məskunlaşmanın artmasına, sakinlərin isə rahat və firavan yaşayışına xidmət edir.

                                                              Səriyyə Salahova

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: