Ötən il muxtar respublikada 483 milyon 441 manat kənd təsərrüfatı məhsulları istehsal olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib. İclasda nazir Bəhruz Bayramov bildirib ki, ötən il muxtar respublikada 483 milyon 441 manat kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2020-ci illə müqayisədə 4 faiz çoxdur.

Vurğulanıb ki, 2021-ci ilin məhsulu üçün 32 min 721 hektar sahədə taxıl əkini aparılıb. 

Diqqətə çatdırılıb ki, muxtar respublikaya yeni texnika və texnoloji avdanlıqların gətirilib lizinq xətti ilə satılması da işin səmərə və keyfiyyətini xeyli artırıb. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 327-si 2021-ci ildə olmaqla, cəmi 3402 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq muxtar respublikaya gətirilib. Onlardan 2591-i lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 277-si isə nağd və ya köçürmə yolu ilə satılıb. 

Bildirilib ki, Şahbuz rayonunun Külüs, Nursu və Mahmudoba kəndləri ərazisində 340 hektar sahəni su ilə təmin edən nasos stansiyasının tikintisi başa çatdırılıb. Hazırda həmin ərazidə qapalı suvarma şəbəkəsi qurulur.

Əhalinin yerli ərzaq məhsulları ilə təminatında və emal sənayesinin inkişafında mühüm yer tutan heyvandarlıq sahəsi üzrə də müvafiq işlər görülüb, bu sahənin inkişafı məqsədilə cari ilin ötən dövründə 13 milyon 494 min manatdan artıq kredit verilib. 

Nazir Bəhruz Bayramov bildirib ki, 2021-ci ilin may ayında arıçılıqla məşğul olan sahibkarlara güzəştli şərtlərlə 997 min 400 manat kreditlər verilib. 2000-ci ildə 12 min 620 arı ailəsi olduğu  halda, 1 yanvar 2021-ci ildə 99 min 935 arı ailəsi qeydə alınıb.

Məruzə ətrafında müzakirələrdə çıxış edənlər təmsil etdikləri qurumlar tərəfindən 2021-ci ildə görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs ediblər.

İclasın sonunda illik tədbirlər planı təsdiq edilib.

 

Məhəmməd  Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: